“Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanın icrası ilə əlaqədar 602 min vətəndaşın kompensasiya çərçivəsinə, 300 mindən artıq vətəndaşın isə kreditlərin restrukturizasiyası çərçivəsinə düşməsi ilə bağlı siyahı müəyyən edilib”.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) mətbuat xidmətindən verilən məlumatda bildirilib.
Qeyd olunub ki, 1 oktyabr 2019-cu il tarixinə kompensasiya hesablanmış vətəndaşların 98%-nə ümumilikdə 633.2 milyon manat həcmində ödənişlər olunub ki, bu da cəmi ayrılmış məbləğin 97%-ni təşkil edir:
“Eyni zamanda, Fərman çərçivəsində banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinən faiz və dəbbə pullarının həcmi 204.9 milyon manatdan çox təşkil edib. 42 min borcalanın kreditləri tamamilə bağlanıb, problemli kreditlərin illik 1% olmaqla 5 il müddətinə restrukturizasiyasına başlanılıb.
1 oktyabr tarixinə 76 334 borcalanın 153.8 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilib. Qeyd edək ki, restrukturizasiya prosesi cari ilin sonunadək davam edəcək”.
Rəsmi məlumata görə, bunlarla yanaşı, hesablanmış kompensasiya məbləğləri və vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası ilə bağlı yaranan narazılıqlarla əlaqədar vətəndaşların müraciətlərinə baxılması və həlli məqsədilə Apellyasiya Komissiyası yaradılıb:
“Vətəndaşların onlayn qaydada müraciət etmək imkanlarının təmin edilməsi məqsədilə Apelyasiya Komissiyasının elektron portalı (www.ak.fimsa.az) da istifadəyə verilib. Müraciətlərin edilməsi prosesində vətəndaşların rahatlılığının təmin olunması nəticəsində ilkin dövrlərdə Apellyasiya Komissiyasına çoxsaylı müraciətlər daxil olub. Xüsusilə, cari ilin aprel-may aylarında Apellyasiya Komissiyasına daxil olan müraciətlərin sayı 35 917, müraciətçilərin sayı isə 25 704 olub. Müraciətlərin çoxluğuna və əksər hallarda fərdi qiymətləndirməyə zərurətin yaranmasına baxmayaraq, həmin dövrdə edilmiş bütün müraciətlər cavablandırılıb.
Bütövlükdə, 15 oktyabr 2019-cu il tarixinə Apellyasiya Komissiyasına 27 384 nəfər vətəndaşdan müraciət daxil olub ki, bunlardan 27 095 vətəndaşın müraciəti cavablandırılıb, 289-u isə hazırda Apellyasiya Komissiyasında baxılma mərhələsindədir”. (modern.az)