Elə vəziyyət yaranıb ki, heç kim müharibə, raket hücumlarından, dron zərbələrindən , terror aktlarından sığortalanmayıb, bütün dünyada qlobal, güclü sülh hərakatına ciddi ehtiyac yaranıb. Yaxın vaxtlarda sülh məşəlləri alovlanmalı və müharibə yarasaları qorxudulmalıdır
İsraildə Həmasın hücumu nəticəsində öldürülən, yaralanan, işgəncə verilən insanları, həmçinin İsrailin Qəzzanı bombalamasını, yaşayış məskənlərinin külə dönməsini, minlərlə insanın öldürülməsi, bir anın içinə yüzminlərin yurdsuz, evsiz, gələcəksiz qalmasını ürəkağrısı, təşvişlə izləyirik.
Kimin haqlı, haqsız olması ilə əlaqədar məsələni bir kənara qoyaraq, "çağdaş dünyamızda niyə güc tətbiqi, bu cür dağıdıcı hərbi əməliyyatlar, vəhşilik, dinc əhalinin məhv edilməsini müşahidə edirik?" - sualına cavab axtaraq.
Niyə hamı silaha əl atır?
50 milyon insanın ölməsi ilə nəticələnən İkinci Dünya Müharibəsinin bitməsindən cəmi 78 il keçib. Bu müharibənin gətirdiyi faciələr, dəhşətlər, qırğınlardan dərs alaraq BMT yaradıldı. BMT-nin dörd əsas məqsədi bunlardır: planetdə sülhün qorunması; ölkələr arasında dostluq əlaqələrinin inkişafı; yoxsul insanların həyat şəraitinin yaxşılaşdırılması, aclıq və xəstəliklərlə mübarizə, savadsızlığın aradan qaldırılması və hüquq və azadlıqlara hörmətin təşviqi üçün birgə fəaliyyət; ölkələrə bu məqsədlərə çatmağa kömək etmək.
Daha sonra “Soyuq müharibə”-nin yaratdığı müharibə risklərini azaltmaq, hərbi toqquşmalardan qaçmaq üçün 1975-ci il avqustun 1-də Finlandiyanın paytaxtı Helsinkidə Avropanın 33 dövlətinin, ABŞ və Kanadanın dövlət və hökumət başçıları Helsinki Yekun Aktının imzaladılar. Akt və orada təsbit olunmuş dövlətlərarası münasibətləri idarə edən on prinsip qaydalara əsaslanan Avropa nizamı yaratmalıydı.
Yekun Akt ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış səhədlərə qarşı təhdid və ya gücdən istifadə edilməməsini dövlətlərarası münasibətlərin əsası kimi müəyyən edir. Bu müzakirələr və qərarların nəticəsində ATƏT yarandı, hazırdı təşkilatın 57 üzvü var.
ABŞ-ın İraqa qarşı ikinci hücumu, Liviya, Suriya, Yəmənə xarici qüvvələrin müdaxiləsi, vətəndaş müharibələrinin başlaması, İŞİD-in yaranması, Rusiyanın 2008-ci ildə Gürcüstana hücumu, 2014-cü ildə Krımı işğal etməsi, İsrail-Fələstin, Qarabağ münaqişəsinin nizamlanmaması, Talibanın Əfqanıstanda hakimiyyəti ələ keçirməsi, Rusiyanın 2022-ci ildə Ukraynaya işğalçı hücumu göstərdi ki, BMT, ATƏT kimi təşkilatlar artıq “soyuq müharibə” ilə birgə ömürlərini başa vurublar. Bu müharibələr, münaqişələr göstərdi ki, artıq dünyada problemləri diplomatiya, razılaşmalar, beynəlxalq konfranslar və müqavilələrlə nizamlamaq mümkün deyil. Çünki, 2003-cü ildə ABŞ BMT-yə məhəl qoymadan müharibəyə başaldı və “Pandorra qutusu”nin ağzı açıldı. Dünya ölkələri kollektiv təhlükəsizlik sistemlərinin yenilənməsinə kifayət qədər səy göstərmədilər, xüsusən aparıcı ölkələr hər bir dövlət üçün məhdudlaşdırıcı qərarlar qəbul etməli olan təşkilatların yenilənməsinə, xüsusən BMT-də islahatlar aparılmasına dəstək vermədilər.
Nəticədə beynəlxalq hüquq normalarına istinad etməklə işlək, səmərəli ədaləti tələb etmək, nail olmaq, qorumaq mexanizmləri yaradılmadı. Beynəlxalq hüquq normalarına yalnız diplomatların ibarəli çıxışlarında istinad edildi, beynəlxalq razılaşmalar yalnız texniki məsələlərin nizamlanmasında öz qüvvəsini saxladı. Dünya birliyi ədaləti təmin edəcək hamı üçün məcburi qüvvəyə malik prinsiplərdən çıxış etmək əvəzinə güclünün maraqğından, daha çox təsir etmək imkanı olanların marağından çıxış etdilər. Xüsusən ABŞ, Britaniya, Fransa, Rusiya, Çin, Almaniya kimi ölkələr bütün dünyada sülhü qoruyacaq, təmin edəcək, münaqişələrə ədalətlə yanaşacaq mexanizmlər yaradılması işinə laqeyd yanaşdılar. Bu istiqamətdə BMT və ATƏT-in yeni ehtiyaclara uyğun islahatlarla təkmilləşdirilməsi və səlahiyyətləndirilməsi üzrə iş aparılmasına, bununla əlaqədar təşəbbüslərə dəstək verilmədi.
Bundan əvvəl isə ötən əsrin 60-cı illərində ABŞ-da meydana çıxan hippi hərəkatı sonradan bütün dünyada müharibələrə qarşı gənclərin çıxışlarını şərtləndirdi. ABŞ və SSRİ-nin birbaşa, yaxud əlaltılar vasitəsilə apardığı müharibələrə qarşı qlobal pasifist hərəkatları yarandı və bunun nəticəsində hökumət və siyasətçilər sülh gündəliyinə qayıtmağa məcbur qaldılar. 2003-2004-cü illərin İraqdakı təcavüzünə qarşı kütləvi nümayişləri göstərdi ki Amerikanın, hətta yeni geosiyasi şəraitdə də müharibə əleyhinə hərəkat gündəmdən çıxarılmayıb. Məsələn, London, Roma və Madriddə sözün əsl mənasında milyonlarla vətəndaş müharibə əleyhinə şüarlarla küçələrə çıxdı. Eyni zamanda, bu aksiyalarda iştirak edən gənclərin əhəmiyyətli hissəsi diqqəti cəlb edirdi. Lakin bu hərakatlar nəticəsində qlobal səviyyədə təşkilatlanmanın baş verməməsi sonrakı mərhələdə baş verən müharibə, hərbi toqquşamalara müqaviməti, etirazları zəiflətdi və müqavimət potensialını azaltdı.
Ərdoğan niyə “dünya beşdən böyükdür” - deyə hayqırırdı?
Son on illiklərdə dünyanın aparıcı ölkələri münaqişələri həll etməkdə iradə göstərmək əvəzinə onları donurmağaa üstünlük verdilər. Qarabağ nizamlanmasında bu yol tutuldu, Fələstin dövlətinin yaradılması məsələsi də arxa plana keçirildi və onlarla belə misal çəkmək olar. 2013-cü ildə BMT Baş Assambleyasının 73-cü iclasında Türkiyə prezidenti “Dünya beşdən böyükdür”- deyə car çəkdi və bir daha BMT-nin yeni formatda təkmilləşdirilməsini və səlahiyyətləndirilməsini tələb etdi. Əgər hazırda BMT Təhlükəsizlik Şurasında bu beşlik yox, regional təmsilçilik və yaxud digər ədalətli meyalarlar üzrə, 15 üzv təmsil olunsaydı və real səlahiyyətləndirilsəydi, hadisələrin faciə həddinə gəlməsi ehtimal az olardı. Silahlanmanın, texnologiyanın indiki səviyyəsi göstərir ki, böyük dövlətlər belə böyük ziyan vüran hücumlardan sığortalanmayıb.
ABŞ-da 11 sentyabr terror aktları, Həmasın İsrailə hücumu onu deməyə əsas verir ki, hərbi-zorba, amasız hərbi əməliyyatlara dinclik, sülh bərqərar edilməyəcək. Sabah onillərlə ədalət deyən hayqıran, əvəzində Vaşinqtondan, Parisdən, Londondan, Moskva, Pekindən boş vədlər eşidənlər bir gün çirkli nüvə bombası yaradıb partladacaqlar, nüvə obyektlərində teror edəcəklər. Ədalətin təmin edilmədyi, ədalətə inamın itirildiyi dünyada heç kim üçün dinclik təminatı ola bilməz.
Görünən budur ki, siyasi elitalar, xüsusən aparıcı ölkələrdə sülh gündəliyini arxa plana keçiriblər. Bunun qarşısını almaq üçün yenidən sülh məşəlləri alovlanmalıdır. Bütün dünyada sülh hərəkatı başlamlıdır, silahlanmaya qarşı hərəkatlar başlamalıdır. İşğalçı müharibələrə rəhbərlik edənlər, təhrikçilər, ideoloqlar, siaysətçilər kütləvi etirazların, lənətin hədəfi olmalıdır. Siyasi elitalar artıq silahlanmanı, hərbi gücü əsas tənzimləyici üsul kimi seçiblər və bu bir yeni paradiqmaya çevirilib.
Dünyada qlobal güclü sülh hərakatına ciddi ehtiyac yaranıb
Bu baxışı dəyişmək artıq sadə insanların, intellektualların, alimlərin, üzərinə düşür. Min təəssüf ki, bu gün müharibə əleyhdarı hərəkatın öz dövründə Eynşteyn, Pikasso və ya Juli-Küri kimi parlaq, dünya şöhrətli liderləri yoxdur. Siyasi elitalar baxışlarını dəyişmədikcə dünyada qeyri-sabitlik və anarxist, radikal hərəkatların yüksəlişi davam edəcək. İtaliyanın ardından, Almaniyada bu meyl qabarıq hiss olunur, Fransada da yenidən etirazlar alovla bilər, ABŞ ötən prezident seçkilərində vətəndaş qarşıdurmasının astanasından döndü, Çində də bu ilk dəfə kütləvi etirazlar oldu. Rusiya hərbi qiyamdan son anda qurtuldu. Israilin özündə çox güclü parlançama, etirazlar dalğası vardı. İranda hələ də etirazların sədası gur eşidilməkdədir. Bütün bunların səbəblərindən biri də siyasi elitaların mövcud probelemlər bağlı məsuliyyətli siyasət yürüdə bilməməsindədir.
Artlq heç kim müharibələrdən, raket hücumlarından, dron zərbələrindən, terror aktlarından sığortalanmayıb, ona görə bütün dünyada qlobal güclü sülh hərəkatına ciddi ehtiyac yaranıb. Yaxın vaxtlarda sülh məşəlləri alovlanacaq və müharibə yarasalarını qorxudacaq!
/azpolitika.info/