Kriminal hesablaşma ilə bağlı məhkəmə hökm verdi- Keşlədə avtomatla törədilən qətlin TƏFƏRRÜATI

20-02-2021, 18:29   



 

Keşlə qəsəbəsindəki güllələnmə hadisəsinə görə məhkəmə araşdırması başa çatıb. İş üzrə təqsirləndirilən şəxs aldığı cəzadan şikayət verib.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə ittiham edilən Zaur İsmayılovun cinayət işi üzrə məhkəmə araşdırması yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən məhkəmənin yekununda Z.İsmayılov 18 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Zaur İsmayılov odlu silahdan açdığı atəşlə “Hyundai” markalı avtomobili idarə edən Tural Babayevi və sərnişin Asif Bağırovu güllələyib.
0f2ab2f1-b4f2-4b2e-b982-b62344033035.jpg (135 KB)
Hadisəni törətmiş Z.İsmayılov könüllü olaraq Nizami RPİ-yə gedərək təslim olub və cinayəti törədərkən istifadə etdiyi “AK” markalı silahın yaşadığı Keşlə qəsəbəsindəki evdə olmasını bildirib.
1991-ci il təvəllüdlü Tural Babayev hadisə yerində ölüb. 1988-ci il təvəllüdlü Asif Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb və onun həyatını xilas etmək mümkün olub.
İlkin məlumat belə idi ki, hadisə kriminal qruplaşmalar arasında “hesablaşma” zəminində olub.
Vaxtilə Rövşən Lənkəranskinin klanına daxil olmuş şəxs "Lotu Quli"nin adamını odlu silahla öldürüb.
Məlumatda bildirilirdi ki, İsmayılov vaxtilə "qanuni oğru" Rövşən Caniyevin (Rövşən Lənkəranski, 2016-cı ilin avqustunda İstanbulda qətlə yetirilib) rəhbərlik etdiyi kriminal qruplaşmaya daxil olub. Qətlə yetirilmiş Tural Babayev isə digər "qanuni oğru" Nadir Səlifovun (Lotu Quli) klanına daxildir. İddia edilirdi ki, münaqişəyə səbəb Babayevin təzyiq vasitəsilə İsmayılovu öz bandası tərəfə keçirməyə təhrik etməyə çalışması olub. İsmayılov isə Babayevin bu təhrikini qətiyyətlə rədd edib və cavabını onu fiziki cəhətdən aradan götürməklə verib.
Məhkəmədə isə hadisənin başqa səbəbdən baş verməsi ilə bağlı iddia səsləndirilib.
Belə ki, təqsirləndirilən şəxs hadisənin kriminal hesablaşma olmadığını deyib. Bildirib ki, mərhum Turalla bir məhəllədə yaşayıb. Həmin ərəfədə Tural həbsdən yeni çıxıbmış. Zaurun dediyinə görə, Tural həbsdən çıxandan sonra dostları ilə görüşüb. Məclisə çağırılan Zaura Tural irad bildirib. Deyib ki, həbsdə olan zaman onun yanına niyə gəlməyib?
1fecd688-7e98-42f2-9c36-d3b4d06db077.jpg (88 KB)
Zaur deyir ki, Tural buna görə ona 4 min manat "tas" qoyub. Bildirib ki, həmin məbləği çatdırmalıdır. Buna görə də tərəflər arasında bir neçə dəfə mübahisə olub.
Həbs edilən Zaur deyir ki, artıq özü və ailəsi təhlükədə olub. Sonuncu hadisə baş verən gün isə ailəsini evdən göndərib.
Zaur qardaşı ilə ailəsini qohumlarının evinə yola salıb. Bu ərəfədə isə Zaur evdə olan silahı hazır vəziyyətə gətirib.
Qətlə yetirilən Tural isə dostu ilə birlikdə Zaurun maşınını təqib edib. Məhəlləyə qayıdanda Zaur əlində silahla Turalın idarə etdiyi maşını atəşə tutub.
Zaur atəş aça-aça maşının ətrafında dövr edib. O, bütün istiqamətdən maşında olan şəxslərə atəş açıb. Daha sonra da silahı evə qoyaraq, hadisə yerindən uzaqlaşıb. Bir müddət sonra isə polisə gedərək təslim olub.
Hadisə zamanı güllə yaraları alan Asif hadisənin təfərrüatı barədə tam məlumatlı olmadığını deyib. Turalla Zaur arasındakı mübahisədən xəbərsiz olduğunu iddia edib.
Qeyd edək ki, Z.İsmayılov aldığı 18 il 6 aylıq cəzadan narazı qalaraq Bakı Apelyasiya Məhkəməsinə müraciət edib.
İlkin Muradov
Anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar