Ləğv edilməli olan “JEK”lərin iş günü: Arayış verir, pul yığır, su basan mənzillərə baxır, oğruyla bağlı polisə akt göndərir - RƏİSLƏR DANIŞDI

25-10-2019, 17:25   


Ləğv edilməli olan “JEK”lərin iş günü: Arayış verir, pul yığır, su basan mənzillərə baxır, oğruyla bağlı polisə akt göndərir - RƏİSLƏR DANIŞDI

Əhali arasında daha çox “JEK” kimi tanınan Mənzil İstismar Sahələrinin ləğvi illərdir gündəmə gəlsə də, məsələ kökündən həll olunmur. 

“JEK”lərin qanunvericilikdə ləğvi nəzərdə tutulub. Amma bu qurum fəaliyyətini hələ də davam etdirir. Mənzil Məcəlləsi birmənalı olaraq MİS-lərin fəaliyyətini qadağan edir. Yəni bu Məcəllədə MİS-lərin fəaliyyətinə icazə verəcək heç bir müddəa yoxdur. Buna baxmayaraq, bu qurumlar fəaliyyətini davam etdirməkdədir. 

Onu da qeyd edək ki, 30 noyabr 2018-ci il tarixində “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna dəyişikliyə əsasən, bu günə qədər mənzillərdən yığılan xidmət haqlarına tətbiq edilən vahid tarif ləğv edilib. Bu, o deməkdir ki, MİS-lər əhalidən mənzil pulu da yığa bilməzlər. Amma bəzi MİS-lər hələ də Sovet dövründən qalmış sistemlə çalışaraq, fəaliyyətlərini mənzil idarəçiliyi ilə bağlı müxtəlif istiqamətlərdə davam etdirirlər. Həm mənzil pulu yığır, həm arayış verir, üstəlik yerli icra strukturlarının görməli olduqları işləri görürlər. Əhalinin yaşadığı mənzillərin böyük əksəriyyətinin özəl olmasına rəğmən, onların idarə edilməsi hələ də MİS-lərin inhisarındadır. Bu isə mənzil mülkiyyətçilərinin hüquqlarını pozur. 

Cebhe.info bir neçə Mənzil İstismar Sahəsinin fəaliyəti ilə tanış olmaq üçün rəislərlə sorğu keçirib. “JEK” rəsmiləri hazırki fəaliyyətlərindən danışıblar. 

Nəsimi rayonu 15 saylı Mənzil - Kommunal İsrismar Sahəsinin rəisi Mirkazım Əliyev mənzillərin idarəçiliyi ilə bağlı demək olar ki, bütün işləri gördüklərini bildirib:

“Bütün ərazinin gün ərzində süpürülüb təmizlənməsi, məişət tullantılarının Balaxanı poliqonuna daşınması, əhalinin qəbulu, vaxtı-vaxtında arayışların verilməsi, bütün ərazilərdəki parklarda təmir-bərpa işlərində yaxından iştirak, ağacların əkilməsi, binalara baxışın keçirilməsi və digər abadlıq işləri ilə məşğuluq”. “JEK” rəsmisinin sözlərinə görə, onların balansında hündürmərtəbəli bina demək olar ki, yoxdur: 

“Balansımıza düşən ərazi 1 doqquzmərtəbəli, yeddimərtəbəli, beşmərtəbəli, üçmərtəbəli, ikimərtəbəli və birmərtəbəli binalardan ibarətdir. Bütün bu binaların mənzil işlərini görürük”. 

Suraxanı rayonu Yeni Günəşli “V” yaşayış massivi 62 saylı Mənzil - Kommunal İstismar Sahəsinin rəsmisi Günel xanımın sözlərinə görə, hazırda balanslarında olan binaların fasadlarının dəyişdirilməsi ilə məşğuldurlar: 

“Fasadlanma işinin yarısına biz, yarısına isə SOCAR baxır. Ərazidə abadlıq və təmizlik işlərinə cavabdehik. Mənzilləri su basanda ora əməkdaş göndərir və akt tərtib edirik. Hətta oğurluq halları baş verdikdə də akt tərtib edib, ərazi üzrə Polis Bölməsinə təqdim edirik. Mənzilin kvadratına və vətəndaş qeydiyyatına uyğun mənzil pulu yığırıq. Arayış veririk. Balansımızı əsasən doqquzmərtəbəli və dördmərtəbəli binalar təşkil edir. Əlillər üçün tikilən 2 bina da var”. 

Yasamal rayonu 22 nömrəli Mənzil- Kommunal İstismar Sahəsinin rəisi Mahir Salmanov isə deyib ki, onların səlahiyyətinə yalnız və yalnız ərazinin təmizlənməsi aiddir. 

Alçina Amilqızı
Cebhe.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.