Dekabrın 27-də Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. Mərkəzi Seçki Komissiyası və dairə seçki komissiyaları seçki hazırlıqlarına başlayıblar. Seçki komissiyalarının üzvlərinə seminarlar keçirilir.
Bugünlərdə daxili işlər nazirinin müavini və baş prokurorun birinci müavininin də iştirak etdiyi seminarda Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov dairə seçki komissiyalarının sədrlərini ölkəyə “seçki vasitəsilə müdaxilə cəhdi” ola biləcəyi barədə xəbərdar edib. O, deyib ki, dairə seçki komissiyalarının sədrləri seçkilərin ölkə üçün nə dərəcədə önəmli olduğunu bilməlidirlər. MSK sədri bildirib ki, Azərbaycanda seçki sistemi Avropa standartlarına uyğunlaşdırılıb. Sitat: “Seçki sistemi təkmilləşdirilib, zamanla qanunvericiliyə müvafiq dəyişikliklər edilir. Ölkədə seçkilərin təşkilində siyasi iradə ortada olub. Müəyyən qarşıdurmaya cəhdlər olub. Amma bunlara baxmayaraq nailiyyətlər əldə etmişik. MSK-nın seçki işi ilə əlaqəli olan beynəlxalq qurumlarla əməkdaşlığı davam edir. Bəzi hallarda Azərbaycandakı seçki sistemini bəyənməyiblər, biz onlara izah etmişik, müzakirələr aparmışıq. Hazırda ucqar rayonlarda da səsvermənin həyata keçirilməsi üçün bütün şərait yaradılıb. Bununla belə, arxayınlaşma olmamalıdır. Bilirsiniz ki, seçki vasitəsilə ölkəyə müdaxilə etməyə cəhd edə bilərlər. Dünya durduqca bu cür problemlər də olacaq, çəkinmək lazım deyil. Dairə seçki komissiyalarının sədrləri xoşagəlməz halların baş verməsindən sığortalanmayıb. Seminar-müşavirə keçiririk ki, xoşagəlməz halların sayı az olsun”.
Siyasi analitiklər hesab edir ki, Məzahir Pənahovun belə bir xəbərdarlıq etməsi əsassız ola bilməz. Böyük ehtimalla hakimiyyətdə hansısa mühüm informasiyalar var və istisna deyil ki, həmin informasiyalar M.Pənahova da çatdırılıb. MSK sədri də bunu xəbərdarlıq formasında dilə gətirib.
Bəs beynəlxalq səviyyədə xaricdən seçkilər vasitəsilə hansı şəkildə müdaxilə ola bilər? Müdaxilədə məqsəd, hədəf nə ola bilər?
Beynəlxalq məsələlər üzrə ekspert Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Məzahir Pənahovun həmin çıxışı ilə tanış olanda çox təəccüblənib. Həmin müşavirədə - dairə seçki komissiyalarının sədrləri ilə keçirilən iclasda prezidentin köməkçisi Zeynal Nagdaliyev də iştirak və çıxış edib: “Zeynal Nağdəliyev çıxışında bildirib ki, seçkinin şəffaf keçirilməsini təmin etmək lazımdır, seçici siyahıları dürüst olmalıdır və s. Bundan sonra MSK sədri ideal seçici siyahısının tərtib edilməsinin mümkünsüzlüyünü, seçkilərə xaricdən müdaxilə ola biləcəyini deyir. Belə bəyanat MSK sədrinin verəcəyi bəyanat deyil. Bu cür açıqlamaları hüquq-mühafizə və ya xüsusi xidmət orqanları verə bilər ki, onlardan belə bir açıqlama bu günə qədər olmayıb.
Zeynal Nağdəliyev
Digər tərəfdən, xaricdən seçkiyə hər hansı müdaxilə konkret maraq və məqsədlərə xidmət etməlidir. Xaric nə vaxtdan Azərbaycanda bələdiyyə seçkilərinə ciddi maraq göstərib? Bu gün nəinki adi vətəndaşlarımız, hətta üzdə olan siyasi partiyaların üzvləri belə, bələdiyyə seçkilərində iştirak etmək istəmirlər".
“Azərbaycan əlverişli coğrafiyada yerləşdiyindən burada baş verən siyasi proseslər bir çox xarici güclərin maraq dairəsində həmişə olub” deyən müsahibimizin fikrincə, əsasən bu maraq prezident seçkiləri dövründə daha çox hiss olunur ki, buna da müdaxilə adı vermək olmaz: “Bütün dünyada belə tendensiyalar var. Hətta Aİ ölkələrinin milli seçkilərinə də xaricdən maraqlar həmişə olub və hərə özünə münasib bir qüvvənin hakimiyyətdə təmsil olunmasını istəyib. Bu, dünya siyasi praktikasında hər zaman rastlaşdığımız haldır və artıq uzun müddətdir ki, bu hal adi qarşılanır. Hazırda isə Azərbaycanla bağlı bu tendensiya müşahidə olunmur. Qəfildən, forsmajor nə isə olacaqsa, bu başqa məsələ. Odur ki, Məzahir Pənahov niyə o cür açıqlama verib, açığı, çox maraq doğurur”.
Mövzu ilə bağlı “Yeni Müsavat”a adının çəkilməməsi şərti ilə danışan bir başqa ekspert isə bildirdi ki, M.Pənahovun məlum bəyanatı boşuna deyil. Onun fikrincə, Azərbaycana seçki yolu ilə müdaxilə cəhdi hər zaman olub: “2002-ci ildə Azərbaycanda referendum keçirildi. O vaxt siyasi müxalifət və tənqidçi media bunu çox tənqid etdi. Həmin referendumdan sonra Milli Məclisin səlahiyyətləri xeyli kiçildildi. Hakimiyyət iyerarxiyasında MM sədri ikinci idi. Referendumdan sonra baş nazir dövlətin ikinci şəxsi oldu. Bunu şərtləndirən səbəb o vaxt Qərb dairələrinin Azərbaycan Milli Məclisinə həddən artıq maraq göstərməsi idi. Hakimiyyətdə belə bir informasiya vardı ki, Qərb bizim deputatlarla təmaslar qurur, onların müxtəlif adlarla qrup şəklində səfərlərini təşkil edir, təlimatlandırır, təşkilatlandırır və özünü təsir dairəsinə salmağa cəhd edir. Bundan sonra hakimiyyət referenduma getməyə qərar verdi. Milli Məclisin funksiyalarını azaltdı. Zaman-zaman parlamentin tərkibini qeyri-siyasi deputatlarla zənginləşdirdi. Müğənnilərin, aktrisaların, əsasən də iş adamlarının MM-ə deputat seçilmələri təmin edildi”.
Müsahibimiz bildirdi ki, bu təhlükə bu gün də qalır: “Qərb təşkilatları Azərbaycanda xeyli adama seçki təlimləri keçib. Bu adamların seçki komissiyalarına salınması, onların əli ilə seçkinin nəticələrinə təsir edilməsi ilə bağlı məlumatlar var. Əslində Məzahir Pənahovun dedikləri bələdiyyə seçkilərinə yox, Milli Məclis seçkilərinə aiddir. Amma həmin təlim keçmiş naməlum adamlar olsun ki, builki bələdiyyə seçkilərində məşq edib, güclərini növbəti parlament seçkilərində göstərsinlər. Xatırlayırsınızsa, bu ilin əvvəllərindən başlayaraq erkən parlament seçkilərinin keçiriləcəyi haqda xəbər yayılırdı. Görünür, hakimiyyət məhz bu məlumatdan sonra erkən seçkini təxirə salmalı olub. Gizli şəkildə xaricdə seçki təlimi keçmiş adamları müəyyən etmək üçün vaxt udmaq istəyir”.
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”