ABŞ Rusiyanı Cənubi Qafqazda küncə sıxır: Ağ Ev İrəvanı Kremldən “vurdu”

24-06-2022, 08:08   


Ağ Ev Minsk Qrupunu Rusiyanın əliylə “dəfn” etdi, rəsmi İrəvanın isə buna görə Kremldən başqa qınaya biləcəyi heç bir ünvan qalmadı... İndi Ermənistan üçün Rusiya ilə ABŞ arasındakı rəqabətdən qaynaqlanan növbəti “geopolitik labirint” demək olar ki, çıxılmaz xarakter daşıyır...

Cənubi Qafqaz uğrunda mübarizə intensivləşib. Hazırda əsas mübarizə Azərbaycan-Ermənistan sülh sazişinin hazırlanması prosesi üzərində indeksləşib. Uzun müddət Rusiyanın geopolitik monopoliyası altında olan regional münaqişələrin nizamlanması prosesində bəzi Qərb siyasi dairələri də vasitəçilik missiyasına iddia edirlər. Və Kreml bu iddialardan qətiyyən məmnun deyil.

Təbii ki, Rusiyanın bu regional rəqabət cəhdlərinə xüsusi həssaslıqla və qısqanclıqla, hətta bəzi hallarda aqressivliklə yanaşmasının səbəbləri tamamilə başadüşüləndir. Çünki, Cənubi Qafqazdakı bütün münaqişələr, separatizm bölgələri məhz Kremlin planları əsasında yaradılıb. Və birmənalı şəkildə Rusiyanın geopolitik maraqlarına xidmət edir.

ABŞ və Qərb də bu reallığı tam dəqiqliyi ilə anlayır. Ona görə də, bütün mümkün vasitələrlə Kremlin yaratdığı regional münaqişələrin nizamlanması prosesini Rusiyanın təsir dairəsindən çıxartmağa çalışır. Qərbdə anlayırlar ki, əgər, hər hansı regional münaqişənin nizamlanma “açar”ının Rusiyada olması barədə onilliklər boyu mövcud olmuş əminlik aradan qaldırılarsa, Kremlin Cənubi Qafqazdan sıxışdırılıb, çıxarılması da reallığa çevrilə bilər.

a975d1b6-458e-4a14-80a5-5842f469a7a0.jpg (187 KB)

Bütün bunları nəzərə aldıqda, ABŞ və Qərbin Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel üzərindən Azərbaycan-Ermənistan sülh danışıqlarını Rusiyanın nəzarətindən çıxartmağa çalışması qətiyyən gözlənilməz deyil. Rusiya buna nə qədər müqavimət göstərməyə çalışsa da, ABŞ və Qərbin Cənubi Qafqazdakı geopolitik proseslərə təsiri tədricən artmaqda davam edir. Bu rəqabətdə hətta ən xırda detallardan belə, böyük məharətlə istifadə edildiyi də qətiyyən diqqətdən yayınmır.

Maraqlıdır ki, ABŞ və Qərb Rusiya ilə rəqabətdə Azərbaycanla Ermənistan arasındakı mövqe ziddiyyətlərindən belə, yararlanmağı bacarır. Buna missal olaraq, ABŞ dövlət katibinin yardımçısı Karen Donfridin açıqlamasını göstərmək mümkündür. Ağ Ev rəsmisi bəyan edib ki, ABŞ ATƏT-in Minsk Qrupu çərçivəsində Rusiya ilə əməkdaşlığa hazırdır.

İlk baxışdan, ABŞ təmsilçisinin bu açıqlaması Azərbaycanın maraqlarına zidd, Ermənistanın mövqeyinə isə uyğun kimi görünür. Çünki, Azərbaycan “Dağlıq Qarabağ münaqişəsi”nin həll edildiyini, Minsk Qrupu həmsədrlərinin fəaliyyətinin artıq sona çatdığını vurğulayır. Bunun əksinə olaraq, rəsmi İrəvan isə hər imkanda iki ölkə arasında olan bütün problemlərin məhz Minsk Qrupu həmsədrlərinin iştirakı ilə həll edilməsinin vacibliyini qabardır.

Təbii ki, rəsmi İrəvan Ağ Ev təmsilçisi Karen Donfridin açıqlamasından məmnun qaldı. Hətta Paşinyan hakimiyyəti uzaq gedən nəticələr çıxararaq, ABŞ-ın son 30 ildə olduğu kimi, yenə də Ermənistana Azərbaycanla danışıqlar prosesini uzatmağa kömək edəcəyini düşündü. Halbuki, bu açıqlama ilə bağlı rəsmi İrəvanın nəzərə almadığı olduqca vacib və incə məqamlar da mövcuddur.

Məsələ ondadır ki, Ukrayna savaşı başlandıqdan sonra Rusiya dünyadan təcrid olunmuş vəziyyətə salınıb. Kreml hazırda demək olar ki, beynəlxalq müzakirələrdən kənarlaşdırılmış durumdadır. ABŞ da Rusiya ilə hər hansı siyasi-diplomatik təmasa qətiyyən həvəs göstərmir. Və deməli, ABŞ-ın Rusiya ilə Minsk Qrupu çərçivəsində əməkdaşlığı da əslində, mümkün deyil.

77a8a08fa6a5dff1f0e83379a22b7a23.jpg (417 KB)

Hələ bir neçə ay əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minsk Qrupu həmsədrlərinin fəaliyyətini dayandırdığını rəsmən bəyan etmişdi. O, bildirmişdi ki, Ukrayna savaşının başlanmasından sonra ABŞ və Fransa bu format çərçivəsində Rusiya ilə əməkdaşlıq etmək istəmədikləri barədə Kremli məlumatlandırıblar. Ona görə də, Minsk Qrupu artıq öz fəaliyyətini tamamilə dayandırıb və bunun məsuliyyəti digər iki həmsədr ölkənin üzərinə düşür.

Göründüyü kimi, Minsk Qrupu öz fəaliyyətini artıq bir neçə ay əvvəldən dayandırıb. Üstəlik, Kreml həmin vaxt bunun günahını məhz ABŞ və Fransanın üzərinə yükləməyə çalışmışdı. Halbuki, rəsmi İrəvan Rusiya xarici işlər nazirinin bu barədə ictimailəşdirdiyi məlumatla razılaşmayaraq, bu qurumun Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması prosesinə cəlb edilməsinə çalışırdı.

Maraqlıdır ki, rəsmi İrəvanın Ağ Ev təmsilçisinin ümidverici bəyanatından duyduğu məmnunluq da uzun sürmədi. Belə ki, Kreml növbəti dəfə Minsk Qrupunun artıq mövcud olmadığını vurğuladı. Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova ABŞ və Fransadan olan həmsədrlərin əlaqələri birtərəfli və nümayişkaranə şəkildə kəsdiklərini xatırlatdı.

Onun fikrincə, bu davranış Minsk Qrupuna nəticələri düzəldilməsi mümkün olmayan zərbələr vurub: “Belə məsuliyyətsiz davranışların təkrarlanmayacağına qətiyyən təminat yoxdur. Həm də biz bundan sonra heç nə olmamış kimi də davrana bilmərik. Ona görə də yeni reallıqları nəzərə almağa məcburuq”.

Belə anlaşılır ki, rəsmi Bakının dediyi kimi, Rusiya Xarici İşlər Nazirliyi də Minsk Qrupu formatına geri dönüşün mümkün olmayacağına diplomatic eyham vurur. Ermənistan nə qədər narazı qalsa da, Rusiya Xarici İşlər Nazirliyinin bu mövqeyi Azərbaycanın maraqlarına tamamilə cavab verir. Və böyük ehtimalla bundan sonra rəsmi İrəvanın “Minsk Qrupu xəyalları” sadəcə, mənasız ümidlərdən başqa bir şey olmayacaq.

ade012ed-5500-4e6d-844e-ce5f1444d60d.jpg (236 KB)

Digər tərəfdən, əslində, Ağ Evə də ATƏT-ın Minsk Qrupu qətiyyən lazım deyil. Ağ Evdə çox gözəl anlayırlar ki, Azərbaycan bu formatı artıq qəbuledilməz hesab edir və ona geri dönüş niyyətindən çox-çox uzaqdır. Üstəlik, ABŞ və Qərb hazırda Cənubi Qafqaza yerləşmək üçün Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı Avropa Birliyi Şurasının vasitəçilik missiyasından istifadə edir.

Deməli, Ağ Ev rəsmisinin gözlənilmədən Minsk Qrupu çərçivəsində Rusiya ilə əməkdaşlıq etməyə hazır olduğunu bəyan etməsi sadəcə, bir diplomatik oyun xarakteri daşıyır. ABŞ bu açıqlamaya Rusiya rəsmisinin verdiyi reaksiya sayəsində Minsk Qrupunun ləğvinə görə siyasi məsuliyyəti yenidən Kremlin üzərinə yükləməyə nail oldu. Böyük ehtimalla Ağ Ev Kremlin bu məsələyə məhz M.Zaxarovanın dilindən çıxan məzmunda reaksiya gözləyirdi. Və bundan tamamilə məmnun qaldığı da qətiyyən şübhə doğurmur.

Məsələ ondadır ki, indi rəsmi İrəvan və Ermənistan cəmiyyəti də inkaredilməz fakt qarşısında qoyulub. Yəni, rəsmi İrəvanın Cənubi Qafqazdakı sülh prosesinə cəlb etməyə çalışdığı Minsk Qrupu məhz Ermənistanın müttəfiqi Rusiya tərəfindən bloklanmış kimi görünür. Və bu məsələ ilə bağlı Ermənistanın ABŞ-dan narazı qalmaq qalması üçün demək olar ki, heç bir səbəb qalmayıb.

Bütün bunlar onu göstərir ki, Ağ Ev bir tərəfdən, Minsk Qrupunu “dəfn” etdi. Ancaq bunu elə Rusiyanın vasitəsi ilə reallaşdırdı. Digər tərəfdənsə, rəsmi İrəvanı Kremldən növbəti dəfə narazı saldı. Çünki, indi Ermənistanın Minsk Qrupunun ləğvinə görə qınaya biləcəyi Rusiyadan başqa heç bir ünvan qalmayıb.

Şübhəsiz ki, bu baş verənlər Ermənistanın geopolitik maraqlarına sarsıdıcı zərbədir. Bu zərbəni də ABŞ vurmuş oldu. Ancaq Ağ Ev rəsmi İrəvanın maraqlarına zərbə vurarkən, Rusiyadan vasitə kimi istifadə etdi. Yəni, Hesab etmək olar ki, ABŞ Ermənsitanı Rusiyanın əliylə “vurdu”. Və indi rəsmi İrəvan üçün Rusiya ilə ABŞ arasında yaşanan regional rəqabətdən qaynaqlanan bu növbəti “geopolitik labirint” demək olar ki, çıxılmaz xarakter daşıyır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar