Bakıda sanksiyasız aksiyalar keçirilən zaman prosesi müşahidə etmək üçün şəhərin mərkəzinə gələn sabiq baş nazir Pənah Hüseyn saxlanılıb.
Bu barədə onun yanında olan jurnalist Əvəz Zeynallı məlumat yayıb.
Musavat.com-a danışan Əvəz Zeynallı bildirib ki, onlar bir neçə şəxslə prosesi müşahidə üçün şəhərin mərkəzinə gəliblər. Rəşid Behbudov adına Mahnı Teatrının qarşısından 28 maya doğru gedəndə mülki geyimli şəxslər onları dayandırıblar: “Əvvəlcə Pənah bəyi apardılar. Sonra yanımdakı iki şəxslə birlikdə məni maşına oturtmaq istədilər. Təxminən 10-15 mülki geyimli adam idi. "Mən jurnalistəm, problem yaratmayın", dedim, vəsiqəmi təqdim etdim. Onları aparıb məni saxladılar. "Əvəz müəllim, səni tanıyırıq" dedilər və təxminən 45 dəqiqə gözlətdilər. Sonra sərbəst buraxdılar. Vəsiqəmi alıb müşahidəmi davam etdirməyə qərar verdim.
Musavat.com müxbiri Pənah Hüseynin telefonuna zəng edib. Lakin onun telefonu bağlı olub.
Musavat.com