Direktora hökm oxundu - Elinanın anasına 18 min ödənəcək

24-10-2019, 13:56   


Direktora hökm oxundu - Elinanın anasına 18 min ödənəcək

Bu gün Səbail Rayon Məhkəməsində məktəbdə intihar edən şagird Elina Hacıyevanın ölümü ilə bağlı təqsirləndirilən direktor Sevinc Abbasovanın məhkəməsi keçirilir. Criminal.az xəbər verir ki, hakim Azər Tağıyevin icraatında olan prosesdə S.Abbasovanın vəkili Sadiq Bağırov çıxış edəcək, daha sonra prosedura uyğun olaraq Sevinc Abbasova son söz demək təklif olunacaq.
S. Abbasova prosesdən öncə "Qafqazinfo”ya açıqlamasında bildirib ki, əgər ona son söz versələr, bu hüququndan istifadə edəcək.
Bunun ardınca məhkəmə hökm oxumaq üçün müşavirəyə çıxacaq. Lakin hökmün bu gün, yoxsa başqa günlərdə elan ediləcəyi hələlik bəlli deyil. Buna hakim müşavirədə qərar verəcək.
Qeyd edək ki, S. Abbasova hazırda ev dustaqlığındadır və onun ev dustaqlığında keçirdiyi hər gün həbsə bərabər sayılır. Bir həbs günü isə azadlığın məhdudlaşdırılmasında keçirilən iki günə bərabərdir. Ona görə də Sevinc Abbasovanın hazırda məhkəməsinin uzanması onun hökmdə alacağı cəzanı daha da yüngülləşəcəyi deməkdir.
***
Məhkəmədə direktorun vəkili Sadiq Bağırov çıxış edərək ittihamları qəbul etmədiklərini deyərək müvəkkilinə bəraət verilməsini və mülki iddianın təmin edilməməsini istəyib. Sevinc Abbasova son sözündə Elinanın ölümündə heç bir günahı olmadığını deyib:
"25 ildir müəlliməyəm, məktəbdə, universitetdə dərs demişəm. Həmişə işimə məsuliyyətlə yanaşmışam. Test imtahanı ilə direktorluğa qəbul olmuşam. 625 namizəd içində ilkin direktor təyin olunan 12 direktordan biriyəm. Direktor olduğum 3 il ərzində məktəbin nəticələrində xeyli irəliləyiş olub. İşimdə heç zaman səhlənkar olmamışam. İttihamların heç birini qəbul etmirəm”. 
 Məhkəmə hökmü elan etmək üçün müşavirəyə çıxıb. Müşavirədən sonra hakim Azər Tağıyevin hökmü ilə S.Abbasova barəsində 2 il 2 ay 14 gün müddətinə azadlığın məhdudlaşdırılması və mülki iddiaya görə isə 18 min manat tutularaq Elinanın anasına ödənilməsinə qərar verilib. S. Abbasova elektron qolbaq taxaraq müəyyən olunmuş ərazidə sərbəst hərəkət edə biləcək. S. Abbasova bu müddət ərzində saat 23:00-dan 07:00-dək evdən çıxa bilməz.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.