İrandan növbəti Qarabağ xəyanəti

16-10-2019, 13:54   


İrandan növbəti Qarabağ xəyanəti

İran Azərbaycanın işğal olunmuş ərazilərində ermənilərlə iş birliyini davam etdirir. 

Oktyabrın 14-də Şuşa şəhərində erməni-İran elmi mədəniyyət mərkəzinin açılışı olub. Mərkəzin açılışında çıxış edən Dağlıq Qarabağdakı qondarma rejimin rəhbəri Bako Saakyan layihənin “İdeya” fondu və Şərq tarixi irsinin mühafizəsi Fondu tərəfindən icra edildiyini deyib. 

O, Şuşada yaradılan bu mərkəzin erməni-İran əlaqələrinin, dinlərarası və sivilizasiyalar arası dialoqun möhkəmlənməsində, Şuşada turizmin inkişafına mühüm rol oynayacağını bəyan edib.

Politoloq İlqar Vəlizadə “Cümhuriyət” qəzetinə bildirib ki, Azərbaycan Xarici İşlər Nazirliyi və İranın ölkədəki səfirliyi İranın müvafiq strukturlarına rəsmi müraciət göndərməlidir:

“Məsələ burasındadır ki, İranın Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Bu halda İran Azərbaycanın maraqlarına zidd olan təşəbbüslərin iştirakçısı ola bilməz. Bu məsələ öz əksini iki ölkə arasında qarşılıqlı sazişlərdə tapıb. Azərbaycanın hüquqi müstəvidə hərəkət etməyinin əsası var və biz bunu etməliyik. Əgər, doğrudan da, İran tərəfi bəyan etdiyi kimi, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirsə, təxribatçı hərəkətlərin qarşısını alırlarsa, bunu əməldə də göstərməlidirlər. Hər halda, söhbət Azərbaycanın işğal olunmuş ərazilərindən gedir. Azərbaycanın mövcud qanunlarına görə, ölkə sərhədlərini qanunsuz keçənlər cinayət məsuliyyəti daşıyır. Azərbaycanın icazəsi olmadan Dağlıq Qarabağa edilən bu cür səfərlər beynəlxalq hüquq normalarının və milli qanunvericiliyin kobud şəkildə pozulmasıdır. Bu, qəbuledilməzdir, Dağlıq Qarabağa qanunsuz səfər edənlər bunu nəzərə almalıdır. Hesab edirəm ki, həmin şəxslərə qarşı müəyyən tədbirlər görülməlidir. Azərbaycan bunu tələb edə bilər. Bu məsələyə İran rəsmi orqanları münasibət bildirməlidir və bu şəxslərlə bağlı konkret tədbirlər görülməlidir. Azərbaycan Xarici İşlər Nazirliyi prosesləri sonuna qədər izləməli və müraciətlərinin nə dərəcədə icra olunmasına diqqət yetirməlidir”.

Politoloq onu da qeyd edib ki, son illər Azərbaycan ərazilərinə qanunsuz səfərlərlə yanaşı, bəzi xarici şirkətlər də bu ərazilərdə iqtisadi fəaliyyətlə məşğuldur: 

“Bu səylərin artması acınacaqlıdır faktdır. Beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması yolverilməzdir”.

Yeganə Oqtayqızı
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.