ABŞ-dan Əli Əiyevlə bağlı Azərbaycana çağırış

26-06-2022, 08:57   


Dövlət Departamenti insan haqları üçün əlverişli mühitin yaradılmasını vacib sayır

ABŞ Dövlət Departamenti iyunun 24-də Azərbaycan hakimiyyətinə Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin həbsi ilə bağlı çağırış edib.

“Biz Azərbaycan Konstitusiyası ilə təmin edilən əsas azadlıqlardan istifadə etmək hüququnu, habelə hökumətin beynəlxalq öhdəliklərini tam dəstəkləyirik”, – deyə departamentin açıqlamasında deyilir.

Açıqlama “Turan”ın “mühakimə olunan müxalifət partiyasının lideri və Azərbaycanda hakimiyyətini kəskin tənqid edən Əli Əliyevə verilən son hökmə münasibətiniz” məzmunlu sorğusu əsasında yayılıb.

Departament rəsmisi bildirib ki, onlar hakimiyyəti siyasi partiyaların, müstəqil medianın, QHT-lərin, dini qurumların və vəkillərin üzvlərinin sərbəst fəaliyyət göstərməsinə imkan verməklə insan hüquqlarının həyata keçirilməsi üçün əlverişli mühit yaratmağa çağırırlar.

İyunun 23-də Vətəndaş və İnkişaf Partiyasının (VİP) həbsdə olan sədri Əli Əliyevin cəzası daha 6 ay uzadılıb.

Yasamal Rayon Məhkəməsində son 6 ayda VİP sədrinə üçüncü dəfə hökm oxunub.

VİP sədri Əli Əliyev yanvarın 13-dən həbsdədir.

Foto: VİP sədri Əli Əliyevin arxivindən

O, 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan iki nəfərin iddiası əsasında həbs edilib.

Partiya sədri internet televiziyalarından birinə bu hadisəni şərh edərkən bildirib ki, telekanallarda helikopterdən sağ çıxmış hərbçilər kimi təqdim olunan və müsahibə verən iki nəfərin əslində hadisə vaxtı orada olduğuna inanmır.

Həmin şəxslər bu fikrinə görə Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Hər biri ayrı-ayrılıqda onun 6 ay azadlıqdan məhrum edilməsini tələb edib.

Əvvəl DSX-nın polkovniki Emil Cəfərovun iddiası əsasında CM-in 147.1 (böhtan) maddəsiylə VİP sədri yanvarın 13-də 5 ay azadlıqdan məhrum edilib.

Daha sonra Ramin Cəbrayılovun iddiası əsasında Əli Əliyev eyni maddə ilə təqsirli bilinib. Əvvəlki cəzası da birləşdirilməklə üzərində qəti olaraq 6 ay həbs cəzası saxlanılıb.

Partiya sədri özünü təqsirli bilmir, həbsini siyasi sifariş və ona qarşı təzyiqlərin davamı hesab edir.

Helikopter qəzasında ikisi polkovnik olmaqla, 14 nəfər müxtəlif rütbəli hərbçilər həlak olub.

Dekabrın 20-də Baş Prokurorluğun yaydığı açıqlamada bildirilib ki, pilotların eniş zamanı küləyin istiqamətini və sürətini nəzərə almaması, idarəetmədə yol verdikləri kobud səhvlər helikopterin qəzaya uğramasına səbəb olub.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar