“Azərbaycanda 4000 şagirdin sinifdə qalması təhsil sistemi üçün narahatedici məqamdır. Hər bir hala baxılır və analiz edilir".
Virtualaz.org xəbər verir ki, bunu təhsil naziri Ceyhun Bayramov bu gün keçirdiyi mətbuat konfransında deyib.
Nazir bildirib ki, qanunvericilikdə şagirdlərin sinifdə saxlanılmasının xüsusi meyarları var. Meyarlara əsasən orta ümumtəhsil məktəblərində təhsil səviyyəsində şagirdin il ərzində 4 və daha çox fəndən davamiyyətsizliyi varsa, onda şagird sinifdə saxlanıla bilər. Fənlərin sayı 4-dən azdırsa, yay tapşırıqları verilir. Tapşırıqların nəticəsi olaraq tədris öncəsi onların bilikləri yenidən qiymətləndirilir və növbəti sinfə keçirilir.
Azərbaycanda 1 milyondan çox şagirdin təhsil aldığını deyən nazir qeyd edib ki, əgər sinifdə saxlanılan şagirdlərin sayı 4000-dən çoxdursa, deməli, onlar bir çox fənlərdən proqramı mənimsəyə bilməyiblər. Yaxud da üzrsüz səbəbdən uzun müddət dərslərdə iştirak edə bilməyiblər. Bu da tədris proqramının mənimsənilməməsi üçün daha bir səbəbdir.
Nazir məktəblərin nəqliyyat vaditələri ilə təminatı sualına cavab olaraq bildirib ki, ayrı-ayrı məktəblərə nəqliyyat vasitələrinin verilməsi gündəmdə deyil.
Bakı Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətləri tərəfindən bu məsələlərin düzgün planlanması və tənzimlənməsi müzakirə edilir. Nazir əlavə edib ki, yeni ərazilərin planlaşdırılması zamanı bu məsələlər diqqət mərkəzində saxlanılmalıdır. Bu istiqamətdə dövlət tərəfindən həyata keçirilən layihələr var. Şagird kontingentinin sıxlığını və gediş-gəlişlə bağlı problemləri xüsusilə kortəbii inkişaf gedən ərazilərdə müşahidə edirik. Əfsuslar olsun ki, belə ərazilər mövcuddur.