Mərkəzi Afrika Respublikasının prezidenti Fosten-Arkanc Tuadera Rusiyanın “RİA Novosti” informasiya agentliyinə müsahibəsində ölkəsində Rusiya hərbi bazasının yaradılması imkanlarının nəzərdən keçirildiyini bildirib.

O deyib: “Bizim Milli Müdafiə Nazilriyimiz ilə Rusiyanın Müdafiə Nazirliyi imkanları öyrənmək üçün birgə çalışmağa davam edirlər”.

Qeyd edək ki, 2018-ci ilin yayında azərbaycanlı jurnalist Orxan Camal, Aleksandr Rastorquyev və Kirill Radçenko Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkmək üçün həmin ölkəyə səfər ediblər. Jurnalistləri həmin qrupun yerləşdiyi bazaya, təlim məşq düşərgəsinə buraxmayıblar. Ardından onlar bu ölkədə qətlə yetiriliblər. Jurnalist qrupunun MAR-a "Vaqner" barədə film çəkmək üçün rusiyalı müxalif milyarder Mixail Xodorkovski tərəfindən göndərildiyi bildirilib.

Mərkəzi Afrika Respublikasında iğtişaşlar 2012-ci ildən davam edir. Həmin il hökumətin diqqətsizliyindən əsəbiləşən müsəlman dəstələri paytaxta hücum edərək çevriliş həyata keçiriblər. Üsyançılara müqavimət göstərmək məqsədilə xristian qruplaşmaları yaradılıb və ölkədə soyqırımı başladılıb. 2016-cı ildə seçkilər keçirilib. Lakin zorakılıq törədən silahlı qruplaşmalar hələ də vəhşi əməllərini davam etdirir, maneçilik törədən hər kəsə qarşı çıxırlar. Əhalinin 25%-dən çoxu öz evlərini tərk edib. İqtisadiyyat məhv olub, əhalinin böyük bir hissəsi yoxsul vəziyyətdə yaşayır.

Analitiklər və bəzi diplomatlar bildirirlər ki, Mərkəzi Afrika Respublikası Rusiyaya plan təklif edib, həmin plana əsasən Rusiya faydalı qazıntıların hasilat hüququ müqabilində neft və minerallarla zəngin başqa ölkələrə ixrac edə bilər.

Aqreqtor.az saytının məlumatına görə, “Nyu York Tayms” qəzetində Dion Sirsi (Dionne Searcey) adlı müəllif bu barədə belə yazıb: “Bütün ölkəyə yayılan rusiyalı muzdlular yerli əsgərlərə təlim keçirlər. Mərkəzi Afrika Respublikasının prezidenti keçmiş rus casusunu özünün təhlükəsizlik müşaviri təyin edib. Yerli və qərb rəsmilərinin sözlərinə görə, rus iştirakının mərkəzi fiquru prezident Vladimir Putinin etibar etdiyi şəxs Yevgeni Priqojindir”, - nəşr məlumat verir.

Məqalədə deyilir: “Rusları müsbət qarşılayan Mərkəzi Afrika Respublikası ümid edir ki, sabitlik qanuni yolla daha çox almaz satmağa və bu vəsaiti ölkənin bərpasında istifadə etməyə imkan yaradacaq”.

Lakin məqalə müəllifi Rusiyanın təqdim etdiyi yardımın baha başa gəldiyini yazır: “Rusiya almaz satışının qanuni hesab edildiyi hər yerdə hökumətlə hasilat razılığı əldə edib. Bu da onu göstərir ki, Rusiyanın ölkəyə gəlişi əldə edə biləcəyi gəlirlə sıx əlaqəlidir. Mərkəzi Afrika Respublikasının hökumət üzvləri, qərb məmurları və bəzi səhra komandirlərinin sözlərinə görə, rusiyalı agentlər amansız qətl hadisələrində əli olan üsyançılarla da əməkdaşlıq edirlər. Məqsəd ticarətin qadağan edildiyi bölgələrdə almaz əldə etmək, qanunsuzluqdan sərvət toplamaqdır. Halbuki, onlar ölkəyə məhz bu qanunsuzluğu aradan qaldırmaq üçün dəvət ediliblər”, - nəşr qeyd edir.

“Priqojinin ölkə işlərindəki rolu beynəlxalq narahatlığa səbəb olub. Ötən il onun almaz və qızıl hasiləti ilə əlaqələrini araşdıran üç rusiyalı jurnalist şübhəli şəraitdə qətlə yetirilib. MAR hökuməti hadisə ilə bağlı araşdırılma aparıldığını bəyan edib. Rusiya rəsmiləri insidentlə əlaqələrini təkzib ediblər. Priqojinin nümayəndəsi isə şirkətin hasilat və təhlükəsizlik əməliyyatları haqqında sualları cavablandırmaqdan imtina edib”, - “The New York Times” yazır.

Məqalədə deyilir: “Amerika seçkilərində olduğu kimi, ölkəyə nəzarət uğrunda mübarizə KİV və sosial şəbəkələrdə də aparılır. Priqojinlə əlaqəli rus muzdlular ölkəyə axışmağa başladıqdan sonra “Facebook” səhifələrində rusyönlü mövzular yayılıb, yerli sakinlərin üzərində böyük qırmızı ürək və “Rusiya 2018” şüarı təsvir edilən futbol maykalarında fotoşəkilləri nümayiş etdirilib”.

Hurriyyet.org