Avropa İttifaqına daxil olan ölkələr bu gün Rusiyaya qarşı sanksiyaların yeni paketini tətbiq edib. Bununla da Rusiyaya qarşı iqtisadi sanksiyalar artıq qüvvəyə minib.
Virtualaz.org saytı Qərb KİV-lərinə istinadən xəbər verir ki, bu qadağalar həm Rusiya şirkətlərinə, həm də fiziki şəxslərə şamil olunacaq.
Yeni sanksiyalar siyahısına Rusiyanın neft nəhəngləri “Rosneft”, “Transneft”, “Qazpromneft” şirkətləri daxil edilib. Avropanın kapital bazarı onların üzünə faktki olaraq bağlanıb.
Habelə müdafiə sənayesi korporasiyası olan “Oboronprom”, Birləşmiş Aviakorporasiya, “Uralvaqonzavod” da qadağaların təsiri altına düşüb. Bu şirkətlər səhmlər və istiqrazlar vasitəsilə maliyyələşmək imkanlarından məhrum ediliblər. Bundan əlavə, 9 rus şirkətinə ikili təyinata malik texnologiyalar satmaq qadağası qoyulub. Rusiya və Ukrayna vətəndaşı olan 24 vəzifəli şəxs də sanksiya tətbiq edilib.
Sanksiyalara görə, ABŞ və Avropa İttifaqı dünyanın nəhəng şirkətlərinə Rusiya ərazisindəki neft yataqlarının kəşfiyyatına sərmayə qoymağı qadağan edib. Söhbət Rusiyanın neft sənayesinin inkişafı üçün zəruri olan illik 425 milyard dollar kapitaldan gedir.