Türkiyənin “Roketsan” şirkəti aldığı sifariş əsasında Azərbaycana “Kasırğa T-300” reaktiv sistemlərini verməyə başlayıb.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda şirkətin rəhbəri Eyup Kaptan TRT kanalına açıqlamasında bildirib.
Eyup Kaptan məlumat verib ki, Azərbaycanın sifariş verdiyi bir diviziyon (4 kompleks) “Kasırğa T-300” sistemi ilin sonunadək çatdırılacaq. Hər kompleksin tərkibinə 4 raket daşıya bilən mobil platforma, komanda-nəzarət mərkəzi, hava hücumundan müdafiə sistemi və radar daxildir.
Sistemin komponentlərinin hamısı mobil platforma üzərində yerləşdirilib. Bu da “Kasırğa T-300” sistemlərinin düşmən hədəflərinə dağıdıcı zərbə endirdikdən sonra qısa müddət ərzində öz mövqeyini dəyişdirməsinə, beləliklə, düşmənin cavab zərbələrindən yayınmasına imkan verir.
“Roketsan” şirkəti bundan əvvəl Azərbaycana 122 mm-lik raketlər atan “Sakarya” reaktiv yaylım atəşi sistemlərini də satıb. “Kasırğa T-300” sistemləri isə regionda ən güclü və ən dağıdıcı reaktiv sistemdir. Bu sistem 300 millimetrlik raketlərlə təchiz olunub və 150 kilometr məsafədən hədəfi darmadağın edə bilir.
Öz göstəricilərinə görə “Kasırğa T-300” Rusiya istehsalı olan və son vaxtlara qədər öz sinfində ən güclü silah hesab edilən “Smerç” reakiv yaylım atəşi sistemlərini də üstələyir. Belə ki, “Smerç” sistemləri daha kiçik kalibrli raketlərlə təchiz olunub və raketlərin tipindən asılı olaraq hədəfi 90-150 kilometr məsafədə vurur.
Xatırladaq ki, Azərbaycan Rusiyadan iki diviziyon (hər diviziyonda 18 sistem) “Smerç” sistemləri alıb.
“Kasırğa T-300” sistemləri isə düşmən nəzarəti altında olan ərazilərin dərinliklərində yerləşən hədəflərə, o cümlədən hərbi bazalara, qoşunların cəmləşdiyi yerlərə, nəqliyyat şəbəkələrinə, inzibati və sənaye obyektlərinə zərbələr endirmək üçündür.
E.Kaptan bildirib ki, sınaqlar zamanı 5-10 “Kasırğa” qurğusundan açılan yaylım atəşi (bu isə 20-40 arası güclü döyüş başlığı deməkdir) 1 kilometr radiusda düşmənin bütün canlı qüvvəsini məhv etməyə təminat verir.
“Kasırğa T-300” sistemlərinin alınmasından sonra Azərbaycan keçmiş sovet regionunda ən güclü reaktiv sistemlərə malik olan ölkəyə çevrilir. Belə ki, Azərbaycanın sərəncamında İsraildən alınan “Linx” reaktiv sistemləri, Rusiya istehsalı olan “Uraqan” və “Smerç” sistemləri, Türkiyə istehsalı olan “Sakarya” və “Kasırğa”lar, “Qrad” qurğuları, habelə Pakistandan alınan və hədəfi 1500 kilometr məsafədən vuran ballistik raketlər və s. var.
Bu güclü silah sistemləri ərazilərin işğaldan azad edilməsi əməliyyatı zamanı hələ quru qoşunları və tank birləşmələri döyüşə girmədən düşmən hədəflərini, o cümlədən onun komanda-qərargah mərkəzlərini, dərinliklərdə yerləşən təchizat anbarlarını və kazarmalarını məhv etməyə imkan verir.
[media=https://www.youtube.com/watch?feature=player_embedded&v=nvHLK1XmAGg]