Qardaş Türkiyənin Suriyadakı antiterror əməliyyatını ən böyük həyəcan və diqqətlə izləyənlər heç sübhəsiz, ermənilər - Ermənistan və Dağlıq Qarabağdakı separatçı-kriminal rejimin təmsilçiləridir. Bu narahatlıq və həyəcan o dərəcədə güclüdür ki, hətta Suriya erməniləri Türk qoşunları ilə vuruşmaq üçün batalyon yaradıblar.
Təbiidir. Ona görə ki, Suriyada xeyli ölçüdə təkcə kürd-PKK terrorçuluğunun deyil, həm də onun tarixi müttəfiqi - türk qanına susayan erməni terrorizminin taleyi həll olunur. Odur ki, “Qara məni basınca mın qaranı basım” prinsipi üzrə erməni ultramillətçi-şovinist-faşist-terrorçu ünsürlər əl-ayağa düşüb, hərəkətə keçiblər. Başqa sözlə, onların kürdlərə dəstəyi əsla sonuncuları yox, özlərini qorumaq instinktindən qaynaqlanır.
Maraqlıdır ki, bu fonda srağagün İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyan və Dağlıq Qarabağdakı separatçı rejimin başçısı, “Kremlin tulası” ayamasını daşıyan Bako Saakyan arasında görüş keçirilib (Teleqraf). Görüşdən öncə Paşinyan deyib: “Bugünkü görüşümüz son vaxtlar baş tutan görüşlər, müzakirələr və təəssüratları bölüşmək məqsədi güdür”.
Öz növbəsində separatçıbaşı Bako Saakyan “bir sıra əlamətdar hadisələrin baş verdiyini” bildirib və əlavə edib: “Mən sizə bütün bunlar barədə məlumat verəcəyəm”. Sözsüz ki, söhbət həm də regionda ermənilərin əleyhinə yaşanan yeni və mühüm gəlişmələrdən gedir.
*****
İrəvandakı Paşinyan-Saakyan görüşü Azərbaycanın son vaxtlar beynəlxalq arenada işğalçı Ermənistana qarşı bir-birinin ardınca etdiyi diplomatik həmlələrindən sonraya təsadüf eləməsi ilə xüsusi diqqət çəkir. Azərbaycanın maraqlarına cavab verən bir sıra hadisələr fonunda belə bir təcili görüşün reallaşması tamamilə məntiqlidir.
Belə ki, oktyabrın 3-də Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında Azərbaycan prezidenti tarixi çıxış edib. Bir neçə gün sonra - oktyabrın 11-də isə İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında N.Paşinyana tutarlı cavab verib. Eyni zamanda Paşinyan-Saakyan görüşünün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünün keçirildiyi günlərdə baş tutması da təsadüfi hesab oluna bilməz.
Görünür, “tərəflər” məhz son vaxtlar baş verən bütün bu faktları ciddiyə alaraq, Ermənistanın və separatçı rejimin mövqelərinin zəiflədiyini anlayıblar və məsələhətləşmələr aparmaq qərarına gəliblər. Paralel surətdə düşmən tərəfin təmsilçilərinin hazırda bölgədə səfərdə olan ATƏT-in Minsk Qrupu həmsədrlərinə Azərbaycandan gileyləndikləri haqda məlumatlar gəlməkdədir. Onların arasında saxta “prezident” Bako Saakyanın saxta “aparat rəhbəri” David Babayan da var.
“Yeni Müsavat”ın məlumatına görə, 1in.am erməni saytına müsahibəsində bu soyadı türk kökənli separatçı Xankəndində həmsədrlərlə görüş öncəsi belə deyib: “Hər şeydən əvvəl, həmsədrlərin bu səfərləri danışıqlar prosesinin vərəsəliyini saxlamağa imkan verir. Biz onlarla ənənəvi mövzularda danışacaq, regiondakı situasiyanı müzakirə edəcəyik. Təbii ki, İlham Əliyevin ”Qarabağ - Azərbaycandır, nida" bəyanatı ilə bağlı da danışacağıq. Bilirsiniz, bu, artıq Azərbaycanın mövqeyini göstərir. Buna kimi də oxşar bəyanatlar verilib, İrəvan onlarındır və s. Təbi ki, son bəyanata toxunulacaq. Biz bir daha vurğulayacağıq ki, belə yanaşma nizamlamaya kömək eləmir, əksinə, situasiyanı daha da qəlizləşdirir".
Babayan ardınca başılovlu deyib: “Biz, ümumiyyətlə, ayıq-sayıq və yekdil olmalıyıq. Görürsüz, Suriyada nələr baş verir? Türkiyə bütün beynəlxalq qaydaları və hüququ pozaraq bu ölkəyə girib. Biz belə vəziyyətdə mütəşəkkil olmalı, düzgün geosiyasət aparmalı və reallıqlardan uzaq düşməməyə çalışmalıyıq”.
Separatçının büruzə verdiyi panik ovqat, müharibə xofu sözsüz ki, işğal altındakı bölgəmizdə hökm sürən ovqatdan xəbər verir. Babayanlar, saakyanlar yaxşı bilirlər ki, günün birində “tələ sahibi” - Azərbaycan işğalçılarla bağlı öz son və qəti sözünü deyəcək.
“Sadəcə, görmək lazımdır ki, bütün bu vaxt ərzində Azərbaycan qoşunların təmas xəttində hansı mühəndis işlərini görüb. Xüsusən də müdafiə döyüşlərinin, hücum döyüşlərinin aparılması, hava müşahidəsi, gündüz müşahidəsi, gecə müşahidəsi üçün. Gedin görün və əmin olun ki, Nikol Paşinyanın operativ əlaqəsi antierməni mahiyyəti daşıyır, təhlükəlidir və bizim təhlükəsizliyimizi təhdid edən anlaşmadır”.
Bu sözləri isə qarabağlı keçmiş erməni səhra komandiri-general Vitali Balasanyan deyib (Virtualaz.org). Bundan əvvəl Balasanyan Nikol Paşinyana fiziki divan tutmaqla hədələmişdi. Daha sonra o, Paşinyanın Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtariyyət statusuna razılaşdığını iddia edib. Balasanyan bildirir ki, onun özünün mənbələri var və Paşinyanın Əliyevlə nədən danışdığını, hansı anlaşma əldə etdiklərini bilir...
*****
Qeyd edilən nüanslar düşmən tərəfdə, özəlliklə də separatçılar arasında müharibədən yana güclü bir xofun yaşandığına şübhə saxlamır. Qardaş Türkiyənin uğurlu “Barış Pınarı” əməliyyatı bu xofu sözsüz ki, kritik həddə çatdıracaq. Xofda olan düşməni cəzalandırmaq isə qat-qat asandır...
“Yeni Müsavat”ın analitik xidməti