Birləşmiş Ştatlar iyunun 12-də Rusiyaya qarşı sanksiyaları sərtləşdiriblər. Yeni qadağan paketi Rusiya birjasında dollar və avro ilə ticarətin dayandırılmasına səbəb olub.
Vaşinqton onlarla işbirliyi - dolayısı ilə sanksiyalara səbəb ola biləcək Rusiya şirkət və fərdlərinin, bankların və iqtisadiyyat sektorlarının siyahısını genişləndirib.
ABŞ habelə Rusiya daxilində hər hansı şəxsə bir sıra IT xidmətlərinin göstərilməsini və məsləhət verilməsini tam qadağan edir.
Maliyyə təsisatları üçün əməkdaşlığa qoyulan qadağan Rusiyanın Ukraynaya müdaxiləsinə görə sanksiya siyahısına salınmış bütün şirkət və şəxslərə şamil ediləcək.
Söhbət tikinti, aerokosmik, iqtisadiyyatın istehsalat sektorunda çalışan şirkətlərdən gedir.
ABŞ-ın sanksiya siyahısına Rusiyanın VTB, Vneşekonombank və Sberbank banklarının Çin və Hindistandakı filialları, habelə “Toçka” bankı daxil edilib.
Sanksiya siyahısına daxil edilən təsisatlar arasında habelə Moskva birjası, Milli klirinq mərkəzi və Milli hesablaşma depozitarisi, “Sogaz” və “Rusiya milli sığorta” şirkətləri də var.
Xəbər verilir ki, siyahı bir neçə Rusiya şirkətinin, Çin də daxil başqa ölkələrdən olan təchizatçılarının, Rusiya müəssisləri, Rusiyanın maye qaz daşıyan 7 gəmisi, maye qaz istehsalı layihələri, Amur metallurgiya kombinatı, Sinara dəmir yolu nəqliyyat texnikasının istehsalçısını təchiz edən qurumların hesabına genişləndirilib.
Bütünlükdə ABŞ Maliyyə Nazirliyinin sanksiyaları Rusiyada və dünyanın başqa ölkələrində 300-dən çox fiziki şəxsi və təşkilatı hədəfləyir.
Bundan başqa ABŞ Dövlət Departamenti Rusiyanın ixrac potensialında iştirak edən 100-dən çox fiziki və hüquqi şəxsə sanksiyalar elan edib.
Moskva birjası ABŞ-ın yeni sanksiyalarına görə avro və dollarla ticarəti dayandırmalı olub.
Birjanın saytında deyilir ki, ticarət iyunun 13-də bərpa olunacaq.
Beləliklə, hesablaşması avro və dollarla olan səhm və qiymətli metalların ticarəti dayandırılıb.
ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir ki, yeni sanksiyalar “Rusiya maliyyə sisteminin bütün arxitekturasını” hədəfləyir.
Ekspertlərin fikrincə, sanksiyalar rublun mübadilə qabiliyyətini məhdudlaşdıracaq, Rusiyadan valyutanın çıxarılmasını bahalaşdıracaq, valyutanın Rusiya ixracatçıları üçün sərfəli kursla satışını mürəkkəbləşdirəcək.