Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində və istifadəsində ittiham olunan 41 yaşlı Füzuli rayon sakini Səfail Nuriyev və 27 yaşlı Lənkəran rayon sakini Kənan Məmmədlinin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Virtualaz.org-un xəbərinə görə, əvvəllər xuliqanlıq etdiyi üçün məhkum olunan Səfail Nuriyevin narkotik maddələrin satışı ilə məşğul olması barədə Xətai Rayon Polis İdarəsinə (RPİ) məlumat daxil olub. Məlumat əsasında əməliyyat qrupu yaradılıb.
Ötən il iyulun 18-də S.Nuriyevin paytaxtdakı “Happy” otelinin qarşısında bir nəfər şəxsə pul verib nəsə aldığı və dərhal oradan uzaqlaşdığı müəyyənləşdirilib. Polis əməkdaşları tərəfindən saxlanılan Səfail pul verib aldığı əşyanın metafetamin olduğunu, narkotik vasitəni Kənan adlı şəxsdən aldığını etiraf edib. Məlum olub ki, sevgilisi ilə birgə oteldə nömrə götürərək orada qalan Kənan özü də, sevgilisi də narkotik istifadəçisidirlər. Otel otağına daxil olan polis əməkdaşları Kənanı da, sevgilisini də polis idarəsinə aparıblar. Onların üzərinə baxış keçirilib. Baxış zamanı S.Nuriyevin üzərindən narkotik maddə olan metafetamin, K.Məmmədlidən isə 250 manat pul aşkarlanaraq götürülüb. Səfail 10 qram metafetamini tanışı Kənan Məmmədlidən 250 manata aldığını etiraf edib.
“Xahiş etdim ki, mənə “şüşə” tapsın...”Təqsirləndirilən Səfail Nuriyev ifadəsində uzun müddətdir narkotik aludəçisi olduğunu, son zamanlar “şüşə” adlandırılan, psixotrop maddə olan metafetamin qəbul etdiyini deyib: “Kənanla aramızda normal münasibətimiz var. Saxlanılmamışdan bir neçə gün əvvəl ondan xahiş etdim ki, mənə “şüşə” tapsın. Kənanın da narkotik istifadəçisi olduğunu bilirdim. O da tapacağına söz verdi”.
İyulun 18-də Kənan Səfailə zəng vurub, onu Neftçilər Xəstəxanasının arxasındakı otelin qarşısına çağırıb: “Kənan dedi ki, “şüşə” tapmışam, qramı 25 manatdır. 10 qram “şüşə”ni 250 manata almağa razılaşdım. Tanışım Səbuhiyə zəng vurub dedim ki, təcili məni Neftçilər Xəstəxanasının yanına apar, sonra da geri gətir. Əvvəl razılaşmaq istəmirdi, birtəhər razı saldım. Otelin qarşısında Kənandan “şüşə”ni götürüb tez geri qayıtdım. Maşına əyləşmək istəyəndə isə polislər saxladılar”.
Kənan isə “şüşə”ni dostu Nicatdan aldığını deyirTəqsirləndirilən Kənan Məmmədli ifadəsində bir neçə vaxtdır “şüşə” qəbul etdiyini, psixotrop maddəni markotik vasitələrin satışı ilə məşğul olan dostu Nicat Rzazadədən aldığını deyib: “ Səfail özünə görə “şüşə” istədi. Dedim, Nicat nə vaxt tapsa xəbər eləyəcəyəm”.
Kənan ifadəsində sevgilisi ilə dörd ilə yaxındır münasibətlərinin olduğunu, onunla birgə “şüşə” qəbul etdiyini də gizlətməyib. Deyib ki, polis əməliyyatında saxlanılmamışdan bir neçə gün əvvəl “Happy” otelində nömrə götürmüşdü, sevgilisi ilə birlikdə günə 40 manat ödəməklə orada qalırdı. Və həmin müddət ərzində Nicat onlara “şüşə” gətirib.
“Açdı baqajı, 1 kiloqrama yaxın metamfetamindən 10 qram çəkib götürdü...”“Oteldə qaldığımız müddətdə Nicat bir-iki dəfə yanımıza gəlib, “şüşə” gətirib, üçümüz birlikdə istifadə etmişik. Nicatla görüşəndə özüylə elektron tərəzi gətirmişdi. Özümüzə lazım olan qədərini çəkib götürdüm. Nicata dedim ki, tanışım Səfail də 10 qram “şüşə” istəyir. Nicat da maşının yük yerini açdı, 1 kiloqrama yaxın metamfetamindən 10 qram çəkib götürdü, şəffaf selofana büküb verdi. Ertəsi gün Səfailə zəng vurub dedim ki, gəlsin “mal”ı aparsın. Otelin qarşısında “şüşə”ni Səfailə verdim, pulu alıb cibimə qoydum. Bir neçə dəqiqə sonra polislər qaldığımız nömrəyə gələrək məni və sevgilimi polis idarəsinə apardılar. Nicat bizim polislər tərəfindən tutulduğumuzu görüncə oteldən qaçıb gedib”,-Kənan ifadəsində deyib.
“Yuxudan oyadıb dedi, hazırlaş, polislər gəlib...”Şahid qismində dindirilən A.Abdullayeva da anoloji ifadə verib. O, yuxarıda deyilənlərə əlavə olara bildirib ki, Nicat həmin gecə onlarla birlikdə oteldə qalıb: “Nicatı Kənanın dostu kimi tanımışam. Kənan ondan “şüşə” alırdı. Bir neçə dəfə qaldığımız nömrəyə gəlmişdi. Həmin gecə də Nicat bizim yanımızda qalmışdı. Günorta saatlarında Kənan məni yuxudan oyadıb “hazırlaş, polislər gəlib” dedi və getdi. Otaqda Nicatla tək qaldım. Nicat qaçmağı təklif etdi, razılaşmadım. Əl-üzümü yumaq üçün hamama girdim, çıxanda gördüm Nicat yoxdur. Bu vaxt polislər içəri girdilər, məni də polis bölməsinə apardılar. Orada bildim ki, Kənan Nicatdan aldığı “şüşə”ni Səfailə 250 manata satıb”.
Cinayət işi üzrə adı hallanan Nicat Rzazadə barəsində axtarış elan edilib.
Məhkəmə prosesi davam edir.
İnarə RafiqqızıVirtualaz.org