Vitali Portnikov
“Obozrevatel”, Ukrayna, 20 oktyabr 2019-cu il
Amerika qoşunlarının əvvəllər Suriya kürdləri tərəfindən tutulan rayonlardan çəkilməsi, yalnız ABŞ vitse-prezidenti Mayk Pensin rəhbərlik etdiyi heyətin tələsik Ankara səfərindən sonra Türkiyənin bu rayonlarda dayandırılan hərbi əməliyyatı, Türkiyəyə qarşı ABŞ sanksiyalarının tətbiq edilməsi, Suriya-Türkiyə sərhəddində “təhlükəsizlik kəməri”nin yaradılması – bütün bu baş verənlər müşahidəçilərə hər şeydən öncə ABŞ-Türkiyə münasibətlərinin və amerikalılarla Suriyadakı müttəfiqləri arasındakı münasibətlərin eniş-çıxışı haqqında danışmağa imkan verir. Lakin müşahidəçilərin diqqətindən tez-tez o fakt qaçır ki, Donald Trampın Suriyada yaratdığı vəziyyətin başlıca qazananı Rusiya Prezidenti Vladimir Putin oldu.
Donad Trampın ani və müttəfiqlərlə razılaşdırılmayan demarşı növbəti dəfə nümayiş etdirdi ki, heç bir halda ABŞ administrasiyasına, ən azı, Donald Tramp administrasiyasına etibar etmək olmaz. Tramp istənilən an kimi desən satar, hətta ona görə yox ki, bu, məqsədəuyğundur, sadəcə ona görə ki, o, belə istəyir. Və ABŞ administrasiyasının “təmizlənməsi”ndən sonra bu “suveren axmağı” durdura biləcək kimsə qalmayıb.
Əvəzində Putin Suriya kürdləri ilə Bəşər Əsəd rejimi arasında razılaşmada vasitəçi kimi çıxış etdi. İndi Suriya-Türkiyə sərhəddi rejim qoşunlarının nəzarətinə keçməlidir. Və belə alınır ki, Suriya kürdləri – ABŞ-ın ən etibarlı müttəfiqləri özlərinin həyatda sağ qalmaları məsələsində Trampa deyil, Putinə arxalana bilərlər. Mövcud durumda yalnız Putinə… Çünki iki od – Əsədlə Ərdoğan arasında qalanda onları yalnız Putin qoruya bilər.
Bu səbəblə, Tramp Suriyada yalnız kürdləri deyil, özünün avropalı müttəfiqlərini, ilk növbədə orada amerikalılarla birlikdə olan fransızları da taleyin ümidinə buraxdı. Amerikan qoşunlarının gözlənilmədən çıxarılması və ildırımsürətli türk hərbi əməliyyatının başlaması artıq müharibəsonrası onilliklərin misli görünməmiş hadisəsinə – Suriyada NATO üzvü olan iki müttəfiqin, Fransa və Türkiyənin Kobani yaxınlığında baş verən birbaşa toqquşmasına gətirib çıxardı.
Fransızlar Suriyadan çıxmalı olacaqlar. Bu da, əlbəttə, Emanuel Makronun siyasi qüruruna güclü zərbə olacaq. Lakin maraqlı olan odur ki, Paris həmin Suriya kürdlərinin təhlükəsizliyinin təmin olunması məsələsində Vaşinqtona deyil, – bütün bunlardan sonra Vaşinqtona bel bağlamaq təəccüblü olardı, – Moskvaya bel başlayır. İndi aydındır Putin Makronun nəyinə lazımdır? Və yalnız Yaxın Şərqdən söhbət getdikdə deyil…
Həqiqətən, Ərdoğanın ABŞ prezidentinin açıq-saçıq məktubunu zibil qutusuna atmasından və qəbulunda vitse-prezidenti “turşuya qoyması”ndan sonra türk prezidenti ilə yaxşı münasibətlər saxlayan yeganə dünya lideri olaraq Rusiya prezidenti qalır. Tramp və ya Makron deyil, Putin… Və təsadüfi deyil ki, Prezident Ərdoğan artıq bir neçə gündən sonra (22 oktyabr 2019-cu ildə – tərc.) Suriya məsələsinin tənzimlənməsinin detallarını Soçidə müzakirə edəcək.
Qeyd edək ki, həmin vitse-prezident Pens və dövlət katibi Pompeo özləri Ankaraya, Ərdoğanla görüşə gəldilər. Ərdoğanın özü isə Soçiyə, Putinlə görüşə gedir.
Çünki Suriyada aparılan əməliyyatın müharibə deyil, təmizlik olması, Əsəd qoşunları və ya iranlılarla toqquşmaların başlamaması Ərdoğan üçün vacibdir. Putin isə həm Dəməşqlə, həm də Tehranla dialoqda vasitəçi ola bilər. Əvvəllər Vaşinqtonun təmin etdiyi bütün vasitəçilik səviyyəsini indi Moskva təmin edir. Bununla birlikdə, Rusiyanın Suriyada qoşunları var, amerikalılar isə oradan çıxırlar. Və yalnız Rusiya və Türkiyə öz fəaliyyətləriylə Suriyadakı böhran səviyyəsini zəiflətməklə və ya gücləndirməklə, Avropaya köç axınlarına dirijorluq edə bilərlər.
Ədalət naminə qeyd edək ki, Putinin bu uğuru heç də yalnız onun hesablarının və aktivliyinin nəticəsi deyil. Bu, birbaşa ABŞ-ın son iki prezidentinin – məğlubiyyətçiliyilə birlikdə Barak Obamanın və ağılsızlığı ilə birlikdə Donald Trampın “xidmətidir”. Bu iki şərti antaqonisti birləşdirən cəhət onların yeganə superdövlətin başçısı olaraq, mahiyyət etibarilə, rəhbərlik etməli olduğu dünyanın necə dəyişdiyini praktiki olaraq tam anlamamasıdır.
ABŞ prezidentləri indi demokratik proseduralarla etibarlı şəkildə pərdələnən, sanksiyalardan və təbəələrinin həyat səviyyəsinin pisləşməsindən, hərbi çevriliş nəticəsində hakimiyyətə gəlmiş diktatorlardan fərqli olaraq, elə də qorxmayan avtoritar hökmdarlarla işləməli olurlar.
Digər tərəfdən, özün populist olduğun halda, populizmə müqavimət göstərmək daha çətin olur. ABŞ və Qərbin bu və ya başqa mövqedən çəkilməsi nəticəsində yaranan vakuum həmən doldurulur. Bununla birlikdə, onun doldurulması “soyuq müharibə” illərində olduğu kimi, ideoloji çalar daşımır. Bu səbəblə, ABŞ-ın ora qayıtmasına bağlanan ümidlər əbəsdir.
Bu, tam mənası ilə Ukraynaya aiddir. Əgər Qərb Ukraynanın Rusiya təsir sferasına qayıtmasına yol verəcəksə, – Yaxın Şərqdə Putinin mövqeyinin möhkəmlənməsi Rusiya prezidentinə bütövlükdə postsovet məkanında, xüsusilə də Kiyevlə münaqişədə daha sərt mövqe tutmağa imkan verəcək, – o halda, Ukrayna üçün ikinci bir şansa güvənmək ancaq onillik içində mümkün olacaq. Ona görə də indi Qərbin kartları Putinə təslim etdiyi bu mürəkkəb dünyada Ukraynanın öz suverenliyini qoruması çox vacibdir.
Bəli, bununla birlikdə, əlbəttə, ABŞ-ın və prezident Donald Trampın dəstəyinə bel bağlamaq lazımdır. Lakin Suriya kürdlərinin düşdüyü vəziyyətə düşməmək üçün ehtiyatlı olmalıyıq.
Tərcümə Strateq.az-ındır