“Biz qaneedici sənəd və dəlil-sübutlarla artıq əmin olmuşuq ki, Aramco neft təsisatlarına qarşı hücumlarda İranın birbaşa əli olub”.
Starteq.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının Xarici İşlər naziri Adil əl-Cübeyr ötən gün jurnalistlərə verdiyi açıqlamasında bildirib.
O, təəssüflə qeyd edib ki, ölkəsinin iki neft zavoduna edilmiş hücumlar İran rejiminin regionda apardığı ədavət siyasətinin nəticəsidir: “Mövcud dəlil-sübutlar və nişanələr bizdə artıq artıq o qənaəti formalaşdırıb ki, neft təsisatlarımıza atılan raketlər İrana məxsusdur”.
İranın beynəlxalq qanunlara və digər ölkələrin milli hakimiyyətinə hörmət etmədiklərini bildirən nazir müharibə tərəfdarı olmadıqlarını, amma bunun hücumlar qarşısında sakit qalacaqları anlamına gəlmədiyini diqqətə çatdırıb. Rəsmi Tehranın körfəz hövzəsi ətrafındakı ərəb ölkələri ilə müzakirəyə hazır olduğunu bildirməsinə gəlincə, Adil əl-Cübeyr heç bir ölkənin İranla Səudiyyə arasında vasitəçilik etməsini istəmədikləri deyib: “Biz, sadəcə İrandan istəyirik ki, danışmaq əvəzinə əməli addım atsın və region ölkələrinin daxili işlərinə müdaxiləsini dayandırsın”.
Xatırladaq ki, sentyabrın 14-ü səhər saatlarında Səudiyyə Ərəbistanının dövlət neft şirkəti olan Aramco-nun iki əsas neft təsisatına qarşı dron hücumları olub. Hücum nəticəsində həmin şirkətin ən böyük neft istehsalı müəssisəsi olan Abqaiq və Xuraisd zavodlarında güclü yanğın baş verib, ölkənin neft istehsalının həcmi kəskin dərəcədə aşağı düşüb. Rəsmi Riyad və Vaşinqton hücumların İran ərazisindən həyata keçirildiyini bildirsələr də, rəsmi Tehran bu ittihamı rədd edərək, hücumların Yəməndəki Husilər tərəfindən gerçəkləşdirildiyini iddia edirdi.
ABŞ da həmin vaxt hadisəni araşdırmağı, İranla nə ediləcəyini müəyyənləşdirməyi Səudiyyə Ərəbistanının öhdəsinə buraxmış və ona hərbi, siyasi hər cür dəstəyi verməyi açıqlamışdı. Rəsmi isə ABŞ-ın onu yarı yolda qoyub qoymayacağından əmin olmadığından bu barədə hər hansı fikir bildirməyə tələsmirdi. Görünür, Vaşinqtondan qəti zəmanət alan Riyad artıq daha cəsarətlə danışmağa başlayıb.
Əl-Cübeyrin bu açıqlamasından cəmin bir gün əvvəl – oktyabrın 20-də ABŞ prezidenti Donald Trampın jurnalistlərə açıqlamasında Suriya məsələsindən və İranla müharibə ehtimalından danışması da bu versiyanı gücləndirir. Məlumata görə, Ağ evin ordu qüvvələrini Suriyanın şimalından çıxarması ilə bağlı qərarını müdafiə edən Tramp deyib ki, o, ölkəsini regionda hər hansı bir yeni savaşdan uzaq saxlamağa çalışır: “Biz regionda baş verən savaşlardan uzaq qalmağa çalışırıq. Lakin buna baxmayaraq, hansısa bir müharibəyə də girə bilərik. Bəli, biz müharibəyə hazır olmalıyıq”.
Açıqlamasının davamında hansı ölkəylə müharibəyə hazırlaşmaq istədiyinə aydınlıq gətirən Tramp deyib: “Biz lazım olsa və zərurət yaranarsa İrana qarşı hücuma da hazırıq. Belə ki, əgər İran rejimi çaşıb hansısa bir səhv addım atsa, indiyə qədər görmədiyi ağır bir zərbəyə məruz qalacaq. Bir sözlə, biz məcburiyyət qarşısında qalsaq, bölgədə yeni bir savaşa girməkdən çəkinməyəcəyik”.
Səudiyyə Ərəbistanının Xarici İşlər nazirinin Trampın bu sözlərindən cəmi bir gün sonra məlum açıqlamanı verməsi Pentaqonun öz əsgərlərini boş yerə Şimali Suriyadan çıxarmadığını göstərir. Belə aydın olur ki, Şimali Suriyada mühasirə vəziyyətinə düşmək istəməyən ABŞ həmin əraziləri Türkiyəyə buraxıb, özü Səudiyyə Ərəbistanı ilə Fars körfəzində yeni bir müharibəyə hazırlaşır. Söhbət, təbii ki, İrana hücumdan gedir. Növbəti müharibənin bəhanəsi isə Səudiyyə Ərəbistanındakı iki neft zavoduna edilmiş hücum olacaq.
Strateq.az