Böyük yazarların Nobeldən imtina səbəbləri

11-10-2014, 19:26   
Ana səhifə 12 Punto 14 Punto 16 Punto 18 Punto
Maliyyə bazası Bakı nefti əsasında yaradılan Nobel mükafatı - ən nüfuzlu beynəlxalq ödüllərdəndir.

Nobel mükafatı İsveç kimyaçısı, mühəndis, dinamit və başqa partlayıcı maddələrin ixtiraçısı, 93-ə yaxın zavodun sahibi Alfred Nobelin adı ilə bağlıdır.

1870-ci ildə Alfredin qardaşları Lüdviq və Albert Rusiyaya gələrək İjevsk şəhərində silah zavodu icarəyə götürürlər. Müqavilənin şərtlərinə görə, onlar yeddi il müddəinə rus ordusunu 200 min ədəd silahla təmin etməli idilər. Silahın qundağı fındıq ağacından hazırlanacağından qardaşlar bu ağacın bir neçə yerdə, o cümlədən Lənkəranda da bitdiyini zənn edib Roberti Lənkərana göndərirlər. O, tələblərə cavab verən fındıq ağacı tapa bilmədiyindən təsadüfən Bakıya gəlir və neft mədənlərini görür, beləliklə, qardaşlar Balaxanıda neft çıxan sahəni, daha sonra isə qara şəhərdə kerosin zavodu alaraq 1888-ci ilədək burada neft hasilatı və emalı ilə məşğul olurlar.

Nobel mükafatları Alfred Nobelin 27 noyabr 1895-ci ildə yazdığı məşhur vəsiyyətnaməsinə uyğun şəkildə verilir: “Mənim realizə olunan bütün mülkiyyətim aşağıdakı qaydada bölüşdürülməlidir: bütün kapitalım yaxınlarım tərəfindən etibarlı saxlanılmaqla fond yaradılmalıdır. Məqsəd hər il bəşəriyyətə ötən illərlə müqayisədə daha böyük fayda gətirə bilən şəxslərin pul mükafatı ilə təltif olunmasıdır. Mükafat fondu beş bərabər hissəyə bölünməli və təltif bu şəkildə aparılmalıdır: 1-ci hissə - fizika, 2-ci hissə - kimya, 3-cü hissə - fiziologiya sahəsində mühüm kəşf və ixtiralara nail olan şəxsə, 4-cü hissə ədəbiyyat sahəsində “ideal yönümlü” mühüm əsərlər yaradan şəxsə, 5-ci hissə isə millətlərin dostluğuna xidmət edən, hərbi qarşıdurmanı aradan qaldıra bilən, eləcə də sülhpərvər qüvvələrin konqreslərini təşkil edən şəxslərə verilsin”.

Beləliklə, 1901-ci ildən başlayaraq 5 sahə üzrə Nobel mükafatı verilməyə başlandı.

Ədəbiyyat sahəsində ilk Nobel mükafatını fransız şairi Rene-Sülli Prüdom “əsərlərində ideal yönümü daha dolğun tərənnüm etdiyinə görə” alıb.

Bu mükafatı almaq çoxlarının arzusu olsa da, tarix ondan könüllü və ya zorən imtina edənləri də tanıyır.

Lev Nikolayeviç Tolstoy

1906-cı ildə Rusiya Elmlər Akademiyasının namizədliyi ilə böyük rus yazıçısı Lev Nikolayeviç Tolstoyun adı Nobel mükafatı laureatlarının siyahısına daxil edilir. Ancaq Tolstoy bunu bilən kimi dərhal qərara aldı ki, mükafatı qəbul etməyəcək. İnsidentin qarşısını almaq üçün ədəbi aləmdə kifayət qədər nüfuza malik yazıçı Arvid Yarnefeltə kömək üçün məktubla müraciət edir. Mükafat italyan şairi Cozue Karduççiyə verilir. Lev Nikolayeviç rahat nəfəs alır:

“Əvvəla, bu məni o qədər pulu necə xərcləmək qayğısından xilas etdi. Mənim inamıma görə, hər cür pul ancaq şər (ziyan) gətirə bilər; ikincisi isə, tanımasam da, çox böyük hörmət etdiyim bu qədər insanın hüsn-rəğbətini qazanmaqdan böyük şərəf və məmnunluq duydum”.

Bernard Şou

1925-ci ildə Nobel komitəsi Bernard Şounu “yaradıcılığında yer alan idealizm və humanizmə, poetik gözəlliklə çulğanmış parlaq satiraya görə” mükafata layiq görür. Yazıçı mükafatdan imtina edir, bunun səbəbini soruşanlara isə belə cavab verir: “Bu vəsait – boğulan biri sahilə çıxarılan an yardıma yetişən xilasedici dəstə kimidir”.

Bernardın ekssentrik hərəkətinin sədası tezliklə hər yana yayılır və o, çoxsaylı məktublar almağa başlayır. Amerikalılar yazırlar ki, əgər bu qədər dövlətlidirsə, pulu onlara versin. Bu münasibət yazıçını kədərləndirir və o, mətbuat vasitəsilə hər kəsə belə cavab verir:

“Hazırda sifətim ikili ifadə alıb. O mənim sonsuz səxavətimi və eyni zamanda, hər bir amerikalını iflasdan qurtarmaq üçün hər birinə poçtla beş yüz dollar göndərməyə heyvani bir ehtiras ifadə etməlidir. Dinamitin kəşfini Alfred Nobelə bağışlamaq olar: yalnız insan beyninin düşməni Nobel mükafatını yarada bilərdi!”

Boris Pasternak

Sovet yazıçısı Boris Pasternak da mükafatı almaq istəməyənlər sırasındadır. Lakin Tolstoydan fərqli olaraq Pasternakın imtinası məcburi idi. Belə ki, yazıçının 1957-ci ildə işıq üzü görən “Doktor Jivaqo” əsəri Sovet hakimiyyəti tərəfindən antisovet kitab kimi dəyərləndirildi. Bu səbəbdən Pasternak cəmiyyətdə müxtəlif təzyiqlərlə üzləşdi. O, SSRİ Yazıçılar Birliyindən çıxarıldı, ictimai qınağa tuş gəldi. Ona qarşı institutlarda, zavodlarda, dövlət qurumlarında, yaradıcı birliklərdə izdihamlı yığıncaqlar keçirildi. “Oxumamışam, amma qınayıram” ifadəsinin yaranması məhz Pasternakın “Doktor Jivaqo” əsəri ilə bağlıdır.

Nəhayət, 1958-ci ildə məşhur fransız yazıçısı Alber Kamyu tərəfindən Nobel mükafatına namizədliyi irəli sürülən Pasternak “lirik poeziya və böyük rus nəsrində görkəmli xidmətlərə görə” Nobel medalı ilə təltif edildi. Lakin ədəbi hadisə Sovet hakimiyyəti tərəfindən birmənalı qarşılanmadı. Yazıçının mükafatlandırılması Qərbin antisovet yaradıcılığına dəstək verməsi kimi qiymətləndirildi. Ona görə də yazıçıya təzyiqlər gücləndi. Bunu görən Pasternak mükafatdan imtina etdi. Nobel komitəsi imtinanı anlayışla qarşılayaraq illər sonra, 1989-cu ildə diplom və medalı Pasternakın oğluna verdi.

Jan-Pol Sartr

Nobel mükafatını almaq istəməyən ən məşhur Qərb yazıçısı isə Jan Pol Sartrdır. Hətta o, “Nobel mükafatından niyə imtina etdim?” adlı bəyanat da verib. Sartr bəyanatında həmişə fəxri adlardan qaçdığını bildirib. Onun fikrincə, fəxri ad qələm sahibinin müstəqilliyini şübhə altına alır, oxuculara nüfuzu ilə təzyiq göstərir və yazıçının dünyagörüşünü mükafat verən qurumla bağlayır. Sadə dillə desək, yalnız Nobel mükafatı aldığı üçün oxucular onun kitabını almaq istəyəcək, həmçinin Nobel komitəsinin adına xələl gəlməsin deyə, yazıçı hər düşündüyünü qələmə ala bilməyəcək. Belə vəziyyətlə qarşılaşmaq istəməyən Sartr mükafatdan üz çevirdi.

Aleksandr Soljenitsın

Sovet rejiminə qarşı dissident fəaliyyəti ilə məşhurlaşan digər rus ədibi Aleksandr Soljenitsının mükafatdan imtina səbəbi Pasternak ilə oxşardır. Stalin dövründə əmək düşərgələrində həbsə məhkum edilən, SSRİ Yazıçılar Birliyindən çıxardılan Soljenitsın 1970-ci ildə “böyük rus ədəbiyyatı ənənəsindən qaynaqlanan əxlaqi qüvvəyə” görə Nobel mükafatına layiq görüldü. Yazıçının ilk kitabının nəşrindən ona mükafatın verilməsinədək cəmi 8 il vaxt keçmişdi. Belə hadisə Nobel mükafatı tarixində indiyədək təkrarlanmayıb. Sovet hakimiyyəti dissident yazıçının mükafatlandırılmasını siyasi akt olaraq dəyərləndirdi. Və Soljenitsına ölkədən həmişəlik getməyi təklif etdi. Bundan sonra Vətəninə geri dönə bilməyəcəyindən qorxan yazıçı mükafatı almaq üçün xaricə getməkdən və Nobel mükafatının təqdimat mərasimində iştirakdan imtina etdi. Yalnız SSRİ-dən sürgün edildikdən beş il sonra o mükafatı ala bildi. Lakin Soljenitsının özü də etiraf edirdi ki, mükafat ona siyasi motivlərə görə verilib.

Elfrid Elineki

Ədəbiyyat sahəsində Nobel mükafatından imtina hadisəsi sonuncu dəfə 2004-cü ildə baş verib. Avstriya yazıçısı Elfrid Elinekiyə “sosial standartların absurd mahiyyətini açan roman və pyeslərdə musiqili ahəngə görə” Nobel mükafatının verilməsinə baxmayaraq, o buna layiq olmadığını bildirərək təqdimat mərasiminə qatılmayıb.
- See more at: http://axar.az/news/31739#sthash.2s6qYsjd.dpuf
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.