Türkiyə Silahlı Qüvvələri Suriya Milli Ordusu ilə birlikdə Suriyanın şimalında başladığı “Barış Pınarı” antiterror əməliyyatı davam edir. Məqsəd Türkiyə-Suriya sərhədini terrorçu PKK/YPG-PYD və İŞİD qruplaşmalarından təmizləmək, terror dəhlizinin yaradılmasına imkan verməmək, Suriyada əmin-amanlığın yaradılmasına nail olmaqdır.
Suriyadakı kürd qüvvələri isə İŞİD-ə qarşı əməliyyatların dayandırıldığını elan edib. Çünki Suriya və Rusiya qoşunları əsas sərhəd şəhərinə - Ayn əl-Ərəbə (Kobane) giriblər. Hətta ABŞ “Bitlz” kimi tanınan iki İŞİD terrorçusunu Suriyadan çıxarıb. Prezident Donald Tramp bildirib ki, İŞİD-çilərin çıxarılması Türkiyənin Suriyada başladığı hərbi əməliyyatlarla əlaqədardır.
Həmin İŞİD-çilər ABŞ-ın nəzarətində olan daha təhlükəsiz yerə aparılıb. Yeri gəlmişkən, İŞİD və digər ekstremist silahlı təşkilatlarda azərbaycanlılar da var. Onların bəziləri Suriya və İraqda döyüşlərin ən ağır vaxtında öldürülüblər.
Azərbaycana dönərkən həbs edilənlər də olub. Elə bugünlərdə “Abu İbrahim Dağıstani” ləqəbi ilə fəaliyyət göstərən 1971-ci il təvəllüdlü Güləliyev Bəhram Tağıbəy oğlu və dəstəsi yaxalanıb. Bu, o deməkdir ki, hələ də İŞİD-in sıralarında azərbaycanlılar var.Onların sayı dəqiq bilinməsə də, görünür, Türkiyənin Suriyada başladığı əməliyyatlara qarşı döyüşlərdə iştirak edirlər. Zaman-zaman azərbaycanlı “cihad”çılar ölkəmizi təhdid ediblər, videomüraciət yayaraq terrorla hədələyiblər.
Türk ordusunun Fərat çayının şərqində antiterror əməliyyatlarına başlaması ilə İŞİD-çi azərbaycanlıların aqibəti necə olacaq? Onlar türk əsgərinə güllə atacaq, yoxsa Azərbaycana gizli şəkildə qaçmağa çalışacaqlar?
Bu mövzuda danışan “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu düşünmür ki, Suriyada İŞİD-ə qoşulmuş azərbaycanlı çox qalıb. Politoloqun “Yeni Müsavat”a dediyinə görə, terrorçulara qoşulmuş azərbaycanlıların bir qismi öldürülüb, bir hissəsi Azərbaycana keçərkən həbs olunub: “Elə bu yaxında növbəti dəstə yaxalandı. Əgər Türkiyəyə qarşı döyüşlərə qatılsalar, elə orada da öldürüləcəklər. Kürdlərin nəzarət etdiyi bölgələrdən İŞİD-çilər qaçıblar. Amma onların sırasındakı azərbaycanlıların risk edərək Türkiyə üzərindən Azərbaycana qayıdacağını gözləmirəm”.
Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Mirinin qəzetimizə bildirdiyinə görə, Suriyada qalan İŞİD-in tör-töküntüləri artıq əvvəlki qədər aktiv deyil. Politoloq qeyd etdi ki, onlar Amerikanın dəstəklədiyi PKK və YPG tərəfindən həbsxanalarda saxlanılırlar: “Amerika tərəfinin verdiyi qeyri-rəsmi məlumatlara görə, onların sayı 10 min nəfərə yaxındır. Türkiyə rəsmiləri isə həbsxanalarda 2-3 min İŞİD-çi saxlandığını bildirirlər. Ona görə də son vaxtlarda İŞİD terror birləşməsinin bu bölgədə hərbi əməliyyatlar keçirdiyi olmayıb. Bu baxımdan Türkiyənin Suriyanın şərqində başladığı əməliyyatlara qarşı azərbaycanlıların da olduğu İŞİD bir o qədər dirəniş göstərə bilmir”.
N.Miri güman etmir ki, İŞİD-ə qoşulmuş azərbaycanlılar türk ordusuna atəş açar: “Bu terror qruplaşmasında sayca azərbaycanlılar az olsalar belə, Türkiyə ordusuna qarşı birmənalı şəkildə vuruşmalarını gözləmirəm. İstisna hal ola bilər. Ancaq İŞİD-ə qoşulmuş azərbaycanlılar bu qədər hadisələrdən sonra anlamış olarlar ki, bu təşkilatın məqsədi İslam xilafəti yaratmaq idi və Qərb institutlarının təlimatı əsasında fəallaşırdılar”.
Analitik onu da bildirdi ki, Suriya ərazisində PKK və YPG silahlılarına erməni terrorçuları daha çox dəstək verir: "Yeni erməni terror təşkilatı var və Suriyada türk ordusuna qarşı döyüşəcəyini, kürd terrorçularına dəstək olacağını bəyan edib".
N.Mirinin sözlərinə görə, İŞİD zəiflədikdən sonra qeyri-rəsmi yolla oradakı azərbaycanlılardan ölkəyə qayıdanlar olub: “Bu haqda xüsusi xidmət orqanları da məlumatsız deyil. O baxımdan həmin şəxslər tapılaraq zərərsizləşdirilir. Habelə bu günlərdə Əfqanıstan, Pakistan, Suriyadakı döyüşlərdə iştirak etmiş, partlayıcı qurğular hazırlayan azərbaycanlı və dəstəsi həbs edildi. Amma İŞİD-in sıralarında yenə də azərbaycanlılar var və onlar qayıtmaq istəyirlər. Sadəcə, geri qayıdarkən cinayət məsuliyyətinə cəlb olunacaqlarını bildiklərinə görə tərəddüd edirlər. Eyni zamanda PKK və YPG-nin həbsxanalarında saxlanılan İŞİD-çilər arasında azərbaycanlı olmamış deyil. Əgər Türkiyə ordusu Suriyada başladığı əməliyyatları uğurla başa vursa, dustaq edilən İŞİD-çi azərbaycanlılar ölkəyə göndərilə bilər. Türkiyə prezidenti Ərdoğanın da açıqlaması var ki, bu şəxslər mühakimə olunmaq üçün öz ölkələrinə göndəriləcəklər”.
Qeyd edək ki, Türkiyənin müdafiə naziri Hulusi Akar əllərində bir həbsxana olduğunu açıqlamışdı: “O da İŞİD həbsxanası. Onun da getdiyimiz vaxt YPG-lilər tərəfindən boşaldıldığını gördük. Bunları da foto və video ilə qeyd etdik və tərəflərlə müzakirə apardıq”.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”