BAYDENİN “TƏXRİBAT ELÇİSİ” İRƏVANA NİYƏ GƏLİB? - İlham İsmayıl bütün qaranlıq detallara aydınlıq gətirdi

19-09-2022, 13:01   




"Baş hədəfimiz Xankəndi olmalıdır...Ermənistanda artıq heç kim sülh istəmir!"


"Brüssel görüşündən sonra, sanki sülh müqaviləsinin yaxın aylara imzalanacağı görsəndiyi bir vaxtda, faktiki olaraq 44 günlük müharibənin “45-ci günü” kimi xarakterizə olunacaq ağır döyüşlər oldu və indi sülh prosesinin yenidən başlanması böyük suallar altındadır".

"AzPolitika.info" xəbər verir ki, bu fikirləri təhlükəsizlik məsələsi üzrə ekspert İlham İsmayıl son hadisələri şərh edərkən bildirib. 

Onun sözlərinə görə, Ermənistanda Azərbaycanla sülh imzalanmasını artıq heç kim istəmir.

"Yalnız Ermənistanda deyil, Xankəndidə də sıravi ermənidən tutmuş Araik Arutunyana qədər bir nəfər belə Azərbaycanın ərazi bütövlüyü əsasında sülh müqaviləsinin imzalanmasını istəmir və ellikcə əleyhinədirlər" - deyə, təhlilçi əlavə edib.

İ.İsmayıl bildirir ki, bunu istər İrəvanda, istərsə də Xankəndidə üç gündür davam edən mitinqlərdən və burada səslənən çıxış və çağırışlardan aydın görmək olar: "Müharibə bitəndə ermənilərin səsi də çıxmırdı, indi özlərini 1988-1990-cı illərdəki kimi aparırlar: “ artsaxa azadlıq”, “dağlıq qarabağ respublikası tanınmalıdır” və bu tipli şüarlarla yenidən Xankəndi meydanlarına çıxıblar. Nə baş verir və belə olduğu halda bizim hədəfimiz niyə məhz Xankəndi olmasın?"

Ekspert vurğulayır ki, bu ilin iyulun 15-də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin şefi Uilyam Börnsin gözlənilmədən İrəvana səfəri və xüsusi xidmət orqanları ilə deyil, baş nazir Nikol Paşinyan və Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşünün əsl mahiyyəti bu günlərədək sirr olaraq qalır: "Amma, 13 sentyabr sərhəd döyüşlərindən sonra baş verənlər bu səfərin strateji xarakter daşıdığı barədə müəyyən nəticələrə gəlməyə imkan verir. Sentyabrın 12-dən 13-nə keçən gecə başlanan hərbi təxribatdan bir saat sonra Paşinyan tələsik hökümət üzvləri ilə iclas keçirir və ilk növbədə KTMT-yə, Rusiya rəhbərliyinə, Fransa prezidentinə müraciətlər ünvanlayır və həmin saatlarda ABŞ senatorlarının bir neçəsi Azərbaycanın əleyhinə çağırışlar edir. Makronun təşəbbüsü ilə BMT TŞ-də Azərbaycanın “hücumu” müzakirəyə çıxarılır. Qərbin canfəşanlığı xüsusi qabarıq şəkildə görsənir. KTMT rəhbərliyi isə tərəfləri atəşkəsə çağırır. Ermənistanın “köməyə çağırışını” soyuqqanlı qarşılayaraq, yaranmış situasiyada sərhədə KTMT qüvvələrini göndərməyi məqsədəuyğun hesab etmir. Bu cavabı Ermənistan rəsmiləri gözləyirdi və həmin andan hakimiyyətin rəsmiləri-Armen Qriqoryan “Azadlıq” radiosunun erməni redaksiyasına müsahibəsində, parlamentin spikeri Alen Simonyan isə mətbuat konfransında Rusiyanın və KTMT-nin ünvanına kəskin tənqidi fikirlər bildirirlər.

Armen Qriqoryan jurnalistin “bundan sonra Ermənistan KTMT-ni tərk edəcəkmi” sualına, “qoy bu barədə KTMT rəhbərliyi özü düşünsün” cavabını verir.

Parlamentin spikeri isə KTMT-nin Ermənistan üçün gərəksiz bir qurum olduğunu dərk etdiklərini və bundan sonra artıq nə edəcəklərini yaxşı bildiklərini mətbuata elan edir. Və. elə bu vaxt məlum olur ki, ABŞ Nümayəndələr palatasının spikeri Nensi Pelosi İrəvana səfərə gəlir.



Tayvan səfərindən sonra Baydenin “təxribat elçisi” kimi tanınan bu 82 yaşlı xanım Berlindəki tədbirdən çıxıb tələsik İrəvana gəlir. Gəlişinin səbəbinin “ABŞ-ın sülhsevər, firavan və demokratik Ermənistana, sabit və təhlükəsiz Qafqaz regionuna sadiqliyinin güclü simvolu” olduğunu bildirən xanım Nensi bununla da Paşinyan iqtidarını müdafiəyə gəldiyini açıq bəyan etdi. Azərbaycan torpaqlarını 30 il işğalda saxlayan, sülh müqaviləsindən qaçan Ermənistanı sülhsevər, böhranda boğulan Ermənistanı firavan, terroru müdafiə edən hakimiyyəti demokratik adlandıran Pelosinin dediklərində sətiraltı anti Azərbaycan mövqeyinin olduğunu bilmək çətin deyil".

İ.İsmayıl xatırladır ki, xanım Pelosinin səfərinə bir gün qalmış ermənilər hava limanından gələn yolda asılmış rusiyayönlü reklam lövhələrini çıxarıblar.

"Xüsusən də Rusiya prezidenti Vladimir Putinin “Əbədi birlikdə” yazısı olan fotoları zibil qutularına atılıb. Paralel olaraq Ermənistan cəmiyyətində anti-Rusiya ajiotajı kəskin şəkildə güclənib, minlərlə erməni İrəvanın küçə və meydanlarına çıxaraq Nensi Pelosini qarşılayıb və Amerika rəsmisinə xoş olsun deyə Ukrayna bayraqlarını da əllərinə almağı unutmayıblar. İrəvan küçələrində həyəcan və şadlıq var. Pelosinin Ermənistana səfəri ümummilli hadisə, bayram kimi təqdim olunur. Börnsin səfərinin səsi iki aydan sonra çıxdığı kimi Pelosinin də üçgünlük səfərinin səsi sonra, amma tezliklə çıxacaq. Bu səsin bizim maraqlarımıza zərəri ola bilərmi", - ekspert sual edir.



İ.İsmayılın sözlərinə görə, ermənilər özlərini Ukrayna ilə müqayisə edib dünyanı qınayırlar ki, “Ermənistana Ukrayna kimi baxmırlar, kömək etmirlər”:"Paşinyan deyəndə ki, bizə silah satan yoxdu, bəlkə elə Amerikanın, Avropanın onlara da silah satmasını nəzərdə tutur. Amerika “Himars” raket komplekslərini Ermənistana verə bilərmi? İndi, əlbəttə, bu real görsənmir, Rusiya hələ Cənubi Qafqazda təsir imkanlarını itirməyib, Ermənistan və Azərbaycan ərazisində silahlı qüvvələri var. Amma, Rusiya addım-addım zəiflədiyi bir vaxtda biz Qarabağ siyasətində kəskin dönüş etməli deyilikmi?

Putinin Səmərqənddə hadisələrə münasibəti bizim maraqlarımıza heç də uyğun deyil. Diqqət edin: “Azərbaycanla Ermənistan arasında son sərhəd insidentinin Qarabağa heç bir aidiyyəti yoxdur. Bu, tamamilə başqa regionda, Azərbaycanla-Ermənistan sərhədində baş verib... Hər şeydən öncə, Rusiyanın təsiri ilə münaqişəni lokallaşdırmağa nail olunub. Ümid edirəm ki, bundan sonra da belə olacaq”. Yəni ki, Qarabağ Rusiyanın nəzarətindədir və iki ölkə arasında bundan sonra da konflikt harada baş verməsindən asılı olmayaraq, “bundan sonra da” onu Rusiya tənzimləyəcək. Əksinə, bütün baş verən hadisələr birbaşa Qarabağla bağlıdır. Qarabağ məsələsində son nöqtə qoyulmayınca, Ermənistan və Xankəndi arasında ermənilər maneəsiz hərəkət etdikcə, bu cür təxribatlar tez-tez olacaq, şəhidlər verəcəyik. Sərhəddə və qeyri yerdə baş verən qarşıdurmalar birbaşa Qarabağla bağlıdır. Biz də siyasətimizi dəhlizlərdən çox birbaşa Qarabağa, Xankəndiyə nəzarətə yönəltməliyik".

İlham İsmayıl vurğulayır ki, bölgədə qlobal güclərin maraqlarının toqquşması yeni fazaya qədəm qoymaq ərəfəsindədir. O, Ermənistan sülh müqaviləsi bağlamaqdan qaçdığını xatırladır:"Paşinyanın gündə, hətta saatda bir fikir dəyişməsi zamanın uzadılmasına və böyük güclərin Azərbaycana təzyiq edərək Qarabağda hansısa statusla razılaşacağına hesablanıb. Delimitasiya və demarkasiya danışıqları, Zəngəzur dəhlizi, sülh müqaviləsinin mətn layihələri ilə uzunmüddətə Qarabağ münaqişəsini, yaranmış mövcud status-kvonu dondurmağa çalışırlar. Sonrası isə..., sonra hadisələrin maraqlarımıza uyğun olmayan şəkildə inkişaf etməsi istisna deyil".



Təhlükəsizlik eksperti hesab edir ki, biz tezliklə Azərbaycan ərazisindən erməni silahlı qüvvələrini çıxarılmasına nail olub, ardınca qaçqınlarımızın keçmiş Dağlıq Qarabağ ərazisinə köçürülməsinə başlamalı, bununla da Rusiya hərbi kontingentinin nəzarət etdiyi ərazilərdə real dövlət suverenliyimizi tezliklə bərpa etməliyik.

"Xankəndi baş hədəfimiz olmalıdır. Baxın, düşmən özündə iradə tapıb, Xankəndi meydanlarında bizə yenidən meydan oxumağa başlayıb. Bu prosesə mane olmalıyıq.Siyasi, diplomatik gedişlərlə yanaşı digər təsirli vasitələrə də əl atmaq lazımdır. Ukrayna xüsusi xidmət orqanları Rusiyanın işğal etdiyi ərazilərdə ciddi işlər görür. Bu bizə nümunə olmalıdır. Detallarını açıqlamadan qeyd edək ki, bu işlərin təsiri daha effektli olur", - İlham İsmayıl qeyd edib.

Rasim

"AzPolitika.info"

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar