Son zamanlar Qarabağdakı müvəqqəti Rusiya hərbi kontingentinin ərazimizdən çıxarılmasına dair çağırış və bəyanatların çoxalması gözlənildiyi kimi, Kremli narahat edir.
“AzPolitika.info” xəbər verir ki, Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsinin sədri, Rusiya Xarici işlər nazirinin sabiq müavini Qriqori Karasin Azərbaycan Milli Məclisinin üzvü Qüdrət Həsənquliyevin son açıqalmasına etiraz edib.
Karasinin Rusiya və Ermənistan KİV-lərində yayımlanan bəyanatında bildirilir ki, deputat Həsənquliyevin fikirləri Moskva üçün qəbuledilməzdir: “Azərbaycan Milli Məclisinin deputatı Qüdrət Həsənquliyevin qeyri-dost fikirlərinə reaksiya verməyə bilmərəm. O, Rusiya XİN-in 15 iyul bəyanatına cavab olaraq iddia edib ki, guya Rusiya Cənubi Qafqazda sülh istəmir və Azərbaycan və Ermənistan xalqları arasında qanlı münaqişənin davam etməsində maraqlıdır. Parlament üzvü hətta bizim ölkəni “etibarsız və qana susamış” adlandırıb və Rusiya sülhməramlı kontingentinin çıxarılmasını tələb edib. Ümid edirəm ki, belə anti-Rusiya çıxışları rəsmi Bakının mövqeyini əks etdirmir. Buna Azərbaycan parlamentinin qiymət verməsi vacib olardı”.
Beləliklə, Rusiya Federasiya Şurasının komitə sədri Azərbaycan deputatının haqlı etirazına kəskin reaksiya verməklə yanaşı, hətta Qüdrət Həsənquliyevin açıqlamasına Azərbaycan parlamenti səviyyəsində qiymət verilməli olduğunu bildirib.
Bunun özü də növbəti dəfə Rusiyanın Azərbaycanın və ümumilikdə Cənubi Qafqaz dövlətlərinin daxili işlərinə “burun soxmaqda” davam etdiyinin göstəricisi olmaqla yanaşı, Moskvanın müstəqil dövlətlə ultimatum dilində danışmaq ənənəsindən vaz keçmədiyini göstərir. Belə ki, Qriqori Karasin daha da irəli gedərək, Rusiya sülhməramlı kontingentinin çıxarılması tələblərinin “tamamilə məsuliyyətsiz” çağırışlar olduğunu bildirib.
Karasin hesab edir ki, 2020-ci ilin noyabrında guya məhz Rusiya iki xalq arasında qan axıdılmasının qarşısını alıb. Onun iddiasına görə, Q.Həsənquliyevin açıqlaması isə Rusiya ilə Azərbaycan arasındakı rəsmi münasibətlərin ruhuna uyğun deyil. Hansı ki, əslində, Rusiya XİN-in 15 iyul bəyanatının özü Moskva ilə Bakı arasında imzalanmış tərəfdaşlıq sənədlərinin ruhuna uyğun deyil. Azərbaycan deputatının, eləcə də ölkə ictimaiyyətinin böyük hissəsinin bu bəyanata etirazı və Rusiya hərbi kontingentinin Qarabağdan çıxarılması tələbləri tamamilə haqlı, beynəlxalq hüquqa tam uyğundur.
C.Məmmədov
“AzPolitika.info”