Hər bir dövlət başçısının həyatında şəxsi mühafizəsinin rəisi önəmli rol oynayır. O, kölgə kimi daim öz şefinin yanında olur: maşının qapısını açıb-bağlayır, danışıqlar zamanı stulu çəkir-itələyir, eynək verir, qələm uzadır, çətir tutur, hədiyyələri alır, gözü həmişə başqa mühafizəçilərin üstündə olur və s. Bir sözlə, məhz onlar ölkənin birinci adamını qoruyan birinci şəxs olaraq fəaliyyət göstərirlər.
Belə adamlardan biri də Stalinin yanında olub. 1896-cı ildə Belarusda, kasıb kəndli ailəsində doğulmuş, cəmi 3 sinif təhsili olan, vətəndaş müharibəsinin qəhrəmanı Nikolay Sidoroviç Vlasik Stalinin yanında düz 21 il sədaqətlə işləyib. Onun işi gərgin və məsuliyyətli olsa da, Kolya dəbdəbəli və eyş-işrət dolu həyat yaşamağı da əldən qoymayıb. Lakin Vlasik öz şefi ilə son günədək eyni addımlaya bilməyib. Onun Kremldəki dövranı, kef dolu əyyamı 1952-ci ilin mayında bitib.
1952-ci ilin dekabrında Stalinin şəxsi mühafizəsinin sabiq rəisi, 7 ay əvvəl vəzifəsindən götürülmüş Nikolay Vlasik poqon yoldaşları tərəfindən həbs olunanda belə bir cümlə işlədib: “Məni həbs etdilər, demək, tezliklə Stalin olmayacaq”.
Bu sözdən 2 ay sonra onun dedikləri doğrulub: nəhəng SSRİ-nin amansız diktatoru Stalin həyatını itirib. Vlasikin qızı Nadejda Vlasik 2003-cü ildə “Moskovskiy komsomolets” qəzetinə verdiyi açıqlamada atasının bu fikrini şərh edərək deyib: “O, sadəcə, Beriyaya Stalinə yaxın düşməyə mane olardı, atam onun ölməsinə imkan verməzdi. Atam 1953-cü ilin 1 martındakı digər mühafizəçilər kimi bir sutka qapı dalında dayanıb, Stalinin “ayılacağını” gözləməzdi”.
Vlasik cəmi 3 il təhsil almasına, bisavad olmasına baxmayaraq, şəxsi sədaqəti və öz ağlı, fəhmi hesabına DTN-nın (o zamankı adı ilə Dövlət Təhlükəsizliyi Nazirliyi) general–leytenantı rütbəsinə qədər yüksəlib, rəhbərin övladlarının tərbiyəçisi, asudə vaxtlarının təşkilatçısı olub, onların hər qayğısını çəkib, ailənin bir üzvünə çevrilib, gecə-gündüz işləyib, yataq otağı belə Stalinin otağı ilə yanaşı olub.
Ancaq 1952-ci ilin mayında vəziifəsindən götürülən, həmin ilin dekabrında həbs olunan Vlasiki hərbi rütbəsindən və bütün çoxsaylı mükafatlarından məhrum ediblər.
1953-cü ilin yanvarında “Həkimlər işi” adlanan cinayət işi üzrə mühakimə olunan Vlasikə 10 il sürgün cəzası kəsiblər. Stalinin ölümündən sonra, martın 27-də verilən amnistiyada Vlasikin cəzası 5 ilə qədər azaldılıb. 1956-cı ildə isə o, SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə əfv olunub, məhkumluğu götürülüb, ancaq hərbi rütbəsi və mükafatları bərpa olunmayıb.
Stalinin həyatının ironiyası, yəqin ki, budur: o, sui-qəsd edəcəklərindən şübhələndiy həkimləri və öz sabiq baş mühafizəçisini həbs etdirib, amma məhz ondan sonra ölüb, yeni həkimləri və mühafizəçiləri onu xilas etməyiblər.
Məntiqlə belə çıxır ki, Stalinin ölümünü Vlasikin və həkimlərin torbasını tikənlər istəyirmişlər.
Maraqlıdır ki, Stalinin digər ən yaxın adamı, 20 ildən artıq müddətdə şəxsi köməkçisi vəzifəsini tutan Aleksandr Poskrebışev də rəhbərin ölümündən bir az əvvəl onun yanından kənarlaşdırılıb. Poskrebışevı bir sıra mühüm sənədlərin yoxa çıxmasında günahlandırıb vəzifəsindən götürüblər, amma sonradan həmin sənədlər tapılıb. Məlum olub ki, onları Beriya qəsdən gizlədibmiş.
Əslində Vlasikə qarşı qaldırılmış cinayət işi o dərəcədə də qondarma olmayıb, amma irəli sürülmüş ittihamların bir xeylisi gülünc olub. O boyda vəzifənin yiyəsinə məhkəmədə bu kimi sual-ittihamlar səsləndirilib: “Niyə qonşun Stenberqin yanında hökumət adamları ilə telefonla danışmısan?;” “Birgə yaşadığın qadınlara “Dinamo” stadionuna niyə bilet vermisən?”; “Yaxın adamlarını teatra apararkən niyə hökumət lojasında oturtmusan?”; “Xarici jurnalistlərlə tanışlığı olan şəxsə Qırmızı meydana daxil olmaq üçün buraxılış vərəqini niyə vermisən?” və s.
General bütün bu “cinayət”lərini səmimi şəkildə etriaf edib, deyib, bunların cinayət olduğunu məhz indi anlayır, belə hərəkətləri edərkən pis niyyəti olmayıb və hadisələrə görə hər hansı bir pis şey baş verməyib.
Bununla belə, onun bəzi dövlət sirlərini, xüsusilə də qonşusu olan ər-arvadın həbs təhlükəsi olduğunu onlara deməsi və müəyyən sənədləri göstərməsi o dövr üçün ciddi cinayət hesab olunub.
Bir də məlum olub ki, Vlasik asudə vaxtlarında spirtli içkilərə və qadınlara həddən artıq meylli olub. O, həyatında çoxlu qadınlar olduğunu boynuna alıb və bildirib ki, dövlət başçısı 1950-ci ildə bununla bağlı ona irad tutandan sonra özünü yığışdırıb.
Məhkəmədə onun üzünə duran qadınlardan biri – İvanskaya deyib ki, Vlasik tez-tez onu və rəfiqələrini dostlarının bağ evinə aparır, orada əyləncəli məclislər qururmuşlar. Bir dəfə qızlardan biri hansısa generala lütfkarlıq edəndə bu, Vlasikin xoşuna gəlməyib və o, naqanını çıxararaq masanın üstündəki qədəhlərə güllə atıb.
Məhkəmə hakimi həmin qadından əri ola-ola əyləncəli məclislərə nə məqsədlə getdiyini soruşanda o, Vlasikin qorxusundan getdiyini deyib və əlavə edib ki, ancaq generalla intim əlaqədə olmaqdan boyun qaçırıb. Vlasik isə deyib ki, elə deyil, İvanskaya özü ona zəng vururmuş və onlar vaxtaşırı yatırmışlar və bu uzun müddət davam edib.
Şahid Stenberq məhkəmədə onun intim əlaqədə olduğu qadınların sayını bilmədiyini desə də, əlavə edib ki, əyləncəli ziyafətlərdə Vlasik müxtəlif qadınlarla bağ evinin otaqlarından birinə çəkilirdi. Vicdanlı şahid deyib: “Amma onlar orada nə edirdilər, bilmirəm”.
Məhkəmə Stenberqin ilkin istintaqa verdiyi ifadəni açıqlamalı olub. Ortaya çıxıb ki, Stenberq istintaqa verdiyi ifadədə Vlasikin 20-dən artıq qadınla paralel cinsi həyat yaşadığını, hətta onu içirdərək onun arvadıyla, xanım Stenberqlə yatdığını, daha sonra bunu həyasızcasına ona danışdığını bildirib.
Beləcə, sovet məhkəməsi işinə səhlənkar yanaşmasını, dövlət sirlərini yaymasını, vəzifəsindən sui-istifadə etməsini, əyyaşlığını, məişət pozğunu olmasını Vlasikə bağışlamayıb və ona 10 il həbs cəzası kəsib.
Sonradan Vlasik öz aqibəti ilə bağlı yazıb: “Mən Stalindən bərk incimişdim. 25 illik qüsursuz xidmətimdə bir töhmətim olmadığı, yalnız mükafatlar və təltiflər qazandığım halda partiyadan çıxarıldım və türməyə atıldım. Mənim hüdudsuz sədaqətimin qarşılığında o, məni düşmənlərin əlinə verdi. Ancaq heç vaxt, bir dəqiqəlik olsa da, hansı durumda olsam da, hansı təhqirə məruz qalsam da, türmədə olduğum vaxt Stalinə qarşı qəlbimdə kin bəsləmədim” (Konkret.az).