BƏŞƏR ƏSƏDİN MÜMKÜN VARİSİ:"Pələng" ləqəbli general Süheyl Həsən kimdir?

25-10-2019, 17:11   

Süheyl Həsən və Əsəd əl sıxırlar / Foto: SANA

 

Əli Kamal Erdem

“Independent Turkish”, 23.10.2019

 

Suriyada 8 ildir davam edən müharibədə Bəşər Əsəd və onun varisi ola biləcək “Pələng” ləqəbli komandir Süheyl Həsən ilk dəfə eyni kadrda görünüb. Kimin üçünsə qəhrəman və digərinin nəzərində hərbi cani olan bu şəxs kimdir?

Vətəndaş müharibəsi başlayandan bəri ilk dəfə Bəşər Əsədin İdlibin cənubuna səfəri dünya ictimaiyyətinin diqqətini cəlb edib.

Bu səfər zamanı daha çox vacib bir detal nəzərə çarpıb. Əsədin əlini sıxan yüksək səviyyəli komandirlər arasında “Pələng” Qüvvələrinin komandiri briqada generalı Süheyl Həsən da olub.

Digər fotolarda özündən rütbəcə böyük komandirlərin arxasında görünsə də, Süheyl Həsən indi Əsədlə birlikdə Suriyada ən məşhur simalarından biridir.

 

İlk dəfə Hələbdə açıqlanan ad

Müharibə başlayana qədər sıradan bir zabit, polkovnik rütbəsində olan Süheyl Həsən qarşıdurmaların Əsəd qüvvələri lehinə olmadığı 2013-cü ildə Hələbdəki müxalifət mühasirəsini qırmağı bacararaq adını tanıdıb.

Müvəffəqiyyətinə görə Əsədin onu “əl-Nimr” (“Pələng”) ləqəbi ilə tanıtması isə eyni adlı hərbi birləşmənin adı ilə bağlıdır.

Generalın ən məşhur hərbi uğuru Hələbin mühasirə halqasını qırması və müxaliflərin əlindəki tarixi Hələbi və Hələbin şərqindəki kəndləri İŞİD-dən qorarmasıdır.

Habelə qədim Palmira şəhərini və Humsun şərqindəki neft sahələrini geri qaytarması.

Başlanğıcda kiçik birləşmə olan “Pələng” uğurlarına görə durmadan böyüyüb. Yeni “Pələng” briqadaları yaradılıb. Süheyl Həsən rəhbər olsa da, ixtiyarında digər “Pələng” komandirlər var.

Təxminən 10-15 min nəfər olduğu düşünülən bu qoşun indi Suriya ordusunun ən vacib hücum qüvvəsidir.

“Pələng”lərin ordunun digər bölmələrinə nisbətən daha savadlı, daha yaxşı təchiz edilmiş və ideoloji cəhətdən daha hazırlıqlı olduğu bilinir. Onların əksəriyyətinin bu müharibəni özləri üçün ölüm-dirim mübarizəsi olaraq görən ərəb-ələvilər, yəni nüseyrilərdən ibarət olması da bəllidir.

 

Rus və İran dəstəyi

Müxaliflər “Pələng”lərin gücünün şişirdildiyini, Rusiya təyyarələri və İranın köməyinin yoxluğunda uğurun olmayacağını iddia edərək onları “Çəhrayı panteralar” adlandırırlar.

Əsəd tərəfdarları arasında qəhrəman sayılan Həsən müxaliflərin nəzərində mülki insanları düşünmədən əraziləri amansız bombardman edən hərbi cinayətkardır.

Səbəb nə olursa-olsun, “Pələng” Qüvvələrinin Əsəd üçün müvəffəqiyyətlə sona çatan bir çox döyüşlərin başında olması həqiqətdir. Üstəlik, bu qüvvələr Süheyl Həsənin şəxsiyyəti ilə ilə eyniləşdirilir.

Həsənin uğurları Əsədin mənsub olduğu nüseyri, yəni ərəb-ələvi və digər Əsəd tərəfdarları arasında şöhrətinin artmasına səbəb olub. Buna görə də, hətta müxalif dairələrdə Süheyl Həsənin Rusiya tərəfindən Əsədin yerinə hazırlanması və hətta Əsədi devirəcəyi iddiaları zaman-zaman irəli sürülür.

Ancaq cəbhədən kənarda görünməyən və siyasətlə bağlı heç bir açıqlama verməyən Həsən, Əsədə etibarlı əsgər imicini qoruyub-saxlayıb. Əsədin ondan şübhələnməsi üçün xətaya yol verməyib.

 

Rəqibsiz qalmış general

Briqada generalı İssam Zəhrəddin 2017-ci ildə vəfat edəndə Həsən Əsəd tərəfdarları arasında rəqibsiz qaldı / Foto: Twitter

 

Əsəd tərəfdarları arasında populyarlıq mənasında onunla rəqabət apara bilən yeganə şəxs 3 il Deyr əz-Zuru İŞİD mühasirəsində müdafiə edən dəruzi əsilli briqada generalı İssam Zəhrəddin idi.

Zəhrəddin 2017-ci ildə mina partlayışında öldükdən sonra Həsən bir əsgər olaraq Əsəd tərəfdarları arasında ən populyar hərbçi olub.

 

Robert Fiskin rəyi

Həsənin artan nüfuzu dünyaca məşhur Yaxın Şərq mütəxəssisi, “Independent”-in köşə yazarı Robert Fiskin də diqqətini çəkib.

2014-cü ildə Suriyaya səfəri zamanı Həsənlə görüşən Fisk onunla bağlı təəssüratlarını, “Bəşər Əsədin sevimli əsgəri “Pələng”…” başlıqlı məqalə yazıb. O, nüfuzlu hərbçini “həyatda gördüyüm ən qorxulu adam” kimi səciyyələndirib.

Fisk, Həsənin müharibə başlayandan bəri dörd il boyu oğlunu görə bilməməsindən şikayət etdiyini qələmə alıb. Həqiqətən də, Həsənin öz fotosu müharibənin əvvəlindən bəri cəbhə bölgələrindən başqa heç bir yerdə görünməyib. Fisk, eyni zamanda, Suriya şəhərlərinin divarlarında Əsədin yanında Süheyl Həsənin fotoşəkillərinin yanaşı olduğunu yazıb.

 

Ölüm iddiası

İdlibin 2015-ci ildə müxalifət tərəfindən ələ keçirildiyi qarşıdurmalar zamanı Həsənin öldüyü barədə şayiələr dolaşıb.

Bu iddiaların ardınca o həmişə fərqli simalarda ortaya çıxıb: gah bığlı, gah saqqallı…

İddiaya görə, Əsəd tərəfdarlarının mənəvi çökməsinə səbəb olmaması üçün Həsənin ölümündən sonra oxşarından istifadə edilib.

Əlbəttə, bu iddia heç vaxt sübuta yetirilməyib.

 

2017-ci ildə o, Rusiya ordusunun Baş Qərargah rəsi Geresimovdan hədiyyə qılınc və təşəkkür məktubu aldı.

 

Rusiyada hərbi təhsil-təlim

Onun haqqında məlumatlar fərqlidir.

Əsl adı Süheyl Salman əl-Həsəndir. 1970-ci ildə anadan olub. Bəzi mənbələrdə doğum yerinin Tartus, Hamanın Latbik mahalı, ya da Cəlbə olduğu iddia edilir.

1991-ci ildə Hərbi Hava Qüvvələri Akademiyasını bitirən və uzun illər Əsədin ən vacib sütunlarından olan Hərbi Hava Qüvvələri Kəşfiyyatında xidmət edən Həsənin Rusiya və İranda hərbi təhsil aldığı da deyilir. Müharibənin başlaması ilə 2011-ci ildə Hava Qüvvələri Kəşfiyyat komandiri Cəmil Həsən tərəfindən “Pələng” Qüvvələrinə rəhbər gətirilən Süheyl Həsən müharibə başlayandan bəri müxaliflərə qarşı sərt mövqe tutur.

 

“Pələng”lərin türk hərbçilərinə hücumu

Həsənin “Pələng”ləri son aylarda Hamanın şimalında rejimin əməliyyatda mühüm rol oynayıb. Eyni bölmələrin Türkiyə Silahlı Qüvvələrinə məxsus müşahidə nöqtələrini bombalanması da iddia edilir.

 

Yeganə ciddi məğlubiyyət

2011-ci ildən sonra ilk dəfə Əsədin İdlib ətrafındakı qoşunlara baş çəkməsi də mümkün İdlib əməliyyatının bir əlaməti olaraq düşünülür. Şübhə yoxdur ki, Əsədin bu əməliyyatdakı öncül gücü “Pələng”lər olacaq.

Maraqlıdır ki, 2015-ci ildə Süheyl Həsənin məğlubiyyətə uğradığı yeganə məkan müxaliflərin əlindəki İdlib əyalətidir.

Əslində, Həsənin o günlərdə Əsədlə telefon danışığı üzə çıxıb. Adamlarının yanında əlindəki peyk telefonu ilə Əsəddən silah istədiyinə çoxları şahid olub.

Bu təmasdan 4 il sonra 4-cü diviziyanın rəhbəri Mahir Əsəd (Əsədin qardaşı) ilə Həsənin mümkün İdlib hücumuna 5-ci Korpusun qoşulacağı da gözlənilir.

Ancaq əməliyyatın Suriya baxımından uğuru Rusiya və İranın nə səviyyədə dəstək verəcəyi və təbii ki, Türkiyənin də mövqeyindən asılıdır.

Tərcümə: Strateq.az

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.