Kirov Stalinin məşuqəsinə girişib və rədd cavabı alıb – rəhbərə xəyanət etməyən aktrisa bunu xəyanət sayıb

28-10-2019, 15:07   


O, 1920-ci illərin sonlarından başlayaraq SSRİ-də ən tanınmış incəsənət nümayəndələrindən biri sayılıb. Rusiyanın və Gürcüstanın xalq artisti, üç dəfə Stalin mükafatı laureatı Vera Davıdovanı məşhurlaşdıran təkcə onun aktrisalıq fəaliyyəti, istedadı olmayıb, o, həm də ölkənin birinci şəxsinin məşuqəsi olması ilə populyarlaşıb.

Vera Davıdava Kreml ziyafətlərində məclisin ən hörmətli yerində əyləşib, dövlət və hökumət tədbirləri ilə bağlı keçirilən konsert proqramlarında onun adı siyahıda birinci olub, hər çıxışından sonra səhnədə aktrisaya Stalinin adından gül buketi təqdim edilib.

İlk tanışlıqlarından sonra Stalin Vera Davıdovanı Leninqraddan Moskvaya gətirdib. Aktrisa Böyük Teatrda işə düzəlib, paytaxt Moskvanın mərkzində üçotaqlı mənzillə təmin edilib, həmkarlarından fərqli olaraq bir çox imtiyazlara malik olub.

Aralarındakı münasibəti gizlətməyə çalışsalar da, Stalinlə aktrisanın münasibətləri haqqında çoxları məlumatlı olub, xüsusilə də Kreml məmurlarının. Vera Davıdova müttəfiq respublikalara qastrollara gedəndə məhz Kreml məmurları yerlərdə birinci katibləri aktrisanın kim olduğu haqqında məlumatlandırıblar və onun üçün lazımi şəraitin yaradılmasına dair göstəriş veriblər. O cümlədən bu göstərişi həmin dövrdə Azərbaycanın birinci katibi olan Mircəfər Bağırov da alıb.

Münasibətlərin qeyri-rəsmi olmasına baxmayaraq, Vera Davıdova Stalinə vəfat etdiyi günə qədər xəyanət etməyib. Amma Stalinin özünə yaxın saydığı silahdaşları məqamı düşdükcə aktrisaya eşq elan ediblər, onu gizli görüşə dəvət etməkdən də çəkinməyiblər. Hətta bu məsələdə Stalinə xəyanət edənlərin arasında aktrisa ilə ailə həyatı qurmağa hazır olanlar da tapılıb.
Onlardan biri də vaxtilə Azərbaycanın birinci katibi olmuş, həmin ərəfədə isə Leninqrad vilayət Partiya Komitəsinin birinci katibi işləyən Sergey Mironoviç Kirov olub.

Stalin silahdaşlarının bu xəyanətindən və “acgözlük”lərindən bir çox hallarda xəbər tutub. Bəzi hallarda Vera Davıdovaya qadağalar da qoyub. O cümlədən Kirovun da aktrisaya münasibəti Stalində şübhə yaradıb. Bəlkə də elə bu şübhələrə görə aktrisanı bir neçə dəfə Leninqrad qastrollarından məhrum edib. Amma sonuncu qadağaların birində Vera Davıdova uzun təkidlərdən sonra Leninqradda 6 konsertin keçirilməsi ilə bağlı Stalindən razılıq ala bilib.

Qeyd edək ki, Vera Davıdova Stalinin həyatında olan qadınların arasında yeganə xanım olub ki, illər sonra o, birinci şəxslə münasibətləri haqqında geniş açıqlamalar verib. Bu münasibətlər haqqında “Stalinin məşuqəsinin etirafları” adında kitab da işıq üzü görüb. Aktrisa Leninqrada qastrolu ilə bağlı xatirələrini belə bölüşüb:

“Leninqradda mənə “Astoriya” mehmanxanasında yer ayrılmışdı. Çatdığım günün axşamı mehmanxanaya bir qadın gəldi. Mehriban, gülərüz bir xanım idi. Salamlaşıb hal-əhval tutduqdan sonra ciddi bir görkəm alaraq dedi:

- Sergey Mironoviç sizi evində şam yeməyinə dəvət edir.

Mən təklifdən imtina etmədim, zarafatla cavab verdim:

- Birinci katibin əmrini yetirmək hər bir kommunistin borcudur.

Aşağıda bizi maşın gözləyirdi, biz həmin maşınla Kirovun evinə yollandıq. O, dördotaqlı sadə bir mənzildə yaşayırdı. Məni gülərüzlə qarşıladı, süfrəyə dəvət etdi. Xeyli oturduq, zarafatlaşdıq, işimizdən danışdıq. Süfrə yığışdırılanda Kirov məni mənzilindəki iş otağına dəvət etdi. Kitab rəflərindən otağın divarları görünmürdü. Kirov sabahkı günün planları ilə maraqlandı. Mən konsertlərin iki gündən sonra başlayacağını söyləyəndə, o mənə öz bağına getməyi təklif etdi. Səhərisi gün biz bağa yollandıq. Əvvəlcədən hər şey hazırlanmışdı. Mühafizəçilər bizi tək qoydular. Kirov narahat və həyəcanlı görünürdü və çox keçməmiş bunun səbəbini özü izah etdi:

- Vera, mənim içimdə məndən güclü bir şey var. Bu sizə olan sevgimdir. Çox arzulayıram ki, siz mənim uşaqlarımın anası olasınız.

Mən onu sakitləşdirməyə çalışdım:

- Sergey Mirionoviç, gəlin çox dərinə getməyək, xahiş edirəm bu haqda danışmayaq.

- Onda mənim bir sualıma cavab verin.

- Buyurun.

- Siz həqiqətən də Stalini sevirsiniz?

- Bu mənim şəxsi işimdir və mən belə suallara cavab vermirəm.

Belə söhbətlər məni çox qıcıqlandırırdı və mən özümü narahat hiss etməyə başladım. O isə danışmaqda davam edirdi:

- Yaxınlarda mənim 40 yaşım tamam olacaq. Mənim həyat yoldaşım ana olmaqdan məhrumdur. Nə qədər ki, gənc idik bir-birimizi sevirdik. Amma sizi ilk dəfə konsertdə gördükdən sonra yalnız sizin haqqınızda düşünməyə başladım. Amma mən gecikmişdim. Stalin qabağa düşmüşdü. Siz axı bu insanda nə tapmısınız? Bu adam korlanmış bir adamdır. Kobud, qəddar, özünə güvənən, sürüşkən bir adam. Biz hələ ki, məcburuq ona dözməyə. Amma addım-addım biz onu bütün vəzifələrindən uzaqlaşdıracağıq. Siz bir az ehtiyatlı olun. Bu adamın hər yerdə qulağı var və qisas almaqdan da zövq alır.

Kirov bir müddət susdu, sonra mənə yaxınlaşdı:

- Sizi öpmək olar?

Mən güclə onun məni qucaqlamaq cəhdindən yayına bildim. O, incik halda üzünü pəncərəyə tərəf tutdu:

- Siz mənim hisslərimi anlamırsınız, mən sizsiz yaşaya bilmirəm.

- Mən isə sonuncu dəfə sizə deyirəm, sizin hissləriniz mənim üçün maraqlı deyil.

Çox keçməmiş biz Leninqrada qayıtdıq. O məndən incimişdi. Mən isə sakitcə düşüncələrə dalmışdım. Düşünürdüm ki, Stalinin çox böyük inam və hörmət bəslədiyi bir şəxs onun məşuqəsinə eşq elan edir. Mən bunu xəyanət kimi qəbul edirdim...”

Vera Davıdovanı isə qarşıda belə xəyanətlər hələ çox gözləyib. Hələ qarşıdakı illərdə Georgi Malenkov ona eşq elan edəcəkdi, “NKVD”-nin ilk şefi Genrix Yaqoda ziyafətlərin birində Stalindən beş-on metr aralıda onu yataq təklifi ilə təəcübləndirəcəkdi, Lavrenti Beriya ehtiraslı baxışları ilə onu məngənə kimi sıxacaqdı. O isə üzü çopurlu, bir qolu qurumuş qoca Stalinə heç vaxt xəyanət etməyəcəkdi...

İlham Cəmiloğlu, Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.