VASİTƏÇİLƏRSİZ İLK ANLAŞMA – Bakının irəli sürdüyü sülh formulu özünü doğrultdu; bundan sonra necə ola bilər?

9-12-2023, 15:54   



Azərbaycan və Ermənistan sülhə doğru ilk böyük addımı ikitərəfli müzakirələrin nəticəsi olaraq atdı. Hərbi əsir və girovların dəyişdirilməsi, qarşılıqlı etimadın yaradılması məqsədi ilə beynəlxalq təşkilatlarda atılan addımlar beynəlxalq birlik tərəfindən müsbət qarşılandı. Birləşmiş Ştatlar, Avropa İttifaqı, Avropa Şurası, eyni zamanda Türkiyə və Rusiyadan verilən dəstək bəyanatları prsesin uğurlu davamı üçün yaxşı zəmin yaradıb.

Müharibədən sonra tərəflər ilk dəfədir ki, vasitəçilərin imzası olmayan sənədə imza atırlar və geosiyasi qarşıdurma içində olan tərəflər buna etiraz etmir. Buna qədər Brüssel və ya Vaşinqtonda aparılan müzakirələrə Moskvadan qəzəbli reaksiyalar eşidilirdi, eyni qaydada Rusiyada baş tutan görüşlərə Qərb dövlətlərinin etimadsızlığı, ümidsizliyi dərhal büruzə verilirdi.

Sülh danışıqlarının teta-tet aparılması rəsmi Bakının təklifidir, buna qədər Ermənistana Tiflisdə və sərhəddə görüşmək təklif edilsə də, İrəvan tərəfindən qəbul edilməyib. Səbəbi belə izah edilir ki, beynəlxalq güclərin vasitəçiliyi və qarantiyası olmayan sazişin reallaşması mümkün deyil. Yəni Azərbaycan, lazım bilsə, imza atdığı müqaviləyə baxmadan güc tətbiq edə bilər. Rəsmi Bakı isə sülh prosesinin geosiyasi ziddiyətlərin predmetinə çevrilməsinin faydasız olduğunu bəyan edərək, ən yaxşı variantın qarşılıqlı anlaşma şəraitndə razılaşmaya imza atmaqda görürdü.

Əlbəttə, dekabrın 7-də atılan addım Qərbi qane edib və prosesin pərdəarxasında Birləşmiş Ştatların və Avropa İttifaqının olmadığını söyləmək, eləcə də Rusiyanın da ondan xəbərsiz qaldığını demək doğru olmaz. Hər iki tərəf Bakı ilə İrəvan arasında gedən müzakirələrdən tam şəkildə xəbərdar idi və birinin üstünlüyünün təmin olunmadığı şəraitdə razılaşmanın əldə olunmasına qarşı olmadıqlarını nümayiş etdiriblər. Müsbət nəticənin əldə olunması, prosesin bundan sonra vasitəçilərin birbaşa iştirakı olmadan davam etdirilməsi üçün yaxşı zəmin yaradır. Yaxın gələcəkdə sərhəddə və ya Tbilisidə görüşlərin baş tutması mümkündür...

Bəs proses necə gedə bilər, əsas ziddiyətlərlə bağlı kompromislərin 2 gün əvvəlki kimi ikitərəfli qaydada rahat əldə olunması mümkündürmü? Bu sualın cavabını axtarmazdan əvvəl tərəflər üçün prinsipial məsələlərə diqqət yetirmək lazımdır.



Xatırladaq ki, bu günlərdə Bakıda keçirilən beynəlxalq forumda Prezident İlham Əliyev Ermənistanın Azərbaycan tərəfindən irəli sürülmüş 5 əsas baza prinsipləri ilə razılaşdığını açıqlayıb. Bu sənəddə:

- Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması;

- Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi;

- Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək;

- Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması;

- Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması qeyd olunub.

Əlbəttə, bu müddəalar əsas prinsipləri əhatə edir, onun əsasında hazırlanacaq saziş layihəsində bütün məsələlər detallı şəkildə yer almalıdır. Bu sırada tərəflərin prioritet hesab etdikləri məsələlər var:

- Azərbaycan Ermənistan ərazisindən Naxçıvan Muxtar Respublikasına quru və dəmir yolunun açılmasını tələb edir. Bu yolda xüsusi rejim tətbiq olunmalıdır və Azərbaycan vətəndaşlarının gömrük rüsumlarına və vergilərə cəlb olunmadan gediş-gəlişi təmin olunmalıdır;

- Azərbaycanlıların tarixi torpaqlardakı (Zəngəzur, Göyçə mahalı, Vedibasar və s.) evlərinə qayıdışı, məskunlaşması təmin olunmalıdır;

- Hazırda Ermənistanın nəzarətində olan Azərbaycana məxsus 8 anklav kəndin qaytarılması təmin olunmalıdır;

- 30 illik işğal dövründə Azərbaycana dəyən maddi, mənəvi zərərə görə Ermənistan üzr istəməli və təzminant ödəməyi öhdəsinə götürməlidir;

- Azərbaycana qarşı təhdid yaradacaq (sərhəd xəttinə iri qoşun qruplaşmalarının, ağır silahların, raketlərin və s. yerləşdirilməsi) bütün fəaliyyətlərdən imtina etməlidir. Ermənistanın prioritetlərinə gəldikdə, onlar əsasən Azərbaycanın tələblərinə paritet şəkildə qoyulub. O cümlədən;

- Ermənistanın 29.8 min kvadrat kilometr ərazidə ərazi bütövlüyü və suverenliyinin tanınması, güc tətbiqindən imtina və sərhədlərdəki ordu hissələrinin geri çəkilməsi;

- Azərbaycanın nəzarətində olan Ermənistan ərazilərinin qaytarılması;

- Zəngəzur yolunun qarşılığı olaraq Azərbaycan ərazilərindən güzəştli şərtlərlə keçid hüququnun təmin olunması. Xüsusi ilə bu məsələnin Rusiyanın hər hansı iştirakı olmadan ikitərəfli qaydada həll edilməsi;

- Ermənilərin Qarabağa və vaxtı ilə Azərbaycanda yaşadıqları yerlərə geri qayıdışının, bu zaman onların hüquq və təhlükəsizliyin təmin edilməsi daxildir.

Qeyd edək ki, Ermənistan 8 anklav kəndin qaytarılması məsələsinə sərhədlərin dəqiqləşdirilməsi prosesinin bir hissəsi kimi baxır. Bura ötən ilin 12-14 sentyabr əməliyyatları zamanı iddia olunduğu kimi Azərbaycanın nəzarətinə keçmiş ərazilərin geri qaytarılması da daxildir.

Əlbəttə, hər iki tərəfin vacib hesab etdiyi məsələrin sayı kifayət qədər çoxdur. Burada qeyd olunan və olunmayan prioritetlərin bir çoxu sülh sazişinin imzalanmasına mane olmur. Çünki razılaşmaların icrası aylarla, bəzən illərlə vaxt alacaq. Bura xüsusən sərhədlərin dəqiqləşdirilməsi məsələsi, gedənlərin geri qayıtması məsələləri daxildir.

Həmçinin Bakı və İrəvan müzakirələrin gedişində ikitərəfli qaydada öz tələblərini yumşalda, imtina edə, yaxud yenilərini əlavə edə bilərlər.

Bu gün sülh sazişinin imzalanması Qərb tərəfindən ona görə prioritet qaydada qoyulur ki, bu kifayət qədər həsas vəziyyətdə olan Ermənistanın dövlət kimi mövcudluğuna əsas qarantiyadır. Daha sonra Türkiyə ilə sərhədləri açmaq, Rusiyadan asılılığı azaltmaq, Qərbin iqtisadi yardımlarından bəhrələnməklə, inteqrasiya proqramlarını icra etmək kimi məsələlər var.

Əlbəttə, sülh Azərbaycan üçün də vacibdir, xüsusən işğaldan azad edilmiş ərazilərin bərpasına xarici investisiyalar cəlb etmək, qlobal nəqliyyat dəhlizləri üçün təhdidləri aradan qaldırmaq, post-neft dövründə iqtisadi inkişafın donorlarını təmin etmək lazımdır. Bunun üçün təkcə sülh müqaviləsi yetərli deyil, Prezident İlham Əliyevin bu günlərdə dediyi kimi, Ermənistanın bir daha heç vaxt Azərbayana qarşı təhdid yaratmayacağına dair əsaslı qarantiyaları lazımdır. Bakı o təminatları görməli, hiss etməli və inanmalıdır.

Beləliklə, yenə də top Ermənistan tərəfindədir...

E.Rüstəmli

“AzPolitika.info”


Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar