YAQUB EYYUBOV HARADADIR? – Nə Bakıya gələn qonaqları qarşıladı, nə də …
25-10-2019, 17:13
Prezident İlham Əliyevin apardığı kadr islahatları ölkə gündəminin əsas mövzusu olaraq qalır. Həm mediada, həm sosial şəbəkələrdə, həm də ictimaiyyət arasında uzun illərdir ki, yüksək vəzifələri tutan şəxslərin Prezidentin tövsiyyəsindən sonra istefaya getmək məcburiyyətində qalması, eləcə də aparılan struktur islahatları və yeni təyinatlar geniş müzakirə olunur. Son həftələrin gündəmini birmənalı olaraq Prezident müəyyənləşdirir desək, yəqin səhv etmərik. Başlanmış islahatların, kadr dəyişikliklərinin ölkənin gələcəyi baxımından mühüm addım olduğu, əlbəttə mübahisə doğurmur! Xüsusilə, 70 yaşını keçən məmurların tədricən vəzifələrindən uzaqlaşdırılması ictimaiyyət arasında da rəğbətlə qarşılanır. Demək olar ki, dövlət aparatını, siyasi elitanı gəncləşdirən Prezident cəmiyyətin geniş dəstəyini qazanıb. Kadr dəyişikliyi prosesinin baş verdiyi bu ərəfələrdə bir siyasi fiqurun “gözə dəyməməsi” xüsusi maraq doğurur.Söhbət Baş Nazirin birinci müavini Yaqub Eyyubovdan gedir. Sonuncu dəfə Eyyubov mətbuatdaiş yoldaşları Hacıbala Abutalıbov və Əli Həsənovun istefasından sonra görünüb və həmkarlarının istefasına şərh verməyəcəyini deyib. Amma aradan keçən bir neçə gündə Yaqub müəllim nə mətbuatda, nə də televiziya kanallarında görünüb. Ən qəribəsi isə onun bu günlərdə Bakıda keçirilən Qoşulmama Hərəkatının zirvə toplantısında, tədbir iştirakçlarının qarşlanmasında görünməməsidir. Xatırladaq ki, Qoşulmama Hərəkatının Bakıda keçirilən zirvə toplantısında çoxlu sayda ölkənin Prezidenti, Vitse-prezidenti, Baş Naziri və parlament sədrləri iştirak edir.Ancaq belə əhəmiyyətli tədbirdə Yaqub Eyyubov görünmür! Halbuki, adətən indiyə qədər paytaxta gələn yüksək çinli dövlət xadimlərinin hava limanında qarşılanmasında Yaqub Eyyubov fəal iştirak edib.Demək olar ki, əksər dövlətlərin rəhbərlərini o qarşılsayıb və o da yola salıb. İndi isə ölkəyə bu qədər dövlət və hökumət rəhbərləri gəlsə də, heç birinin qarşılanmasında Yaqub Eyyubov iştirak etməyib. Hər halda rəsmi dövlət anetliyi “Azərtac”ın xəbərlər blokuna diqqət etdikdə, Yaqub Eyyubovun adına rast gəlinmir. Qoşulmama Hərəkatının XVIII Bakı Zirvə görüşündə iştirak etmək üçün Bakıya gələn yüksək çinli qonaqların qarşılayanların adlarına diqqət edək: Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu hava limanında baş nazirin müavini Şahin Mustafayev, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qanini baş nazirin müavini Əli Əhmədov, Cibuti Prezidenti İsmail Ömər Qellehi baş nazirin müavini Şahin Mustafayev, Venesuela Prezidenti Nikolas Maduronu Əli Əhmədov, Kuba Prezidenti Migel Diaz-Kaneli Əli Əhmədov, Pakistan Prezidenti Arif Alvini Əli Əhmədov, Esvatininin Kralı III Msvatini Əli Əhmdov, Sudan Prezidenti Abdul-Fattah Al-Burhanı Əli Əhmədov, Ekvatorial Qvineyanın Prezidenti Obiang Nguema Mbasogonu Əli Əhmədov, Əlcəzair Prezidenti Abdelkader Bensalahı Əli Əhmədov, Nepalın Baş Naziri Khadqa Prasad Şarma Olini Əli Əhmədov, Banqladeş Baş Naziri xanım Şeyx Hasinanı Əli Əhmədov, Bosniya və Herseqovinanın Rəyasət Heyətinin serb əsilli Sədri Milorad Dodiki xarici işlər nazirinin müavini Nadir Hüseynov, Namibiya Prezidenti Haqe Qotfrid Qeynqobu Əli Əhmədov, Liviyanın Baş Naziri Faiz Saracı Şahin Mustafayev, Malayziyanın Baş Naziri Mahathir Bin Mohamadi Şahin Mustafayev, İran Prezidenti Həsən Ruhanini Şahin Mustafayev, BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bandeni isə Azərbaycan Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Azər Hüseyn qarşılayıb. Başqa sözlə, hər zaman Azərbaycana gələn yüksək çinli xarici qonaqların qarşılanması səhnəsində fəal rol alan Yaqub Eyyubov bu qədər qonaqdan heç birinin qabağına çıxmayıb. Yeri gəlmişkən, Bakıda belə bir mühüm tədbirin keçirilməsi ilə paralel olaraq Moskvada MDB Hökumət Başçıları Şurasının iclası başlayıb. Ancaq rəsmi xəbərlərdə sözüedən toplantıda Azərbaycanın Baş Naziri Əli Əsədovun iştirak etdiyi bildirilib. Başqa sözlə, Yaqub Eyyubovun Moskvada keçirilən tədbirdə Baş Naziri müşaiyət edib-etməməsinə dair də hansısa informasiyaya rast gəlinmir. Bu halda sual yaranır: uzun illərdir ki, baş nazirin müavini işləyən, yaşı çoxdan 70-i keçən Yaqub Eyyubov haradadır? Elman AzPolitika.info