“Azərbaycan İŞİD-i terror təşkilatı kimi tanımır”

15-07-2014, 10:07   
“Azərbaycan İŞİD-i terror təşkilatı kimi tanımır”Azərbaycan “İraq və Şam İslam Dövləti” qruplaşmasını rəsmi şəkildə terror təşkilatı kimi tanımır.
Deputat Aydın Mirzəzadə bununla bağlı Axar.az-a danışarkən qeyd etdi ki, Azərbaycanın rəsmən terror təşkilatı kimi tanıdığı təşkilat yoxdur:
“Azərbaycan praktikasında xarici ölkələrin hansısa təşkilatını terrorçu elan etmək praktikası yoxdur. Həmçinin bunun hüquqi nəticələri ilə bağlı hansısa presedent də yoxdur”.
A.Mirzəzadənin sözlərinə görə, Azərbaycanda terror aktları həyata keçirmiş erməni təşkilatı “ASALA”nı belə rəsmən terror qruplaşması kimi tanımırıq:
“Bu gün Amerikanın İŞİD-i terror təşkilatı kimi qəbul etməsi kifayətdir ki, Azərbaycan da bu qruplaşmanı terror təşkilatı kimi tanısın. Amerika dünyada əsas söz sahibi olan ölkələrdəndir. O, dünyada baş verən hadisələrə hüquqi və siyasi qiymət vermək gücünə sahibdir. ABŞ-ın dünyada sahib olduğu güc və imkanlar buna şərait yaradır. Azərbaycan isə ABŞ qədər bu imkanlara sahib deyil”, - deyə, deputat vurğuladı.
Millət vəkilinin sözlərinə görə, bu presedent bir çox ölkələrə aiddir:
“ABŞ-da bunun qanunvericilik bazası və mexanizmi var. Məsələn, Amerika hansısa təşkilatı terrorçu elan etdikdə, o qurum bank sistemindən istifadə edə, Amerikadan hərbi texnika ala bilmir, maliyyə yardımı ehtimalı olmur, rəsmi orqanlarla əlaqəyə yaradılmır və s. ABŞ-ın bu mövqeyi isə digər ölkələrin də həmin qurumla münasibətlərini nizamlayır”.
A.Mirzəzadənin fikrincə, Azərbaycanın İŞİD-i nə vaxtsa terror təşkilatı kimi tanıması ölkə üçün heç bir təhlükə yaratmayacaq:
“Bu gün İŞİD İraq və Suriya üçün təhlükədir. Digər dövlətlər üçün heç bir təhlükəsi yoxdur. Bu iki ölkənin dövlət aparatı zəifdir, üstəlik hakimiyyət orqanları da səmərəli fəaliyyət göstərmir. Onların güc strukturları öz üzərinə düşən vəzifəni yerinə yetirmir. Bu gün təşkilatlanmış istənilən silahlı qüvvələr İŞİD-i məhv etmək iqtidarındadır. İŞİD güclü silahlanaraq İraq və Suriyanın nəzarətsiz qalmış ərazilərini zəbt edir. Ancaq digər dövlətlər üçün İŞİD təhlükə yarada bilməz”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar