Təbrizdəki konsulluğumuz bağlanacaq? - Tehranın daha bir təhdidi

4-04-2023, 10:14   


Tehran Azərbaycana qarşı düşmən münasibətini davam etdirir; Bakıdakı səfirin əvəzlənməsi qərarının arxasında da bu planın dayandığı bildirilir; ekspertlərimizdən İran rejiminin anti-Azərbaycan mövqeyinə sərt cavablar

Deputat: “Bu aksiya təsadüfi yox, qəsdən planlaşdırılan düşmənçilik hərəkətdir”; STM əməkdaşı: “Azərbaycana qarşı ritorika daha da qəbuledilməz forma alıb; Təbrizdəki konsulluğumuzun fəaliyyətinə əngəl törətmək istəyirlər”

İran Azərbaycana qarşı düşmənçiliyini günbəgün daha aydın şəkildə büruzə verməkdədir. Xüsusilə də Azərbaycan dövlətinin İsraillə dostluq, əməkdaşlıq şəraitində davam edən münasibətləri, dövlətimizin Təl-Əvivdə səfirliyinin açılması, qarşılıqlı səfərlər İran rejimini ciddi şəkildə narahat etməkdədir.

Qəribəsi budur ki, 2020-ci ildə Ermənistanın İsraildə səfirliyinin açılmasını görməzdən gələn, üstəlik, bu addımdan sonra Ermənistanı bütün varlığı ilə bağrına basan, sərhədlərini “qırmızı xətt” adlandıran, Ermənistanın baş nazirinin həyat yoldaşını rəsmi tədbirdə yuxarı başda oturdan, şəhərlər arasında “bacı-qardaşlıq” müqavilələri imzalayan İran nədənsə Azərbaycanın İsraillə əlaqələrinə qıcıqlı və yersiz reaksiya verməkdədir. Azərbaycan dövlətinin öz ərazisindən heç bir ölkəyə qarşı, o cümlədən İrana qarşı istifadəyə yol verməyəcəyi barədə prinsipial mövqeyi uzun illərdən bəridir ki, ortadadır. Amma İran nədənsə sözü ilə əməli bir olan Azərbaycanı düşmən elan etdiyi, səfirliyimizə qarşı terror aktının keçirilməsinə şərait yaratdığı, Azərbaycanın daxilində casus şəbəkəsini işə saldığı halda, ona qarşı planlarda yer alan, ərazisinə Avropanın casuslarını, ABŞ-ın hərbçilərini ayrı-ayrı adlar altında toplayan və faktiki olaraq anti-İran koalisiyasında yer alan Ermənistana kürəyini çevirib.

Bu arada, millət vəkili Fazil Mustafaya qarşı törədilən sui-qəsdlə bağlı 6 nəfər saxlanılıb. Cinayət işi üzrə 6 nəfərin saxlanıldığı və digər şəxslərlə bağlı araşdırmaların aparıldığı məlum olub. Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib. Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb. Saxlanılan şəxslərin İran şəbəkəsinə daxil olduğu ilkin araşdırmalar nəticəsində bəlli olub. Sui-qəsdin təşkilatçısı Azər Kamran oğlu Səricanovdur. O, 1976-cı ildə Salyan rayonunda anadan olub, 2010-2019-cu illərdə 11 dəfə İrana səfər edib. Təkcə bu fakt çox məsələlərdən xəbər verir. Bir müsəlman ölkəsinin qonşu ölkədə, ona qarşı heç bir pis niyyəti olmayan məmləkətdə belə qanlı terror hadisəsi törətməsi qəbulolunmazdır və münasibətlərə ciddi şəkildə zərbə vurur. Hələlik İran nə Tehrandakı səfirliyimizdə törədilən terror aktı ilə bağlı izahat verir, nə də Bakıdakı qanlı terrorla bağlı mövqe açıqlayır. Üstəlik, bu ölkənin Azərbaycan mətbuatındakı yazılarla bağlı ölkəmizə nota verməsi nonsesdir.

Daha bir anti-Azərbaycan mövqeyinə bugünlərdə şahid olduq. Martın 31-də Təbrizdəki Baş Konsulluğumuz önündə bir qrup adam etiraz aksiyası keçirib. Bu barədə “Güney Azərbaycan” Teleqram kanalı məlumat yayıb. Aksiyanın məhz azərbaycanlıların soyqırım günü keçirilməsi də düşündürücüdür, İran bununla ermənilərə də isti mesaj vermiş olur. İsraildə səfirliyimizin fəaliyyətə başlamasına etiraz bildirən “aksiyaçılar” Təbrizdəki konsulluğun dərhal bağlanmasını tələb ediblər. Eyni gündə İran XİN-in mətbuat katibi Nasir Kənani guya İran əleyhinə İsrail-Azərbaycan “iş birliyi” haqda danışaraq, rəsmi Bakıdan izahat tələb edib. Söhbət martın 30-da Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında onun israilli həmkarı Eli Kohenin “İsrail və Azərbaycan İrana müqavimət göstərmək üçün birlikdə çalışmalıdır” açıqlamasından gedir. Yəni ifadə C.Bayramova məxsus olmayıb. Azərbaycan XİN-in cavabında isə vurğulanır ki, “Azərbaycan öz ərazisindən heç vaxt üçüncü dövlətlərə qarşı istifadəyə imkan verməyib”. Ardınca ölkəmiz əleyhinə cənub qonşumuzun pislikləri Tehrandakı səfirliyimizə hücum da daxil olmaqla, bir-bir sadalanıb. Təbrizdəki konsulluğumuz qarşısında siyasi şouya gəlincə, fars rejimi nəyə nail olmaq istəyir? Bu, konsulluğa da terror hücumunun ola biləcəyinin bir anonsumu? Onsuz da məlum səbəbdən iki ölkə arasında diplomatik münasibətlər üç aydır, faktiki, dayanıb. Konsulluğun bağlanması isə ikitərəfli rəsmi əlaqələrin sıfırlanması demək olacaq. O halda ölkəmizdəki İran səfirliyinin də bir işi qalmayacaq. Aydındır ki, Təbrizdəki konsulluq binasının önünə gətirilmiş 5-6 öyrədilmiş adamın xalqımıza dəxli yoxdur.

Bizim Arazın o tayındakı soydaşlarımız “Haray, haray, mən türkəm”-deyib rejimə milli kimliyini anladır. Həmçinin elə bugünlərdə Təbrizdəki konsulluğumuz qarşısındakı aksiyadan sonra Xudafərin körpüsünin yaxınlığına toplaşan güneyli soydaşlarımız o taydan qardaşlıq və birlik mesajları veriblər. “Vüsal körpüsü” adlandırdıqları Xudafərindən keçəcəkləri günü həsrətlə gözləyən milyonlarla azərbaycanlının qarşısını kəsməyə isə heç bir rejimin gücü çatmaycaq, bunu Tehranda da yaxşı bilirlər, sadəcə, vaxtı uzadırlar. Elə güneylilərin Azərbaycan Respublikasına yolunun kəsilməsi istiqamətində atılan addımlar, qurulan xain planlar da birliyimizə qarşı düşünülmüş ssenarinin tərkib hissəsidir. Molla rejimi bütün bunlarla, o cümlədən Təbrizdə hazırladığı “tamaşa” ilə gerçəkdənmi öz hədəfinı nail olmağı düşünür? Təhlükəsizlik baxımından konsulluğumuz da bağlana bilərmi?

Sahib Alıyev: Vətən müharibəsində Zəfər qazanmağımızın əsas səbəbi məhz  milli həmrəylimiz oldu - AZƏRTAC

 Sahib Alıyev 

Deputat Sahib Alıyev “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, İranın Xarici İşlər Nazirliyinin sözçüsünün Azərbaycan-İsrail əməkdaşlığı haqda sərsəmləmə kimi qiymətləndiriləcək həddini aşan açıqlamaları birinci dəfə deyil baş verir: “Bunlar Qafanda təzə tikdikləri tövləyə bənzər konsulluqlarında xeyli sayda terror təlimatçıları yerləşdirəndən bəri Zəngilandakı camışçılıq fermasını belə "sionist rejim"in Azərbaycandakı hərbi obyektlərindən biri kimi dəyərləndirənlərdir". Təbrizdəki konsulluğumuzun qarşısındakı etiraz aksiyasının məhz martın 31-də olmasına gəldikdə, S.Alıyev qeyd etdi ki, aksiyanın azərbaycanlılara qarşı soyqırımının qeyd edildiyi gündə baş verməsi, təsadüfi yox, qəsdən planlaşdırılan düşmənçilik hərəkətdir: “Təbrizli qardaş və bacılarımızın əminəm ki, nifrət etdikləri bir neçə zavallını ora yığıb Azərbaycan əleyhinə hürüdənlər bununla hay nasistləri ilə bir olduqlarını, özlərinin də bizə qarşı soyqırımı törətmək niyyəti ilə yaşadıqlarını göstərirlər ki, burada da təəccüblü heç nə yoxdur. Biz bir xalq olaraq fars şovinizmdən hay nasizmindən daha çox düşmənçilik görmüşük ki, bu, gah indiki kimi açıq, gah da gizli şəkildə illərdir davam etdirilir və etdirilməkdədir”. Deputatın sözlərinə görə, İrandakı dinsiz rejim Azərbaycana qarşı ən murdar addımlarından birinin son hazırlıqlarını aparır və Təbrizdəki həmin aksiya da onun xəbərdarlığıdır: “Rejim göstərir ki, Azərbaycanla diplomatik əlaqələrə tam son qoymaq niyyətindədir. Bu isə Tehrandakı kimi diplomatik təmsilçiliyimizə qarşı növbəti terror aktı yolu ilə də edilə bilər, daha böyük təxribatlara da əl atılacağı mümkündür. Biz bunun hazırlıqlarının aparıldığını görürük. İranın xarici işlər nazirinin Moskvaya bu günlərdəki səfərində məqsədlərdən birinin də bununla bağlı izn almaq olduğunu istisna etmirəm”.

Avropa İttifaqının missiyası Ermənistan ərazilərinin növbəti dəfə peşkəş  edilməsidir- Tural İsmayılov - "İki sahil"

Tural İsmayılov

Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılovun fikrincə, İran rejimi demək olar ki, artıq bütün əndazələri aşıb: “Nəticədə Azərbaycana qarşı ritorika daha da qəbuledilməz forma alıb. Təbrizdəki konsulluğumuzun fəaliyyətinə əngəl törətmək istəyirlər. Azərbaycanın İsraildə səfirlik açması bizim öz daxili işimizdir, İranın, ya da qeyri ölkənin buna qarışmaq haqqı yoxdur”.

T.İsmayılov qeyd etdi ki, son dövrlərdə İranın ölkəmiz əleyhinə apardığı təxribatlar artıq heç bir sərhəd tanımır: “İran rejimi rasional düşüncəyə malik deyil. Belə üsullarla ölkəmizə təsir edə biləcəyini düşünmək savadsızlıqdır. Eyni zamanda konsulluq ətrafında baş verənlər təhlükəsizliyi gücləndirməyi tələb edir. Bu fonda konsulluq da bağlana bilər”.

Bu arada İranın Azərbaycandakı səfirini geri çağırmaq və yeni təyinatla bağlı qərarı da təsadüfə oxşamır. Hesab olunur ki, Bakıdakı səfir İranın sərt ritorikası ilə ayaqlaşa bilmədiyi üçün onu Tehrana qaytarırlar. Görünən budur ki, İran rejimi düşmənçilik siyasətini davam etdirmək niyyətindədir.

Elşad PAŞASOY,
Musavat.com

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.