Vitali Portnikov
“Obozrevatel”, Ukrayna, 16 oktyabr 2019-cu il
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna prezidenti Vladimir Zelenskinin Krım məsələsinin “Normand formatı”nda müzakirə edilməsi təşəbbüsünə reaksiya verərək, növbət dəfə Krım məsələsini “qapalı” adlandırıb.
Ancaq Peskovdan da, istənilən digər rus məmurundan da belə bir reaksiya tamamilə gözləniləndir. 2014-cü ildən, “Krım Respublikası” və Sevastopolun federasiya subyekti kimi Rusiya konstitusiyasına daxil edilməsindən sonra Rusiyada heç kim sizə başqa cür cavab verə bilməz.
Və əslində, bu, yəni Donbas deyil, Krım Rusiya-Ukrayna münasibətlərinin başlıca problemidir. Donbasın gələcəyi məsələsi tez və ya gec tənzimlənəcək. Ola bilər, prezident Zelenski və prezident Putin dövründə olmasın, onların varislərinin dövründə olsun. O da ola bilər ki, varislərin varislərinin dövründə olsun, lakin tənzimlənəcək. Ola bilər, Donbasda atəşkəs daha tez olsun. Bütün bu məsələlər yaxın onilliklərin, hətta mümkündür, illərin məsələsidir. Krım isə…
Düşünürəm ki, Krım uzun müddət başlıca məsələ olaraq qalacaqdır. Və yalnız istənilən Rusiya və Ukrayna prezidentləri dövründə Moskvanın Kiyevlə müzakirə etmək istəmədiyi məsələ kimi qalmayacaq. Ukraynanın özündə olan Rusiyanın “xeyirxahları”nın bu barədə nə düşünməsindən asılı olmayaraq, Rusiya-Ukrayna münasibətlərinin normallaşdırılmasına imkan verməyən məsələ kimi də qalacaq.
Görünür, Kreml üçün yalnız Krım məsələsi qapanmayıb, Rusiya-Ukrayna münasibətlərinin normallaşdırılması məsələsi də qapanıb.
Mənə etiraz edə bilərlər ki, Dnestryanının faktiki işğalına baxmayaraq, Moldova rəhbərliyi Rusiya rəhbərliyi ilə gözəl təmaslar qurur. Abxaziya və Cənubi Osetiyanın faktiki işğalına və hətta bu iki gürcü muxtar qurumunun müstəqilliyinin Rusiya tərəfindən tanınmasına baxmayaraq, Rusiya-Gürcüstan münasibətləri də zaman-zaman yaxşılaşır.
Lakin nəzərə alınmalıdır ki, Rusiya heç bir vaxt Dnestryanının ərazisinə iddia etməyib və Moldovanın ərazi bütövlüyünü daima tanıyıb. Gürcüstanla isə başqa cür alınıb. Lakin bu halda da, Rusiya işğal olunmuş əraziləri öz ərazisinin bir hissəsi hesab etmir.
Görünür, Dnestryanı və ya Abxaziya Krım deyil, təcavüzdən onilliklər sonrakı Donbasdır.
Krım isə Krımdır. Müharibə sonrası beynəlxalq hüquqda Rusiyanın bu ilhaqının analoqu sadəcə olaraq yoxdur. Və hətta fərz etsək ki, ukraynalılar açıq bir kollaborasionisti özlərinə prezident seçiblər, istənilən halda, Rusiyanın bu dostu onun ölkəsinin bir hissəsini işğal etmiş bir ölkəyə səfər etməli olacaq. Və Moskvada onunla hətta bu işğal faktının özünü müzakirə etməkdən imtina edəcəklər. Çünki Rusiyanın nöqteyi-nəzərincə, Krım problemi asan – Ukrayna konstitusiyasına müvafiq düzəliş edilməklə və ya, daha yaxşısı, Ukraynanın özünün Rusiyaya birləşdirilməsilə həll edilə bilər. O halda, hamı yenə bir prezidenti (Putin) olan eyni bir dövlətin tərkibində olacaq.
Aydındır ki, bu, siyasi sayıqlamadır. Lakin məhz buna görə qəbul etməyə dəyər ki, Dmitri Peskov həqiqəti deyib.
Görünür, Kreml üçün yalnız Krım məsələsi qapanmayıb. Rusiya-Ukrayna münasibətlərinin normallaşdırılması məsələsi də Kreml üçün qapanıb.
Tərcümə Strateq.az-ındır