Şair milyonçu: “İlk dəfə məni Eldar Mahmudovla professor Bəkir Nəbiyev görüşdürüb”...
“Xarici ölkələrdəki nüfuz sahibi olan soydaşlarimiza qarşi qarayaxmalar qəbuledilməzdir!”
İş adamı, xeyriyyəçi, şair kimi yaxşı tanıdığımız Gülağa Tənha (Qənbərov) barəsində mətbuat səhifələrində və sosial şəbəkələrdə təkcə onun alqışalayiq biznes fəaliyyətindən, xeyriyyəçilik əməllərindən və yaradıcılığından bəhs edən yazılar oxumuruq. Hətta ictimaiyyət arasında onun haqqında xoşagəlməz təəssüratlar yaradan mətbuat yazılarına da rast gəlirik. Doğrusu, bir sıra xarici ölkələrdə iş adamı kimi məşhurluq qazanan, tanınmış bir sima kimi, getdikcə daha da populyarlaşan, üstəlik adı dünyanın zənginləri sırasında yer alan bu milyonçu həmyerlimizin əleyhinə, düşünüb, daşınmadan qələmə aldığı xoşagəlməz istədiyi yazısını dərc etdirən heç bir həmkarımıza haqq qazandıra bilmirik. Çünki "Tənha" təxəllüsü götürdükdən sonra, özünü ədəbi ictimaiyyətə də yaxından tanıdan bu həmyerlimizin nə hərtərəfli fəaliyyətində xoşagəlməz nəyəsə rast gəlmək mümkündür, nə də keçdiyi həyat yoluna aid hansısa sirli məqam ortada yoxdur. Elə, bu və bu kimi məsələlərə aydınlıq gətirmək üçün, onun özü ilə görüşmək və bu yazını qələmə almaq qərarına gəldik. Görüş zamanı, barəsində yazılı və elektron mətbuatda, sosial şəbəkələrdə dərc edilən yazılar əsasında yaranan müxtəlif səpgili suallarla da, Gülağa Tənhanın özünə müraciət etdik. Həmsöhbətimiz, hətta həyatı və fəaliyyəti barəsində "sensasion" saydığımız suallara cavab verməkdən belə yayınmadı - nə soruşduqsa cavabını ala bildik.
Ənənəvi olaraq, öncə, onunla həyat və fəaliyyəti barədə ətraflı danışdıq. Məlum oldu ki, Masallının Ərkivan kəndində dünyaya göz açıb və kənd həyatı çətinlik, səfalət içində keçib. Üstəlik, o vaxtkı müdhiş Əfqanıstan müharibəsi də, öz ağrı-acısıyla, onun taleyinə yazılıb. Və xoş günlər arzusuyla yolunu Rusiyadan salmağa məcbur olub. Bu ilin may ayının 20-də 60 yaşını qeyd edən bu iş adamı əmək fəaliyyətinə Moskva şəhərinin tikinti obyektlərində olduqca çətin keçən fəhləliklə başlayıb. Gülağa Tənha sonralar öz xatirələrində də yazıb ki, Moskvada keçirdiyi ilk illər onun üçün ciddi sınaq olub və o, əldə etdiyi bütün uğurlara, geniş təcrübəyə görə, öz keçmiş kənd həyatına dərindən minnətdardır.
Gülağa Tənha: “Belələri mənimlə yekəxana şəkildə danışmağa cürət də edə bilməzlər”.
Moskvadakı gəlirli tikinti sahəsinə aid bir neçə obyektdə işləsə də, ali təhsil almaq istəyi onu rahat buraxmayıb. Elə, bu istəklə yaratdığı gecəli-gündüzlü hazırlıqların çətinlikləri hesabına, o, Moskva İnşaat Mühəndisləri institutuna daxil olub və istehsalatdan ayrılmadan bu təhsil ocağında ali təhsilə yiyələnib. Fəhləliyindən və tələbəliyindən rəisliyinə gedən yol, elə də, uzun çəkməyib. Diplom aldıqdan sonra, o vaxtkı SSRİ Ticarət Nazirliyinin Əsaslı Tikinti və Layihələşdirmə Baş İdarəsinin rəisi vəzifəsinə təyinat alıb. Bu sahədə əldə etdiyi təcrübə onun gələcək inkişafı istiqamətində bir stimul rolu oynayıb. Beynəlxalq EKO Energetika Akademiyasının tikinti və memarlıq doktoru, eləcə də tikintiyə aid monoqrafiya və 5 metodik vəsaitlər yazmaqla özünü tikinti aləminə daha yaxşı cəhətdən tanıda bilib. Elə, öz şəxsi biznesini də, tikinti üzərində qurmağa başlayıb. Doğma Azərbaycandan və yaşadığı Rusiyadan başqa, dünyanın bir sıra ölkələrində də tikintiyə aid şirkətlərini yaradıb.
Azərbaycanda və digər ölkələrdə təhsilin, səhiyyənin, idmanın, mədəniyyətin inkişafı sahəsində çoxsaylı layihələr həyata keçirməklə, tanınmağa başlayıb. Media onu istəməyən və uğurlarını gözü götürməyən kimlərinsə təhriki ilə, bəzən, alqışalayiq xeyriyyəçilik fəaliyyətini günü-gündən genişləndirən bu soydaşımız haqqında ən qalmaqallı iddialara yer ayırsa da, onu gündəmdən salmaq mümkün olmayıb.
“Həyat problemlərlə gözəldir!” deyib, əzənlərin yox, əzilənlərin, haqqı tapdananların qayğısına qaldım”.
"Əvvəllər parakəndə şəkildə hamıya pul paylayırdım, hamıya ürəyim yanırdı. Çünki bir çox regionlardan mənə çoxsaylı müraciətlər daxil olurdu. İndi xeyriyyəçilik sahəsində ixtisaslaşmış fondlarla əməkdaşlıq edirəm. Daha parakəndə şəkildə yox, sistemli formada xeyriyyəçilik fəaliyyəti ilə məşğul oluram. Baxmayaraq ki, əvvəllər, şəxsi köməkləri özüm edirdim, indi ciddi xeyriyyəçiliyi digər fondlarla, daha çox isə, Heydər Əliyev Fondu ilə əməkdaşlıq şəraitində həyata keçirirəm. Son vaxtlar, xərclərimi optimallaşdırmaqla, qabaqlar olduğu kimi, indi də qazandığım gəlirin on faizini xeyriyyə işlərinə sərf edirəm. Yalandan deyilənlərə fikir verməyin, xeyriyyəçilik fəaliyyətimi həmişə davam etdirəcəyəm", -- bu, ictimai narahatlığın yaratdığı suallara şairin cavabıdır.
Milyonçu iş adamı kimi məşhurlaşan Gülağa Tənha özünə həsr edilən onlarla maraqlı tele-proqrama qatılıb və ölkənin görkəmli adamlarının dilindən haqqında xoş sözlər eşidib. Özünü ədəbi fəaliyyətlə məşğul olan ədəbi tədbirlərin yaxın iştirakçısı, xüsusi qabiliyyətə malik bədii qiraətçi kimi də göstərə bilib. İndiyə qədər xalq artistlərinin bəstələdiyi qəlbləri oxşayan onlarla mahnının söz müəllifi kimi də tanınıb. O, həm də qocaman şair və yazıçılara, incəsənət və mədəniyyət işçilərinə maddi yardımlar etdikcə, bir daha özünə əsl xeyriyyəçi, ədəbiyyatçı, milyonçu və daha onlarca işdən, peşədən sorağı gələn qəlb və ürək adamı imicini qazandırıb və beləcə, getdikcə daha da məşhurlaşmağa başlayıb.
- Bir aralar şeirlərinizə bəstələnən musiqiləri məşhur müğənnilər ifa edirdi. Deyəsən, indi, buna da son qoydunuz?
- Xeyr, dayandırmamışam. Sadəcə olaraq, qabaqlar vaxtım çox olurdu. Azərbaycana tez-tez gəlib, gedirdim. Son vaxtlar isə, müəyyən fasilələr yaranıb. Bu yaxınlarda mənim yeni kitablarım nəşr olunacaq. Hazırda həmin əsərlərim hazırlanma mərhələsindədir. Bundan əlavə mənim sözlərimə yeni mahnılar bəstələnib. "Youtube”de bu musiqilər artıq yayımlanıb. Vətənin ağrılı-acılı problemlərini bu gün həm hekayə, həm şeir şəklində qələmə almaqla, az da olsa, sakitlik tapa bilirəm...
Bu yerdə onu da demək yerinə düşərdi ki, alqışalayiq xeyriyyə, yaxud digər yaxşı əməlləriylə günü bu günədək gündəmdən düşməyən bu xeyriyyəçi-şairlə bağlı tez-tez bir-birinə zidd məsələləri əks etdirən yazılar ortaya çıxsa da, əsas odur ki, o, özünü doğma Vətən, dövlət və dövlətçilik anlamlarının müqəddəsliyini dərk edən, şərəf və qeyrət məsələsi olaraq, bunları bütün dəyərlərdən üstün tutan, onların böyüklüyünü, əzəmətini daha çox hiss edən bir azərbaycanlı kimi göstərməkdə davam edir. Gülağa Tənha bu ülvi hiss və duyğularını özünün “Sənə qayıtmışam, Vətən!”, “Can Vətən!” adlı şerlərində daha qabarıq şəkildə büruzə verir. Lakin elələri olub ki, onun Vətən, xalq və millət sevgisinə də kölgə salmağa çalışıblar. Hətta doğma el-obaya hər gəlişinə belə “don geydirməklə”, bunu pis mənada yozmağa çalışanlar da tapılıb. Lakin bütün hallarda onun xeyriyyəçilik sahəsində etdiklərini təkrarlaya biləcək kimsə gözə dəyməyib. Azərbaycanın tanınmış memarı Rasim Əliyev də söhbətə qatılaraq Gülağa Tənhanı bir xeyriyyəçi-biznesmen, şair kimi tanıdığını bildirdi:
- Mənim yadıma bir əhvalat düşdü. Onda Gülağa cavan idi və Moskvadan Bakıya gəlmişdi. Unudulmaz Heydər Əliyev də Bakıya yenicə qayıtmışdı. Onda bəzi cılız ünsürlər Gülağa barəsində şaiyə və uydurmalar yayırdılar. İmkan vermirdilər ki, həyat yolu çətinliklərdən keçən bu bacarıqlı və vətənsevər Azərbaycan oğlu vətəninə gəlib, öz xalqına xidmət etsin. İstedad və qabiliyyətini öz millətinə bəxş etsin. Onun bu çətin günlərində, tanış-bilişlərimə müraciət edib, dedim ki, bu insanı yaxından tanıyıram. Həqiqətən də, o, vətənini və xalqını ürəkdən sevən bacarıqlı və istedadlı bir insandır; Axı, ona mane olmaq istəyənlərin məqsədi nədir?! Bəziləri bu və bu kimi suallarıma cavablarında bildirdilər ki, onun haqqında hərə bir söz danışır, bu səbəbdən, onları bu işə qoşmasam yaxşıdır -- yoxsa, deyərlər ki, nəsə məqsəd güdürlər!
Onda, o dahi insana, müraciət etmək məcburiyyətində qaldım. Gülağanın çətin həyat yolu, Əfqanıstan müharibəsi iştirakçısı olması və biznesdə qazandığı uğurlu nailiyyətləri barəsində fikirlərimi Ulu Öndərə çatdırdım. Dedim ki, indi bu insan vətəninə gəlib, xalqına xidmət etmək istəsə də, onu vətənə buraxmaq istəməyən qüvvələr baş qaldırıb.
Bu söhbətdən çox keçməmiş, həmin pisniyyət ünsürlər yoxa çıxdılar. Sanki qara buludlar və duman çəkildi, gün çıxdı. Beləcə, istedad, qabiliyyət və bacarıq yenə qələbə çaldı. Qoy, hamı bilsin ki, bu, daim belə olur.
Mən, indiyədək onun haqqında eşitdiklərimdən qürur duymuş, qazandığı poeziya uğurları ilə fəxr etmiş, şeirlərinə bəstələnən mahnılara həvəslə qulaq asmışam. Fəxr edirəm ki, Azərbaycanın belə istedadlı və bacarıqlı iş adamı, şairi və təmənna güdməyən fərqli daha bir xeyriyyəçi oğul övladı var.
Gülağa Tənhanın özünün bu yöndən dedikləri isə, sanki Rasim Əliyevin həmin fikirlərinin son məntiqi nəticəsidir:
- Mən sizə indiyə qədər heç yerdə demədiyim bir sirri açıram: Xaricdə yaşayan elə iş adamlarımız var ki, onlar Azərbaycanda düzgün siyasətlə məşğul olmaq istəmir, xeyriyyəçilik fonunda müəyyən iddialar ortaya qoyurlar. Daha bilmirlər ki, xeyriyyəçinin işi, əslində, xeyriyyəçilik olmalıdır! Mən vətənpərvər insanam. Əgər müəyyən imkanlarım varsa, ondan öz soydaşlarıma da pay ayırmalıyam. Mənim yeganə məqsədim bu olub və başqalarından fərqli heç bir iddiam olmayıb ki, ortaya qoyum...
Mən, xaricdə yaşayan bir azərbaycanlı kimi xalqımıza xidmət etmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin və birinci vitse-prezident xanım Mehriban Əliyevanın ətrafında birləşərək, onların ölkənin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyasına, xalqımızın maddi rifahının yaxşılaşdırılmasına yönəldilmiş siyasətlərinin təbliğinə və həyata keçirilməsinə daim dəstək olmuşam və həmvətənlilərimi də dəstək olmağa çağırıram!
Gülağa Tənha: “Eldar Mahmudovla cəmi iki dəfə görüşmüşəm, amma vəzifədə olduğu dövrdə məni izlətdirib”.
Keçirik sarı simə... Gülağa Tənha haqqında mətbutda çıxan xoşagəlməz məlumatlar barədə suallar ünvanlayırıq:
- Uzun zaman medianın əsas müzakirə mövzularından biri olan MTN ətrafında baş verənlər sizin də həyatınıza sirayət etdi. Həmin vaxt mətbuat öz yazılarıyla sizi ictimaiyyətə Eldar Mahmudovun şair dostu, onu isə, sizin nazir şərikiniz kimi təqdim edirdi. Hətta yayılan xəbərlərdə sabiq MTN rəhbəri ilə bağlı qabardılan digər olaylarda da sizin adınız çox hallandırıldı. Bütün deyilənlərdəki qaranlıq məqamlara necə aydınlıq gətirərdiniz?
- Ümumiyyətlə, belə absurd yalanlara inanmağın nə mənası? Eldar Mahmudovdan öncə Milli Təhlükəsizlik naziri olan Namiq Abbasov da məni gözəl tanıyırdı. 2004-cü ilin iyun ayında AR Milli Məclisindən daxil olmuş sorğuya əsasən fəaliyyətim keçmiş MTN tərəfindən tam şəkildə yoxlanıldı və cavab məktubda mənim Azərbaycanın milli maraqlarına, dövlətçiliyinə zidd fəaliyyətim barədə hər hansı bir məlumatın əldə edilməməsi bildirilmişdir.
O ki, qaldı Eldar Mahmudovla münasibətlərimə, onun bağ qonşusu, görkəmli ədəbiyyatşünas, rəhmətlik Bəkir Nəbiyev var idi, mənim kitablarımın elmi rəhbəri idi. İlk dəfə məni Eldar Mahmudovla o görüşdürüb. Bəkir müəllim məni onunla tanış edib. Biz tək olmamışıq, bir neçə nəfər də həmin görüşdə iştirak edib. Ondan sonra bir dəfə dövlət tədbirində rastlaşmışıq. Fikrət Məmmədov, Fazil Məmmədov, Rasim Əliyev, Kamil Əliyev, Hüseynbala Mirələmov və digərləri ilə birlikdə söhbət etmişik, birgə fotoşəkillərimiz da var.
Cəmi iki dəfə görüşmüşük. Vəzifədə olduğu dövrdə məni izlətdirib. Əgər mənim onunla səmimi münasibətim olsaydı, o məni izlətdirməz və təqib etməzdi.
Mənim Azərbaycana gəlib-gedərək bir neçə pasportlardan istifadə etməyimdən yazan jurnalistlərin nəzərinə çatdırmaq istəyirəm ki, hazırda əksər ölkələrdə istifadə olunan müasir sərhəd-nəzarət sistemləri saxta sənədlərdən istifadə edərək ölkəyə giriş-çıxışına imkan vermir. Mən istədiyim vaxt doğma Vətənimə gəlib getmişəm. İndiyədək haqqımda heç bir qadağa olmayıb. İndi də, xaricdən istədiyim vaxt ölkəmə gələ bilirəm. Sadəcə, tez-tez gəlməyə vaxtım çatmır. Çünki, öncədən dediyim kimi, hazırlanma mərhələsində olan və bu yaxınlarda nəşr ediləcək yeni oncildlik kitabımın üstündə ciddi işləyirəm.
Gülağa Tənha: “Axı, İlham Qasımov günahsız yerə həbsə atılmayıb. Konkret deyirəm, mən onun haqqında xüsusi canfəşanlıqla cinayət işi açdırmamışam”.
...İllər keçir, lakin Gülağa Tənha ilə bağlı səs-küylü bir məsələ, hələ də kütləvi informasiya vasitələrinin və ictimaiyyətin diqqət mərkəzindən düşmür. Bu məsələ, iş adamı, “MTK-Real” Mənzil-Tikinti Kooperativinin təsisçisi və rəhbəri, hazırda həbsdə olan İlham Qasımovla bağlıdır.
Onun barəsində 2016-cı ilin 30 noyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində verilən həmin həbs qərarı haqqında mətbuatda dərc olunan saysız-hesabsız bütün yazılarda da, Gülağa Tənhanın adı yaxşı yöndən hallandırılmır. Hakimin İlham Qasımovu 15 illik həbs cəzasına layiq görməsi də, birbaşa Gülağa Tənhanın adı ilə əlaqələndirilir və indiyədək mətbuatın gündəmindən düşmür.
Redaksiyamızın da eyni məzmunlu suallarına cavab verməsi Gülağa Tənhanı çəkindirmədi. Həmin sualların cavabını qısa olaraq belə izah etdi:
- Vallah, bütün bunlar da gülüş doğuran iddialardır. Belə iddialara heç cür haqq qazandırmaq olmur və həqiqətə uyğun da deyil. Axı, İlham Qasımov günahsız yerə həbsə atılmayıb. Konkret deyirəm, mən onun haqqında xüsusi canfəşanlıqla cinayət işi açdırmamışam. Mənimlə arasında mülki iş olub. Məhkəmənin mülki qaydada həll etdiyi məsələ üzrə cinayət işi başlanıb və İlham Qasımov dələduzluqda ittiham edilib. Ciddi ittihamlarla həbs olunub və məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilib. Mən, onun həbsinə qərar verilən həmin məhkəmə prosesində cəmisi bir dəfə iştirak etmişəm, qalan proseslərə isə, qatılmamışam. Elə, həmin məhkəmədə iştirak edəndə, konkret demişəm ki, ittihamda zərərçəkən şəxslərdən biri kimi təqdim edilsəm də, İlham Qasımova qarşı şikayətim yoxdur.
Qeyd edim ki, iş qanuni prosedur qaydasında məhkəməyə çatdırılıb və son nəticəsi olaraq, hökm çıxarılıb. Bunu qanunsuz və əsassız saymaq, günahı mənim boynuma atmaq cəfəngiyatdır.
“İlham Qasımovu 15 illik həbs cəzasına çatdırılması birbaşa Gülağa Tənhanın adı ilə əlaqələndirilir və indiyədək mətbuatın gündəmindən düşmür”.
İlham Qasımov vəzifəli şəxs kimi, öz qulluq mövqeyindən sui-istifadə edib, aldatma və etibardan sui-istifadə etmək yolu ilə, mənim və digərlərinin külli miqdarda əmlakımı ələ keçirib. İlham Qasımovun aldatma yolu ilə və dələduzluq etməklə mənə vurduğu maddi ziyanın məbləği məhkəmə instansiyaları tərəfindən təsdiqlənib və bununla bağlı müvafiq qərarlar çıxarılıb.
“Haqq” deyilən məhvum hər kəs üçün nisbi görünə bilər, amma mahiyyətcə həqiqət elə mütləqdir ki, onu heç bir bəzəklə, gəlişigözəl sözlərlə, “kökündən” redaktə ilə dəyişmək olmaz! Haqqımda yalanlar yazdıranlarla fərqimiz bilirsiniz nədir?! Ən əsası odur ki, mən onlar kimi yaşamadım, kimsənin qarşısında alçalaraq, öhdəlik də götürmədim. Bir də ki, haqsızlığa göz yummadım, kasıb yaşayanda da, ehtiyacım olanda da təmiz adımı, şərəfimi qorudum. “Həyat problemlərlə gözəldir!” deyib, əzənlərin yox, əzilənlərin, haqqı tapdananların qayğısına qaldım. Belələri mənimlə yekəxana şəkildə danışmağa cürət də edə bilməzlər. Bilirsiz, niyə?! Ona görə ki, onlardan fərqli olaraq, kimlərinsə qarşısında başıaşağı deyiləm. O -- onların, bu isə -- mənim həyat yolum, şəxsiyyətimizi səciyyələndirən əsas amillərdən biridir!
Ömürboyu çalışmışam ki, bir zirvəyə ucalım, o da “HƏQİQƏT” zirvəsidir!
Söhbətləşdi: İsmayıl İSMAYIL
pia.az
Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627
Etiket: