Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Serj Sərkisyan oktyabrın 27-si Parisdə görüşəcəklər.
Publika.az xəbər verir ki, bu barədə Fransanın Ermənistandakı səfiri Anri Reno yerli mediaya açıqlamasında deyib.
Onun sözlərinə görə, Fransa Dağlıq Qarabağ münaqişəsində uzun müddətli sülhə nail olmağa çalışır.
“Fransa prezidenti Fransual Olland Azərbaycan və Ermənistan prezidentlərinə Parisdə görüşməyi təklif etdi. Məqsəd münaqişədə sülh yolunun tapılması və hərbi qulluqçu və mülki vətəndaşların həlak olmamasıdır. Digər tərəfdən, Fransa üç əsas prinsipə- ərazi bütövlüyü, öz müqəddəratını təyin etmə və güc tətbiq etməmək- əsaslanaraq danışıqlar prosesinə yeni stimul vermək istəyir”, -deyə Fransa səfiri qeyd edib.
A. Reno bildirib ki, Paris görüşündə ATƏT-in Minsk qrupunun üç həmsədri də iştirak edəcək: “Tərəflər bu münaqişədə özləri razılığa gəlməlidir. Vasitəçilərsə sadəcə kömək edir, amma onların yerinə qərar qəbul edə bilmirlər. vasitəçilərin rolu bundan ibarətdir”.