Azərbaycan sərhəddə yüksəklikləri, yolları nəzarətə götürdüyünü, Ermənistan mövqelərinin dəyişmədiyini deyir

30-03-2023, 17:59   


Laçının Cağazur və Zabux kəndləri arasında yol

ŞƏKLİN MƏNBƏYİ,GOOGLE MAPS

Şəklin alt yazısı,

Laçının Cağazur və Zabux kəndləri arasında yol dövlət sərhəddindən keçir

Cümə axşamı günü Azərbaycan Müdafiə Nazirliyi Ermənistanla sərhəddə yerləşən Laçının Cağazur və Zabux kəndləri arasında yerləşən bir neçə hakim yüksəkliyi, əsas və yardımçı yolları, eləcə də sərhədboyu geniş sahələri nəzarətə götürdüyünü açıqlayıb.

Müdafiə Nazirliyinin məlumatına görə, bu addım yeni Laçın yolunun istifadəyə verilməsi ilə əlaqədar atılıb. "Yeni yol" dedikdə atəşkəs razılaşması əsasında ötən ilin yayında Azərbaycana təhvil verilmiş Laçın şəhərindən kənar keçməklə Ermənistanı Xankəndi ilə birləşdirən yol nəzərdə tutulur - bunu Müdafiə Nazirliyi BBC Azərbaycancaya təsdiq edib.

Nazirlik yüksəklik və yolların hansı hərbi əməliyyatlar zamanı nəzarətə götürülməsi və bu zaman itkilərin və qarşı tərəflə silhalı toqquşmanın olub-olmaması barədə sualımıza cavab verməkdən imtina edib.

Laçının Cağazur və Zabux kəndləri Ermənistanla sərhəddə yerləşir və kəndlərin arasındakı avtomobil yolu Ermənistanın Gorus bölgəsi ilə Azərbaycanın Laçın şəhərini birləşdirən yolun üzərindən keçir.

Bu ərazidən keçən Laçın dəhlizinin 6 kilometrlik hissəsi ötən ilin avqustunda Azərbaycana təhvil verilib.

Azərbaycan 2020-ci ildə Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatın şərtlərinə görə, bu yola alternativ avtomobil yolu inşa edərək onu təhvil verib.

Nikol Paşinyan: "Ermənistanın mövqelərində heç bir dəyişiklik olmayıb"

Nikol Paşinyan hökümətin iclasında deyib ki, Azərbaycanla sərhəddən ordu çəkilib yerinə sərhəd qoşunları gələcək

ŞƏKLİN MƏNBƏYİ,PRIMEMINISTER.AM

Cümə axşamı günü Ermənistanın baş nazir Nikol Paşinyan Nazirlər Kabinetinin iclasında deyib ki, Azərbaycan hakimiyyəti ilə "Dağlıq Qarabağ" arasında 2022-ci ilin avqustunda əldə edilmiş razılaşma nəticəsində yeni yolun istifadəyə verilməsi ilə Laçın dəhlizinin marşrutu dəyişdirilib.

“Lakin Laçın dəhlizini Ermənistanla birləşdirən yol tam hazır olmadığına görə, müvəqqəti marşrut açılmışdı, hansı ki Kornidzor körpüsü (Syunik vilayəti) üzərindən Ermənistan ərazisinə daxil olurdu, oradan yenidən Azərbaycan ərazisinə, sonra isə yenə də Ermənistan ərazisinə”, - Paşinyan deyib.

Paşinyanın sözlərinə görə, razılaşmaya əsasən, bu marşrut 2023-cü il aprelin 1-nə kimi işləməliydi.

“Dünən biz Azərbaycan tərəfinə bildirmişik ki, razılaşmaya əsasən, Kornidzor körpüsündən sonrakı yol yalnız Ermənistan ərazisindən davam edəcək və bu sahədə dövlət sərhədini Ermənistanın sərhəd qoşunları qoruyacaq”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, sərhəd qoşunları Ermənistanın dövlət sərhədində, indiyədək Müdafiə Nazirliyi bölmələrinin yerləşdirildiyi mövqelərdə yerləşdiriləcək.

Paşinyan deyib ki, bunu bəzi Azərbaycan mediası “növbəti blokbaster kimi təqdim edib”.

“Bu yanaşma ən azı qeyri-konstruktivdir. Bir də deyirəm, bütün bunların nəticəsində Ermənistanın mövqelərində hər hansı dəyişiklik baş verməyib, bir ondan başqa ki, biz mübahisəli hissəni sərhəd qoşunları vasitəsilə qorumaq niyyətindəyik, yəni Müdafiə Nazirliyinin bölmələri oradan çıxarılacaq, onların yerinə dövlət sərhədi boyunca sərhəd qoşunlarının bölmələri yerləşdiriləcək. Biz Azərbaycana da öz tərəfində bunu etməyi təklif etmişik və bu prosesin təxribatsız keçəcəyinə ümid edirik”, - Nikol Paşinyan bildirib.

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə deyib ki, Azərbaycan ordusunun dövlət sərhədində yüksəkliklər və yolları nəzarətə götürülməsi barədə məlumatların “Ermənistan tərəfindən gərginliklə qarşılanması və Baş nazirin bu məlumatı çıxışı zamanı şərh etməsi anlaşılan deyil”.

Bundan öncə isə martın 25-də Azərbaycan Qarabağda yüksəkliklər ələ keçirdiyi barədə məlumat yayıb.

Azərbaycan Qarabağda "yüksəkliyi ələ keçirib"

Ermənistan, Azərbaycan, ordu, Rusiya

ŞƏKLİN MƏNBƏYİ,GETTY IMAGES

Martın 25-də Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Silahlı Qüvvələri Şuşa rayonundakı "təmas xəttini keçərək Sarıbaba dağının şimal-şərqində bir yüksəkliyi ələ keçirib".

Rusiya bunu 2020-ci il 9 noyabr tarixində imzalanan üçtərəfli bəyannamənin "1-ci bəndinin pozulması" kimi qiymətləndirib.

Rusiya Müdafiə Nazirliyinin açıqlaması ilə bağlı Azərbaycan tərəfi hələlik hər hansı mövqe bildirməyib.

Rusiya Müdafiə Nazirliyinin açıqlaması ilə bağlı Azərbaycan tərəfi hələlik hər hansı mövqe bildirməyib.

Bundan əlavə, Rusiya Müdafiə Nazirliyi Azərbaycanın ələ keçirdiyi yüksəklikdə mühəndis istehkam postu qurmağa başladığını bildirib.

"Azərbaycan tərəfinin diqqətinə üçtərəfli bəyannamənin şərtlərinin yerinə yetirilməsi, eləcə də mühəndis işlərinin dayandırılması və silahlı qüvvələrini əvvəlki mövqeyə qaytarılması tələbi çatdırılıb", - Rusiyanın rəsmi qurumunun açıqlamasında qeyd olunub.


Azərbaycanın Müdafiə Nazirliyi martın 25-də yaydığı bəyanatda Laçın yolunun şimalındakı torpaq yollarda Azərbaycan Ordusunun bölmələri tərəfindən “lokal zəruri nəzarət tədbirlərinin” həyata keçirildiyini bildirib.

Nazirlik buna səbəb kimi son günlər Ermənistandan Azərbaycan ərazisindəki “qeyri-qanuni erməni silahlı dəstələri” üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının “intensivləşməsini” göstərib.

Dövlət qurumu bu daşımaların xüsusilə gecə vaxtı və dumanlı hava şəraitindən istifadə etməklə həyata keçirildiyini bildirib.

“Azərbaycan tərəfinin çoxsaylı müraciətlərinə və bu xüsusda aparılmış müzakirələrə baxmayaraq silah-sursat və digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması üçün bu günədək heç bir zəruri tədbir görülməmişdir. Yaranmış vəziyyət nəzərə alınaraq Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib”, - nazirliyin bəyanatında qeyd olunub.

Lakin nazirlik nəzarət tədbirlərinin nədən ibarət olduğunu açıqlamayıb.

Bundan əlavə, qurum bəzi dağlıq və torpaq ərazilərdə “qeyri-qanuni erməni silahlı dəstələri” tərəfindən yeni yolların çəkilməsi və köhnə cığırların genişləndirilməsi üzrə də işlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Bu məqsədlə, hərbi, mühəndis və xüsusi texnikadan, habelə işçi qüvvəsi kimi müqaviləli əsasda hərbi xidmətə cəlb olunmuş şəxslər və yerli sakinlərdən istifadə olunur, Azərbaycan MN bildirib.

Separatçı Dağlıq Qarabağın Məlumat Mərkəzi də Azərbaycan ordusunun “atəşkəs bəyannaməsini pozaraq cəbhə xəttini” keçdiyini bildirib.

Bununla bağlı bölgədəki Rusiya sülhməramlı qüvvələrin məlumatlandırıldığını deyən mərkəz Azərbaycan tərəfinin həmin yolla hərbi vasitələrin daşınması iddialarını təkzib edib.

“Dekabrın 12-dən etibarən başlayan blokadadan sonra bu yol Stepanakertlə (Xankəndi) Şuşi regionunda (Şuşa) olan dörd məntəqə arasında mülki və təcili kommunikasiya əlaqələrini qurmaq məqsədi ilə istifadə olunur”, - Məlumat Mərkəzinin yaydığı bəyanatda qeyd edilib.

Diplomatiyada söz müharibəsi

Rəsmi Bakı və Yerevan arasında hərbi müstəvidə qeydə alınan atəşkəsin pozulması ittihamlarını diplomatik söz müharibəsi müşayiət edir.

Azərbaycanın Xarici İşlər Nazirliyi martın 25-də yaydığı bəyanatda Ermənistanın Xarici İşlər Nazirliyini sülh sazişi üzrə danışıqların mahiyyətini “təhrif etməkdə və beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratmaqda” ittiham edib.

Buna əsas səbəb isə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın martın 23-də Misirin AlQahera xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanı Ermənistan ərazisini “işğal etməkdə, razılaşmalara məhəl qoymamaqda və sülh danışıqlarından yayınmaqda” günahlandırması olub.

Son vaxtlar sülh danışıqlarında maraqlı olduqlarını deyən Bakı və Yerevan arasında diplomatik səviyyədə qarşılıqlı itthamların daha da intensivləşdiyi müşahidə edilir.

Bundan əlavə, Azərbaycan və Ermənistanın Qarabağ ətrafında və sərhəd ərazilərdə atəşkəsin pozulmasına görə bir-birini ittiham etməsi halları da artıb. Bu, tərəflər arasında hərbi müstəvidə də gərginliyin getdikcə yüksəldiyini göstərir.

Ermənistanın xarici işlər naziri nə deyib?

Misirin AlQahera xəbər agentliyinə müsahibəsində erməni nazir bildirib ki, əgər Azərbaycan Ermənistan ərazisindən keçən yollar üzərində Ermənistanın suverenliyini və yurisdiksiyasını qəbul edərsə, o zaman rəsmi Yerevan bütün kommunikasiya xətlərini açmağa hazırdır.

Sülh danışıqları üzrə sərhədlərin delimitasiyası məsələsinə də toxunan Ararat Mirzoyan 2022-ci ildə bu istiqamətdə xüsusi komissiyaların yaradılmasına baxmayaraq, Azərbaycanın Ermənistana qarşı “yeni ərazi iddiaları və işğal aktı” həyata keçirdiyini deyib.

Ermənistanlı rəsmi bildirib ki, iki ölkə arasında sərhədlərin delimitasiyası üzrə parametrlərin müəyyənləşdirilməməsi “sülhün bərqərar olması ilə deyil, növbəti döyüşlə” nəticələnə bilər.

Bundan əlavə, Ermənistanın baş diplomatı Bakıya təklif etdikləri sülh mətnində silahlı qüvvələrin dövlət sərhədlərindən kənarlaşdırılması, hərbisizləşdirilmiş zonanın yaradılması, Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi üçün beynəlxalq mexanizmin qurulması kimi məqamların da yer aldığını, lakin Azərbaycanın bu təkliflərə etinasız yanaşdığını vurğulayıb.

Laçın dəhlizinin “hələ də blokadada” olduğunu deyən nazir, rəsmi Bakını noyabr Bəyannaməsinin şərtlərinə əməl etməməkdə günahlandırıb.

Bundan əlavə, Ararat Mirzoyan Azərbaycan tərəfinin “tez-tez Qarabağa qaz təchizatını” dayandırdığını, beləliklə də “hümanitar böhrana” səbəb olduğunu deyib.

Azərbaycanın reaksiyası nə olub?

Azərbaycanın Xarici İşlər Nazirliyi erməni nazirin müsahibə zamanı dediyi fikirləri sülh danışıqlarının mahiyyətinin “təhrif edilməsi və beynəlxalq ictimaiyyətdə çaşqınlıq yaratma” cəhdi kimi qiymətləndirib və bunun qəbuledilməz olduğunu deyib.

Qurumun sözçüsü Ayxan Hacızadə bildirib ki, Ermənistan nazirinin bu açıqlamaları Ermənistanın sülh sazişi üzrə danışıqlarda nə dərəcədə “manipulyasiyalara yol verdiyinin və prosesə qeyri-ciddi yanaşmasının bariz nümunəsidir”.

“Məlum olduğu kimi, sülh sazişi üzrə danışıqların tərəflər arasında razılaşdırılmış formatına və bu danışıqlarda müəyyən qaydalara əməl etməyə dair razılıqlara baxmayaraq, Ermənistan tərəfi dekabr ayında danışıqların növbəti raundunu boykot edib və danışıqları pozub. Ermənistan tərəfi sülh sazişi üzrə danışıqlara hələ də qayıtmayıb”, - nazirliyin rəsmisi vurğulayıb.

Qarabağdakı ermənilərin hüquq və təhlükəsizliyi ilə bağlı erməni nazirin dediklərinə cavab olaraq, Ayxan Hacızadə bildirib ki, bu müddəanın Azərbaycan-Ermənistan arasında ikitərəfli sülh sazişi layihəsinə daxil edilməsi səyləri beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq, Ermənistanın Azərbaycana qarşı “ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir və bu kimi cəhdlərin heç bir nəticəsi olmayacaq”.

Onun sözlərinə görə, bölgədə yaşayan erməni əsilli sakinlərin reinteqrasiyası Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericilik aktlarına uyğun olaraq təmin ediləcək.

Azərbaycanın bu istiqamətdə erməni sakinlərlə dialoq aparmaqda qərarlı olduğunu diqqətə çatdıran Hacızadə bu məsələdə “kənar müdaxilələrin” qarşısının alınacağını bildirib və Ermənistanı bu istiqamətdə Azərbaycanın fəaliyyətinə mane olmamağa çağırıb.

“Ermənistan tərəfini sülh sazişi üzrə danışıqlar masasına qayıtmağa və bu istiqamətdə ciddi iş aparmağa çağırırıq. Azərbaycan sülh sazişi üzrə danışıqlarda dərhal iştirak etməyə hazırdır”, - Azərbaycan XİN-in bəyanatında qeyd olunub.

“Vəziyyətdən narahatıq”

Regionda gərginliyin artması fonunda Avropa İttifaqı Şurasının Prezidenti Charles Michel martın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.

Bu barədə Twitter hesabında paylaşım edən avropalı rəsmi ölkə liderləri ilə son vəziyyəti müzakirə etdiyini bildirib.

“Aİ-nin iki ölkə arasında normallaşma prosesinə, eləcə də regionda sülh və sabitliyin daha inkişaf etdirilməsinə tövhə verməyə hazır olduğunu diqqətə çatdırdım”, - Charles Michel qeyd edib.

O, telefon danışığı zamanı rəsmi Bakı və Yerevan arasında gərginliyin artmasından da narahat olduqlarını bildirib, prezident.az saytı yazıb.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.