Qafqaz masası uğrunda savaş başlayıb: Qərb Rusiyanı İrəvandan “vurur”

16-10-2023, 19:03   


ABŞ və Qərb Cənubi Qafqazda sülh prosesinin Rusiyanın nəzarəti altına keçmə ehtimalına qarşı müqavimət göstərir... Rusiya isə son vaxtlar təşəbbüsü ələ almaq şansı qazandığı üçün regional sülh prosesinə orbirliyi geri qaytarmağa can atır...

Azərbaycan Cənubi Qafqazda geopolitik “yol xəritəsi”ni yenidən müəyyən etdi. Son 35 ildə bu regionda maraqları olan bütün dünya güclərinin maksimum səviyyədə istifadə etdiyi “erməni layihəsi” artıq yoxdur. Rəsmi Bakı “artsax” planını Cənubi Qafqazın geopolitik gündəmindən birdəfəlik çıxartdı. Və regionda yerləşməyə can atan bəzi beynəlxalq siyasi iradə mərkəzlərinin əsas istinad mexanizmini ləğv etdi.

Azərbaycan Prezidenti İlham Əliyev Xankəndidə dövlət bayrağını ucaltmaqla, erməni separatizmi və terrorizminin tamamilə sıradan çıxartmış oldu. Azərbaycan lideri bu addımı ilə Cənubi Qafqazda yeni dönəmin başlandığını rəsmən bütün dünyaya elan etdi. İndi israrla bu regiona can atan beynəlxalq güclər daha erməni separatizmi və terrorizmi üzərindən öz məkrli planlarını qurmaq şansını tamamilə itiriblər. Və hazırda geopolitik məkanda yalnız Azərbaycan-Ermənistan sülh danışıqları prosesi qalıb.

Məsələ ondadır ki, yaxın gələcək üçün bu mövzunun daha aktual olacağı gözlənilir. Çünki dünya nəhənglərinin Cənubi Qafqaz uğrunda mübarizəsi üçün geopolitik gündəmdə sadəcə, bu məsələ qalıb. Ona görə də, bundan sonra ABŞ və Qərbin Rusiya ilə regional qarşıdurmasında Azərbaycan-Ermənistan sülh prosesinin ön planda olacağı qətiyyən istisna deyil. Və bu, sülh danışıqlarının istiqamətlərinə ciddi təsirlər göstərə biləcək olduqca, önəmli faktordur.

8c46ee73a41fc84751fbb6dbdf80463e.jpg (36 KB)

Onu da qeyd etmək lazımdır ki, rəsmi Bakı Qərbin regional sülh prosesi üzərindən Cənubi Qafqazda qurmağa çalışdığı manipulyasiya ssenarilərindən birini artıq zərərsizləşdirməyə nail olub. Belə ki, Fransa son vaxtlar regional sülh prosesinə kobud müdaxilə edirdi, onu öz nəzarəti altına almağa çalışırdı. Xüsusilə də, Qranadada keçirilməsi planlaşdırılan beştərəfli görüş rəsmi Parisin bu prosesdə mütləq iradəsini təmin etməliydi.

Ancaq rəsmi Bakı Azərbaycana qarşı düşmən mövqeyində olan ermənipərəst Fransanın təşəbbüsü ələ keçirtməsinə imkan vermədi. Azərbaycan Prezidenti İlham Əliyev açıq-aşkar Fransanın ermənipərəst mövqeyini səbəb göstərərək, Qranada görüşündə iştirakdan birmənalı şəkildə imtina etdi. Rəsmi Bakının bu addımı əslində, müəyyən mənada, məhz Fransanın Cənubi Qafqazın sülh masasından qovulması anlamı daşıyırdı. Və bununla rəsmi Parisin beynəlxalq imicinə sarsıdıcı zərbə vurulmuş oldu.

Halbuki, rəsmi Parisin də təmsil olunduğu Qərb siyasi iradə mərkəzləri üçün real təhlükə yalnız Fransanın Qafqaz masasından qovulması ilə məhdudlaşmırdı. Eyni zamanda, rəsmi Bakının Qranada görüşündən imtinası ümumiyyətlə, Qərbin vasitəçilik missiyasını böyük risk altına salmışdı. Avropa Birliyi də regional sülh prosesindən kənarda qalmaq təhlükəsi ilə üzləşmişdi. Və bu, Qərb siyasi dairələrinin maraqlarına sarsıdıcı zərbə olmaqla yanaşı, həm də Avropa Birliyinin beynəlxalq imisini korlaya bilərdi.

5d30573c-99af-4ab5-8464-2eabbdb50f27.jpg (136 KB)

Ona görə də, Qərb siyasi dairələri rəsmi Bakının Fransanı Qafqaz masasından qovmasına kəskin reaksiya vermədilər, əksinə, Azərbaycanın bu mövqeyi ilə dərhal hesablaşmağı üstün tutdular. Avropa Birliyi Şurasının rəhbəri Şarl Mişel dərhal hərəkətə keçdi, Azərbaycan və Ermənistanın siyasi rəhbərliyi ilə anlaşmağa çalışdı. Və nəticədə bu ayın sonlarına doğru Brüsseldə üçtərəfli görüşün keçirilməsini razılaşdırmağa nail oldu.

Əgər, Şarl Mişel bir qədər də geciksədi, Cənubi Qafqazdakı sülh prosesindən təşəbbüs yenidən tamamilə Rusiyanın əlinə keçə bilərdi. Əslində, Kreml rəsmi Bakının Fransaya qarşı qətiyyətli addımından sonra yaranmış yeni situasiyanı Rusiyanın maraqlarına uyğunlaşdırmaq üçün əlindən gələn hər şeyi etdi. Rusiya ilk növbədə Brüssel görüşünü qabaqlamağa çalışdı. Və müəyyən açıqlamalarla yeni üçtərfəli görüşün keçirilməsinə cəhd göstərdi.

Məsələ ondadır ki, cəmisi bir neçə ay əvvəl Rusiya siyasi dairələri Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanmasının mümkün olmadığını iddia edirdi. Böyük ehtimalla Kreml sülh sazişinin Qərb siyasi iradə mərkəzlərinin vasitəçiliyi ilə baş tutmasını istəmirdi və buna əngəl törətmək niyyəti güdürdü. Sadəcə, Azərbaycan ordusunun Qarabağda antiterror tədbirləri ilə yeni situasiya yaratması, eləcə də, rəsmi Bakının Qranada görüşünə qatılmaqdan imtinası Rusiyanı təşəbbüsü ələ almağa həvəsləndirdi.

77a8a08fa6a5dff1f0e83379a22b7a23.jpg (417 KB)

Çünki bütün bunlardan sonra Kreml israrla Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması qarşısında heç bir ciddi əngəlin qalmadığını vurğulayır. Rusiya siyasi dairələri açıq şəkildə bəyan edirlər ki, sülh sazişinə yalnız Qarabağ məsələsi əngəl törədirdi. Ancaq Azərbaycan ordusunun antiteror əməliyyaından və Xankəndiyə bayraq sancılmasından sonra bu problem daha mövcud deyil.

Maraqlıdır ki, Kreml sülh vasitəşiliyi üçün ilk cəhdini MDB-nin Bişkek sammiti çərçivəsində etməyi planlaşdırırdı. Ancaq Qərbdən alınan sifarişi yerinə yetirən rəsmi İrəvan Rusiyanın planını pozmuş oldu. Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyan müxtəlif bəhanələr uyduraraq, Bişkekə səfərdən imtina etdilər. Nəticədə Kremlin üçtərəfli görüş planı pozuldu.

Bütün bunlar onu göstərir ki, Cənubi Qafqazdakı sülh prosesinə vasitəçilik uğrunda amansız mübarizə başlayıb. ABŞ və Qərb bu prosesin Rusiyanın nəzarəti altına keçməsinə qarşı müqavimət göstərir. Rusiya isə son vaxtlar təşəbbüsü ələ almaq şansı qazandığı üçün regional sülh prosesinə orbirliyi geri qaytarmağa can atır. Və bu amansız qarşıdurmanın hansı nəticələrə yol aça biləcəyi isə hələlik müəmmalı xarakter daşıyır.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.