Son günlər hökumətdə kadr dəyişiklikləri aparılır.
Pensiya yaşına çatmış məmurlar istefa ərizəsi yazaraq tutduqları postu tərk edirlər. Bu təşəbbüsün ölkə başçısı tərəfindən dəstəklənməsi prosesin davamlı olacağını açıq şəkildə göstərir. Bundan əvvəl də kadr islahatları aparılaraq gənc kadrlara nazir postu verilib. Son kadr islahatları isə Nazirlər Kabinetindən başlayıb. Məlum olduğu kimi, Baş nazirin iki müavini Hacıbala Abutalıbov və Əli Həsənov tutduqları postdan azad edilib.
Bundan əvvəl isə Baş nazir Novruz Məmmədov Prezidentin iqtisadi məsələlər üzrə köməkçisi Əli Əsədovla əvəzlənib. İqtisadiyyat naziri Şahin Mustafayev isə tutduğu postdan azad edilərək Baş nazirin müavini təyin olunub. Dünən isə Vergilər naziri Mikayıl Cabbarov vəzifəsindən azad olunub. O, Prezidentin başqa bir sərəncamı ilə İqtisadiyyat naziri təyin olunub. Başqa bir fərmanla Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi İqtisadiyyat Nazirliyinə birləşdirilib. Bu isə həm də struktur islahatlarının göstəricisidir. Ölkə başçısı İlham Əliyevin yaşı 70-i ötmüş vəzifə sahiblərinin istefa mədəniyyəti göstərmələri üçün etdiyi çağırışa Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə də müsbət reaksiya verib. Kadr islahatlarının davamlı olacağı gözləntisi böyükdür. Nəzərə alsaq ki, hökumətin tərkibində hələ kifayət qədər yaşı 70-i ötmüş məmurlar var, yaxın vaxtlarda onların da Prezidentin çağırışına müsbət cavab verəcəyi gözlənilir. Yeni təyinatlarda isə xüsusilə gənc kadrlara üstünlük veriləcəyi istisna edilmir. Ehtimallara görə, kadr islahatları təkcə yaşı 70-ı ötən şəxslərə şamil edilməyəcək. Belə ki, bir sıra sahələr var ki, illərdir mövcud proeblemlər həll edilmir. Həmin sahələrə məhsul olan şəxslərin də islahat dalğasına tuş gələcəyi deyilir. Burada xüsusilə şikayətlərin çox olduğu sahələrə rəhbərlik edənlərin adı çəkilir ki, bu da artıq uzun zamandır, müzakirə predmetidir. Prezidentin 9 ayın yekunlarına dair keçirdiyi iqitsadi müşavirədə səsləndirdiyi fikirlərlə yanaşı, diqqətçəkən digər bir neçə məqam da olub. Dövlət başçısının yanındakı son toplantı iqtisadi müşavirə olsa da, ölkə iqtisadiyyatı ilə birbaşa əlaqəsi olan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin orada iştirak etməməsi artıq bir müddətdir səslənən fikirləri yenidən gündəmə gətirdi. Xatırladaq ki, Gömrük Komitəsinin müstəqil qurum kimi ləğv olunaraq başqa bir nazirliyə birləşdiriləcəyi ilə bağlı iddialar var. Hələlik bununla bağlı konkret qərar və ya rəsmi münasibət olmasa da, ilin sonuna qədər sözügedən məsələyə aydınlıq gətiriləcəyi gözlənilir.
Göründüyü kimi, hökumətin gündəmində təkcə kadr deyil, struktur islahatları da var. İdarəetmənin optimallaşması üçün kadr və struktur islahatlarının paralel aparılması vacibdir. Təhsil sahəsi ilə bağlı da narazılıq artır. Bu baxımdan, kadr islahatlarının bu sahəyə rəhbərlik edən müvafiq nazirlikdən də yan keçməyəcəyi deyilir. Son günlər SOCAR (Dövlət Neft Şirkəti) rəhbərliyinin də islahatlar paketində ön sıralarda olduğu iddia olunur. Xidmət qurumları haqqında da müəyyən addımların atılacağı istisna olunmur. İddialara görə, gəncləşmə parlamentdən də yan keçməyəcək. Qeyd edək ki, Milli Məclis üzvlərinin bir hissəsi pensiya yaşına çatan deputatlardır. Gözlənilənlər odur ki, növbəti parlament seçkilərində həmin şəxslər dəstək qazanmayacaq.
Hazırda Milli Məclisdə təmsil olunan yaşlı deputatlardan Zeynəb Xanlarovanın 83, Ağacan Abıyevin 82, Fəttah Heydərovun 81, Yaqub Mahmudovun 80, Ziyad Səmədzadənin 79, Elxan Süleymanovun 79, Arif Rəhimzadənin 78, Xanhüseyn Kazımlının 77, Eldar İbrahimovun 74, Rafiq Məmmədhəsənovun 74, Hüseynbala Mirələmovun 74, Valeh Ələsgərovun 73, Mixail Zabelinin 73, Əliağa Hüseynovun 73, Vahid Əhmədovun 72, Madər Musayevin 72, Əhliman Əmiraslanovun 72, Fəzail Ağamalının 72, Flora Qasımovanın 72, Hadi Rəcəblinin 72, Tahir Süleymanovun 71, Yevda Abramovun 71, Mahir Aslanovun 70, İsa Həbibbəylinin 70, Şəmsəddin Hacıyev 69, Mirkazım Kazımovun 69, Tahir Rzayevin 69, Elman Məmmədovun 69, Rasim Musabəyovun 68, Bəxtiyar Sadıqovun 68, Fəzail İbrahimlinin 68, Araz Əlizadənin 68, Eldar Quliyevin 68, Cavanşir Paşazadənin 66, Asim Mollazadənin 66, Elmira Axundovanın 66, Aqil Abbasın 66, Əli Məsimlinin 66, Gövhər Baxşəliyevanın 65, Sabir Hacıyevin 65, Rafael Hüseynovun 65, Mirzəcan Xəlilovun 65 yaşı var. Seçkilərin 2020-ci ilin noyabr ayında baş tutacağını nəzərə alsaq, bu müddət ərzində daha bir neçə deputat - Milli Məclisin spikeri Oqtay Əsədov, Səttar Möhbalıyev, Sədaqət Vəliyeva, Əsabil Qasımov və Sahibə Qafarova pensiya yaşına çatacaq.
Doğrudur, Milli Məclis seçkili qurumdur və bir yuxarı yaş məhdudiyyəti tətbiq olunur. Yəni yaşının çox olmasına baxmayaraq istənilən deputat növbəti seçkilərdə də namizədliyini irəli sürə bilər. Ancaq ölkədəki gəncləşmə prosesinin bu seçkili orqanda təmsil olunmaq istəyənlərin qərarına təsiri qaçılmazdır.
Vilayət Muxtar
Cebhe.info