Bu gündən Azərbaycan daha bir mötəbər beynəlxalq toplantıya ev sahibliyinə başlayır. Oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına üzv dövlətlərin başçılarının XVIII sammiti keçiriləcək.
Arayış üçün bildirək ki, hazırda BMT-dən sonra dünyanın ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına 110 ölkə daxildir, 10 ölkə isə müşahidəçi qismindədir. Bu ölkələr dünya əhalisinin 55%-ni təşkil edir. Dünya neft ehtiyatının 75, qaz ehtiyatının isə 50%-i onların payına düşür. Bakıya təşrif buyuran ali qonaqlar arasında BMT Baş Məclisinin prezidenti də var.
*****
Göründüyü kimi, söhbət yetərincə nüfuzlu, iqtisadi arealı geniş, maliyyə-energetik potensialı müqayisəyə gəlməz bir siyasi-hərbi qurumdan gedir. Azərbaycanın da üzv olduğu Hərəkatın təməl prinsiplərindən biri isə ölkələrin ərazi bütövlüyü və suverenliyinə hörmətdir. Artıq bu prinsip sammitdən bir gün öncə keçirilmiş üzv ölkələrin XİN başçıları toplantısında bir daha vurğulanıb. Sözsüz ki, dövlət başçılarının toplantısında, ediləcək çıxışlarda da bu prinsip diqqət mərkəzində olacaq və qəbul ediləcək yekun bəyannamədə Dağlıq Qarabağ ixtilafı da daxil, etnik-ərazi konfliktlərinin həllinə yekdil, beynəlxalq hüquq çərçivəsində yanaşma öz əksini tapacaq.
İrəvanı narahat edən də odur ki, Bakı beləcə, işğalçı Ermənistana qarşı Qarabağla bağlı silsilə diplomatik həmlələri və təzyiqləri davam etdirir. “Valday” forumu, Aşqabad sammiti və Bakıdakı Türk zirvəsinin ardınca Qoşulmamaq Hərəkatının toplantısı bu xüsusda ölkəmizə ən əvvəl Qarabağla bağlı öz haqlı mövqeyini dünyaya yenidən, qabarıq şəkildə çatdırmaq, Ermənistanı təcavüzkar kimi tanıtmaq baxımından növbəti, daha böyük tribuna, daha böyük məkan və unikal fürsətdir.
Sözsüz ki, üzv ölkələrin rəsmiləri, - onların arasında erməni lobbisinin fəal olduğu Latın Amerikası dövlətləri də var, - Bakıdan özləri ilə birgə Qarabağ gerçəyini də aparacaqlar ki, bu da erməni yalanlarına növbəti zərbə olacaq. Üstəlik, Bakı zirvəsindən sonra Azərbaycan ard-arda 3 il - 2022-ci ilədək Qoşulmamaq Hərəkatına sədrlik edəcək. Erməni tərəfini rahatsız edən həm də budur.
*****
“Biz Rusiyadan gözləyirik ki, o, rəsmi Bakının anti-erməni tozunu yatırsın”. “Yeni Müsavat”ın məlumatına görə, bu barədə Armenianreport.com-da getmiş məqalədə deyilir.
Məqalədə daha sonra deyilir: “Qoşulmamaq Hərəkatının sammitində Bakı növbəti təbliğati gedişini edəcək, yenə BMT TŞ-nin 4 qətnamələri yada salınacaq və s. Bu da təbiidir. Çünki Qoşulmama Hərəkatı BMT-dən sonra sıralarında ən çox sayda ölkələri birləşdirən ikinci böyük siyasi platforma sayılır. Əlbəttə ki, Azərbaycan rəhbərliyi belə təbliğati şansı qaçırmaz. Bakı artıq çoxdan belə tribunalardan maksimim şəkildə yalan (oxu: gerçək - ”YM") yaymaq vasitəsi kimi yararlanır".
Bunun ardınca erməni müəllif isterik şəkildə Azərbaycan prezidenti İlham Əliyevin son vaxtlar (“Valday” forumu, MDB-nin Aşqabad sammiti, Bakıdakı Türk zirvəsi) işğalçı Ermənistanın yanlış siyasəti və Qarabağ həqiqətləri ilə bağlı səsləndirdiyi bəyanatları xatırladır: ““Valday”dan sonra biz Əliyevin Aşqabadda daha şokedici bir çıxışını eşitdik: harada ki, o, “böyük Qaregin Njde” mövzusunu (dırnaqlar bizimdir - “YM”) qaldırdı, özü də Ermənistan baş naziri Nikol Paşinyanın yanında. Bunun üstündən Bakıdakı Qoşulmama Hərəkatının XVIII sammitdə əleyhimizə nələrin səslənəcəyini anlamaq çətin deyil. Əfsus ki, bununla neçənci dəfədir qeyd etmək zorundayıq ki, Azərbaycan tərəfini bundan çəkindirəcək bir qüvvə yoxdur. Və belə rüsvayçı vəziyyətin səbəbi də odur ki, indiyədək belə presedent yaradılmayıb. Əgər məsələn, “Valday” forumunda Rusiya prezidenti Vladimir Putin Əliyevə qalmaqallı bəyanatı səsləndirməyə imkan verməsəydi, onda hamı görərdi ki, Moskva sözdə yox, əməldə Ermənistan qarşısında götürdüyü öhdəliklərə sadiqdir. Əksinə, Putin hər vəchlə Azərbaycanı dəstəkləyir və ölkəmizin indiki rəhbərliyinə qarşı soyuqluq nümayiş etdirir. Bu isə Rusiyanın ermənilərlə münasibətləri tarixində açıq-aşkar xəyanətdir".
*****
Erməni tərəfinin isterikası və həşiri məntiqlidir. Bütün bunlar, o sırada Bakının işğalçı ölkəyə qarşı davam edən diplomatik həmlələri Putin-Paşinyan münasibətlərində özünü göstərən sərinlik fonunda məxsusi diqqət çəkir. Yeri gəlmişkən, dünən məlumat yayılıb ki, Bakıya qarşı İrəvanın diplomatik kömək gözlədiyi Rusiya Ermənistana nota verməyə hazırlaşır. Səbəb Ermənistanın silah təchizatına dair tenderi pozması göstərilir.
Bu barədə sənədin mətninə istinad edən "RİA Novosti" xəbər verib (Virtualaz.org). Bildirilir ki, nota oktyabrın 22-də imzalanıb və Ermənistanın müdafiə naziri David Tonoyana ünvanlanıb. Sənəddə deyilir ki, Rusiyanın ORSİS şirkətinin Ermənistana silah təchizatına dair tenderdə iştirakı “heç bir əsas olmadan” rədd edilib. Erməni tərəfi tutarlı səbəblər göstərmədən şirkətin adını arzuolunmaz təchizatçılar sırasına daxil edib. Rusiya tərəfi Tonoyandan tələb edir ki, bu situasiyanı aydınlaşdırsın. Agentlik bildirir ki, hazırda nota Rusiya Xarici İşlər Nazirliyindədir və tezliklə onu diplomatik kanallarla İrəvana çatdıracaqlar.
Məlumata görə, söhbət Ermənistana bir neçə milyon dollarlıq silah təchizatına dair tenderdən gedir. Tender bu ilin yayında keçirilməliydi. Lakin Ermənistan Müdafiə Nazirliyi guya bank qarantiyasını ödəmədiyini əsas gətirərək ORSİS şirkətinin tenderdə iştirakını əngəlləyib. Tenderin pozulması ilə bağlı Ermənistanın İstintaq Komitəsi “xidmətə səhlənkar münasibət” maddəsi üzrə təhqiqat aparır.
ORSİS şirkəti “Promtexnologiya” qrupuna daxildir və atıcı silahların, patronların və xüsusi optikanın istehsalı, təchizatı ilə məşğuldur. O cümlədən şirkət uzaqmənzilli snayper tüfənglərinin istehsalını həyata keçirir...
****
Moskvanın notasına İrəvanın hansı cavabı verəcəyi maraqlı olacaq. Elə Bakıda Qarabağla bağlı səslənəcək ədalətli çağırışlara da. Hərçənd Qarabağ gerçəyini hələ də israrla danan, yad torpaqların, Şuşanın, Kəlbəcərin, Laçının işğalını həyasızcasına “azad etmə” kimi qələmə verməyə çalışan təcavüzkar ölkədən, onun toplumundan hansısa konstruktivlik gözləməyə dəyməz...
Siyasət şöbəsi,
“Yeni Müsavat”