Azərbaycanda Kino Günü: “Kinodan danışmaq utancvericidir”

3-08-2024, 09:30   



Kino xadimləri illərdir ki, problemlərin həll olunmadığını deyirlər

Bu gün Azərbaycanda Milli Kino Günüdür.

Azərbaycan kinosunun bugünkü durumu ilə bağlı bu bəzi kino adamları narahatdır.

Kinoprodüser, rejissor, ssenarist İntiqam Hacılı deyir ki, son 20 ildə Azərbaycan kinosundakı problemlər həll olunmayıb. Əksinə, vəziyyət daha da pisləşib.

“2004-cü ildən bu günə qədər kino adamlarına hansısa proqramın, konsepsiyanın yerinə yetirilməsi ilə bağlı vədlər verildi. Üzərindən 20 il keçib, bu illər ərzində Azərbaycanda kino adamlarının ömürlərini-günlərini əllərindən aldılar. Yadımdadır, rəhmətlik rejissor Nicat Feyzullayev əlində ssenari kinostudiyada gəzirdi ki, film çəksin. Həmin vaxt öyrəndik ki, sən demə, o, bundan öncəki “Küçələrə su səpmişəm” filmini də eynən beləcə 20-30 ilə çəkə bilibmiş… Kino adamlarının layihələri 90-cı illərin sonundan əllərində qalıb. Həmin kino adamlarının bəziləri artıq qocalıb, bəziləri isə dünyadan köçüb”, – İntiqam Hacılı deyir.

Fotolar: İntiqam Hacılının şəxsi arxivindən

Onun sözlərinə görə, önəmli kino adamlarının, bu sahədə müsbət işlər görmüş insanların, dünyadakı kino mexanizmi təcrübəsindən xəbəri olanların təcrübəsindən istifadə olunmur:

Əksinə, bu adamlar bəyanatlar verəndə, adları “qara siyahı”ya salınır, onlara qarşı düşmən mövqeyində olurlar. Tənqid, müzakirələr, nəticələr olmadıqca, Azərbaycanda kino sənayesi heç vaxt inkişaf etməyəcək. Bu gün Kino Gününün qeyd edilməsi, bir az ağrılıdır. Çünki Azərbaycanda kino sənayesi yoxdur. Son 3-4 ildə kino istehsalatının sıfır vəziyyətə olduğu bir gündə Kino Günü qeyd edilməsi utancvericidir”.

Kinorejissor Elvin Adıgözəl isə kino çəkilişlərinə icazə verilməməsindən, həmçinin yayım vəsiqəsinin verilməsindəki bürokratik maneələrdən danışıb:

Bu gün hər birimiz sənətimizi icra etmək uğrunda apardığımız yolda böyük bir bir maneə ilə qarşı-qarşıyayıq. Biz artıq filmlərimizi çəkə bilməyəcəyik. Çəkdiklərimizi də Azərbaycanda heç bir yerdə göstərə bilməyəcəyik. Nazirlər Kabinetinin 2006-cı ildə verdiyi qərara əsasən, Azərbaycanda çəkilən hər bir film texniki keyfiyyətlərindən asılı olmayaraq, dövlət reyestrində qeydiyyatdan keçməlidir. Yəni yayım vəsiqəsi almalıdır. Nazirlər Kabinetinin qərarında hər şey detallı şəkildə yazılıb. Əgər filmdə milli, dini, irqi düşmənçiliyə yönələn, zorakılığı, pornoqrafiyanı təbliğ edən kadrlar yoxdursa, filmə yayım vəsiqəsi verməkdə də problem yoxdur. Siz rahat şəkildə Nazirlər Kabinetinin qərarına əsasən, filminizi qeydiyyatdan keçirib, yayım vəsiqəsi ala bilərsiniz”.

Elvin Adıgözəl, Foto: şəxsi arxiv

Amma buna maneə törədən bir qurum var: Mədəniyyət Nazirliyi. Nazirlik Nazirlər Kabinetinin bu qərarını əsas gətirərək, öz daxili qanunları əsasında Ekspert Şurası yaradıb. Nazirlər Kabinetinin qanununda Ekspert Şurasının təsis edilməsi ilə bağlı ifadə yoxdur. Mədəniyyət nazirinin şəxsi təşəbbüsü ilə yaradılmış Ekspert Şurasında da sosioloq və psixoloq yoxdur. Dövlətin mədəniyyət siyasəti ilə məşğul olan məmurlarına üz tutaraq deyirik ki, bilin ki, gələcəyimiz yoxdur. Biz necə film çəkəcəyik?!” – o deyib.

1898-ci il avqustun 2-də ukraynalı fotoqraf və rejissor, Bakı fotoqrafiya dərnəyinin yaradıcısı Aleksandr Mişon özünün çəkdiyi “Bibiheybətdə neft fontanı yanğını”, “Əlahəzrət Buxara əmirinin yolasalma mərasimi”, “Qafqaz rəqsi” silsilə sənədli və “İlişdin” adlı bədii filmlərinin müstəqil nümayişini təşkil edib.

Həmin gün Azərbaycan milli kinosunun yaranma günü sayılır.

2000-ci il dekabrın 18-də keçmiş Prezidenti Heydər Əliyevin sərəncamı ilə avqustun 2-si Azərbaycan Kinosu Günü kimi qeyd edilir.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar