Türkiyə Suriyadakı bütün hiyləgər planları pozdu: ABŞ və Qərb qəzəblidir

25-10-2019, 20:41   


Türkiyə və Rusiyanın daha da yaxınlaşaraq, Suriyada ortaq hərəkət etməsi bölgədə qüvvələr nisbətini dəyişdi

Türkiyənin Suriyaya qoşun yeridərək, “Barış Pınarı” antiterror əməliyyatına start verməsi bu qardaş ölkə ətrafında məqsədyönlü şəkildə yaradılmış situasiyanı dəyişdi. Türkiyənin davamlı təzyiq altında tutulmasına və gələcəkdə parçalanmasına hesablanmış planların qətiləşdirilmiş ssenariləri öz əhəmiyyətini itirdi.

Məsələ ondadır ki, Suriyada xaosun və terrorizmin ssenari müəllifləri bu ərəb ölkəsini parçalamağı və əvəzində Türkiyə ilə sərhəddə terrorçuların iştirakıyla yeni dövlət qurmağı planlaşdırırdılar. ABŞ və Qərb bunun üçün Suriyanın Türkiyə ilə sərhəd bölgələrinin terrorçuların nəzarətinə keçirilməsinə də nail olmuşdu. Həmin terrorçu qruplaşmalar həm himayə edilirdi, həm də təlimçilərlə və ən müasir silahlarla təmin olunurdu.

Son vaxtlarsa, terrorçu qruplaşmalar ciddi şəkildə güclənmişdilər. Hətta artıq dünya tarixində ilk dəfə olaraq, “terrorçular dövləti”ni elan etməyə hazırlaşdıqlarını biruzə verirdilər. Və Türkiyə üçün real təhlükə mənbəyinə çevrildiklərini açıq-aşkar sezdirməyə çalışırdılar.

Bəzi məlumatlara görə, Ağ Evdə də bu prosesin uğurlu yekunlaşması üçün ciddi şəkildə hazırlıq aparılıbmış. Hətta bəzi ehtimallarda ABŞ hərbi kontingentinin Suriyadan çıxarılma qərarı da məhz bu hazırlıqla əlaqələndirilir.

Məsələ ondadır ki, terrorizmə qarşı mübarizə şüarları altında Suriyaya yerləşdirilmiş ABŞ hərbçilərinin bölgədən çıxmasından sonra yaradılacaq “terrorçular dövləti”nə görə Ağ Evi suçlamaq bir qədər çətin olacaqdı. Çünki ittihamlara “Biz artıq o bölgədən çıxmışıq və orada baş verənlərə nəzarət edə bilmədiyimiz üçün hər hansı məsuliyyət də daşımırıq” məzmununda cavabın verilməsi mümkün olacaqdı.

Belə anlaşılır ki, rəsmi Ankara bütün bu oyunlardan vaxtında duyuq düşdü və öz qoşunlarını Suriyaya yeritdi. Əslində, rəsmi Ankara uzun müddətdən bəri idi ki, bölgədə antiterror əməliyyatına başlamaq üçün Ağ Evlə anlaşmağa çalışırdı. Ağ Ev isə bunun yolverilməz olduğunu və belə addımın atılacağı təqdirdə, Türkiyəyə qarşı ən sərt sanksiyaların tətbiq olunacağını vurğulayırdı.

Ancaq ABŞ hərbi kontingentinin Suriyadan çıxarılması qərarının rəsmən elan edilməsindən sonra Türkiyə “terrorçular dövləti”nin yaradılması prosesində sonuncu mərhələyə start verildiyini dəqiqləşdirmiş oldu. Və artıq bu dəfə demək olar ki, kimsəylə anlaşmağa ehtiyac duymadan dərhal hərəkətə keçdi.

Türkiyə qoşunları “terrorçular dövləti”n yaradılması nəzərdə tutulan ərazilərin nəzarətə götürülməsi istiqamətində irəliləməyə başladı. Antiterror əməliyyatından öncə sadəcə, dünya dövlətlərinin məlumatlandırılması yetərli hesab olundu.

Əsl hay-küydə elə bundan sonra başlandı. Terrorizmin və xaosun hökm sürdüyü həmin məkanda hər gün yüzlərlə insanın həlak olarkən, milyonlarla qaçqın həyatlarını xilas etmək üçün Türkiyəyə pənah apararkən israrla susan, baş verən fəlakətlərə reaksiya verməyən dövlətlər bir anda rəsmi Ankaraya qarşı “od püskürdülər”, təhdid yağdırdılar.

Əslində, gözlənilməz deyildi. Çünki rəsmi Ankara Türkiyə qoşunlarını Suriyaya yeritməklə, ABŞ və Qərbin “qaranlıq planlar”ını pozmuşdu. Ona görə də, ssenari müəllifləri ciddi şəkildə qəzəblənmişdilər və planlarını iflasdan xilas etməyə can atırdılar.

Ancaq artıq gec idi. ABŞ və Qərbin gözləmədi cəsarəti göstərən Türkiyə bütün təhdidlərə baxmayaraq, öz qətiyyətli qərarından geri çəkilmək niyyətində deyildi. Və rəsmi Ankara bütün riskləri gözə almişdı.

Belə vəziyyətdə ABŞ və Qərbin gücü yalnız terrorçu qruplaşmaların tam şəkildə əzilib, sıradan çıxarılmasının qarşısını almağa çatdı. Belə ki, Ağ Ev rəsmi Ankaradan beş günlük bir zaman istədi və bu müddətdə Türkiyənin bütün tələblərinin yerinə yetiriləcəyini və terrorçuların rəsmi Ankaranın müəyyənləşdirdiyi 32 kilometrlik məsafəyə qədər bölgəni tərk edəcəyini vəd etdi. Hətta ABŞ və Türkiyə arasında bununla bağlı rəsmi anlaşma da əldə olundu.

Buna paralel olaraq, Ağ Ev situasiyanı xilas etmək üçün daha bir hiyləgər gediş etdi. Belə ki, terrorçuların bölgəni tərk edərkən ərazilərin Əsəd rejiminə bağlı silahlı birləşmələrə təhvil verilməsini təmin etdi. Bununla da Ağ Ev Türkiyə qoşunlarının Əsəd rejiminin silahlı birləşmələriylə toqquşa biləcəyinə ümid bəsləyirdi. Belə bir toqquşma isə Əsəd rejimini dəstəkləyən Rusiyaya məxsus hərbi kontingentlə Türkiyə qoşunlarının savaşa girmə ehtimalını ciddiləşdirə bilərdi.

Təbii ki, rəsmi Ankara Ağ Evin bu hiyləgər gedişinin hədəfini anladığı üçün bu tələyə düşmədi. Əksinə, rəsmi Ankara bölgəyə Əsəd rejiminin nəzarət etməsinə qarşı olmadığını bəyanladı. Rusiya tərəfi isə bütün oyunlara baxmayaraq, Türkiyə qoşunları ilə toqquşma ehtimalı üzərində düşünmək belə, istəmədiyini vurğuladı.

Bununla da ABŞ və Qərbin daha bir hiyləgər planı poaulmuş oldu. Ancaq rəsmi Ankara bu uğurları ilə kifayətlənmək niyyətində deyildi. Və Türkiyə prezidentinin Rusiya lideri ilə görüşünün təşkili məsələsi qısa zaman içərisində razılaşdırıldı.

Ardıncasa, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Kreml sahibi Vladimir Putin tez-tələsik Rusiyanın Soçi şəhərində görüşdülər. Və bütün müzakirə edilən mövzular ətrafında elə tez-tələsik də anlaşdılar.

Kreml bəyan etdi ki, əgər terrorçular rəsmi Ankaranın ABŞ-la anlaşmasına uyğun olaraq, vaxtında bölgəni tərk etməzlərsə və bu səbəbdən Türkiyə qoşunları ilə toqquşmalı olarlarsa, Əsəd rejiminə bağlı silahlı birləşmələr və ərazidəki Rusiya hərbçiləri araya girməyəcəklər və baş verənlərə müdaxilə etməyəcəklər.

Bu isə Rusiyanın Türkiyəni tam şəkildə dəstəkləməsi və Əsəd rejiminin isə Kremlin təlimatlarına uyaraq, rəsmi Ankaranın atdığı addımlara loyallıq göstərməsi anlamına gəlir. Yəni terrorçuların Türkiyənin müəyyənləşdirdiyi təhlükəsizlik bölgəsində tutunması üçün heç bir faktor qalmayıb. İstəsələr də, istəməsələr də bölgənin təmizlənməsi artıq qaçılmaz xarakter daşıyır.

Üstəlik, ABŞ və Qərbin planlarının rəsmi Ankara ilə Kremlin ortaqlığı sayəsində pozulduqdan sonra bölgədə Türkiyə və Rusiya üstün mövqe qazanmaqdadır. ABŞ və Qərbin isə yenidən əvvəlki öz həlledici mövqeyini bərpa etməsi olduqca çətin məsələ təsiri bağışlayır.

Ona görə də, hazırda ABŞ və Qərb qəzəblidir. Türkiyə NATO ölkəsi olduğu halda, Rusiya ilə yaxınlaşmaqda suçlanır. Və bunun xoşagəlməz nəticələrinin ola biləcəyi ilə bağlı xəbərdar edilir.

Ancaq Türkiyə bütün bu bunlara baxmayaraq, öz hədəflərindən geri çəkilmək niyyətində deyil. ABŞ və Qərbin isə ən azından indiki situasiyada rəsmi Ankaranın Türkiyənin maraqları çərçivəsində atdığı qətiyyətli addımlara qəzəblənməkdən başqa heç nəyə gücü çatmır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.