Milli Məclisin deputatı, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafaya qarşı naməlum şəxslər tərəfindən təşkil olunan sui-qəsd birbaşa ölkəmizdə siyasi sabitliyin pozulmasına yönələn cəhd kimi qiymətləndirmək olar.
Artıq Dövlət Təhlükəsizlik Xidməti baş verən hadisəni terror aktı adlandırıb. Ən maraqlısı budur ki, sosial şəbəkələrdə bir çoxları bu hadisənin arxasında İran İslam Respublikasının xüsusi xidmət orqanlarının və ya molla rejiminə yaxınlığı ilə seçilən qüvvələrin dayandığını iddia edirlər. Onlar müəyyən mənadə haqlı ola bilərlər. Çünki Fazil Mustafa ölkə ictimaiyyətində daha çox anti-İran mövqeli siyasətçi kimi tanınır.
Dəfələrlə, o, həm televiziya, həm də müxtəlif xəbər agentliklərinə müsahibəsində, hətta öz “Facebook” profilində belə İrandakı rejimə qarşı sərt tənqidi fikirlər səsləndirib, rejimin bütün region üçün təhlükəli olduğunu bildirib. Məhz bu fikirlərinə görə Fazil Mustafanın İrandakı molla rejiminə meyilli şəbəkələrin mütəmadi hədəfinə çevrildiyi müşahidə edilib. Ancaq deputata qarşı sui-qəsdin arasında başqa mərama xidmət edən üçüncü qüvvələr də dayana bilər.
Məsələ ilə bağlı siyasi şərhçi Elçin Alıoğlu Cebhe.info-ya açıqlamasında qeyd edib ki, müəyyən təxribatçı qüvvələr ölkəmizdəki vəziyyəti gərginləşdirmək məqsədi güdürlər. Söhbət zamanı o, bildirib ki, deputata qarşı təşkil olunan sui-qəsdin arasında İrandakı molla rejiminə bağlı olan ünsürlərin dayanması istisna ola bilməz:
“İlk növbədə qeyd edim ki, hər hansı kiçik terror aktı ilə Azərbaycanda xaos yaratmaq mümkün deyil. İctimai-siyasi vəziyyəti gərginləşdirmək, müəyyən mənada problemlərin həllini gecikdirmək, yaxud ölkə rəhbərliyinin diqqətini yayındırmaq üçün bu, kiçik bir addım ola bilər. Məsələ ilə bağlı istintaq başlanılıb, araşdırmalar aparılacaq. Buna görə də indidən fikir söyləmək çətindir. Bəli, cəmiyyətimizdə çoxları bu hadisədə İran İslam Respublikasını günahlandırırlar, molla rejiminə qarşı ittihamlar irəli sürürlər. Amma məncə, yenə də bu məsələ ilə bağlı fikir yürütmək üçün tələsmək lazım deyil.
Ona görə ki, bu məsələdə bir neçə versiya var. Birincisi, deputata qarşı sui-qəsd heç də təsadüfü hadisə ola bilməz. Dövlət Təhlükəsizlik Xidmət bu hadisəni artıq terror aktı kimi dəyərləndirib. Məhz bu prizmadan yanaşmaq lazımdır. İkincisi, bu məsələdə üçüncü qüvvənin əlinin olması da istisna deyil. Kim deyə bilər ki, bu terror aktının törədilməsində məqsəd Azərbaycan və İran İslam Respublikası arasında gərgin münasibətləri həddən artıq gərginləşdirərək pik nöqtəyə çatdırmaq deyil?”
O bildirib ki, İslam Respublikasının Azərbaycan daxilində geniş və çoxşaxəli casus şəbəkəsi fəaliyyət göstərir:
“Bu casus şəbəkəsinə qarşı effektiv mübarizə aparılır və bundan sonra da aparılacaq. Çünki bu casus şəbəkəsinin məqsədi Azərbaycanda daim gərginlik və qarmaqarışıqlıq yaratmaqdır. Bu şəbəkənin qarşısında duran əsas məram və hədəf ölkəmizdə islam inqilabı ideyasını yaymaq, teokratik və klerikal rejim yaratmaqdır. Bu səbəbdən Azərbaycandan qaçaraq İrana “pənah” aparan yaramazlardan ibarət “Hüseyniyyə şəbəkəsi” yaradılıb.
Bu ad altında min cür oyundan çıxan bu ünsürlər gecə-gündüz və fasiləsiz olaraq sosial şəbəkələrdə Azərbaycanı hədələyirlər. İran İslam İnqilabı Korpusunun (SEPAH) tərkibində olan radikal və mühafizəkar kəsim də Azərbaycanı təhdid edir, ölkəmizin cənub sərhədləri boyunca təxribat xarakterli hərbi təlimlər həyata keçirir. Onların hər ikisinin məqsədi Azərbaycanda gərginlik yaradaraq inkişafımıza aparan yollarda əngəllər yaratmaqdır”.
Elçin Alıoğlu həmçinin üçüncü qüvvə və bu qüvvənin kimlərdən ibarət olması barədə də fikirlərini səsləndirib:
“Üçüncü qüvvə İranın daxilində də ola bilər. Xatırladım ki, İran hakimiyyəti monolit deyil. Bu hakimiyyət çoxsaylı qruplaşmalardan ibarətdir. Qruplaşmalar əsasən mühafizəkarlar və islahatçılar qanadına bölünür. İranın indiki Prezidenti İbrahim Rəisi və ölkənin xarici işlər naziri Hüseyn Əmir Abdullahian mühafizəkarlar qanadında təmsil olunurlar. Lakin mühafizəkar kəsim həmkarlarının yürütdüyü siyasətdən çox narazıdır. Onlar hesab edirlər ki, İran daha radikal və aqressiv siyasət yürütməlidir. Üçüncü qüvvə deyəndə həmin mühafizəkarları nəzərdə tuturam. Məqsəd hər iki dövlət arasında münasibətləri daha da gərginləşdirərək öz istəklərinə nail olmaqdır”.
Yunis Abdullayev
Cebhe.info