Hakerlər hər an istənilən şəxsin həyatını qaralda bilər.

12-10-2014, 19:06   



21-ci əsrin bu bəlası barədə bilmədiklərimiz...
İstəsək də, istəməsək də onlar artıq həyatımıza giriblər. Bir də görürsən, dəstə halında, qrup halında hücuma keçdilər və sənin həyatın zindana döndü. Ünvan stabil deyil... Saytlara, bankların hesabına... hər yerə. Hakerləri çox vaxt xərçəng, SPİD-lə müqayisə edirlər. Təbii ki, ilk növbədə törətdiyi əməllərini...

HAKERLƏR PİSLİK ÜÇÜN YARANIB, YA...?

Öncə sözün etimologiyası barədə. Haker proqramlaşdırmanı çox gözəl bilən, kompüterlər üçün yeni proqramlar yaradan və ya onları dəyişdirən, kompüter texnologiyaların təhlükəsiz fəaliyyətini təmin edə bilən insanlara deyilir. Hakerlər həmçinin o şəxslərdir ki, onlar məişət texnologiyalarına məsələn, radioqəbuledicilərə, printerlərə və ya çiləyici sistemlərə müdaxilə edirlər ki, onların fəaliyyətində maksimum rahatlıq əldə etmək mümkün olsun. Haker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlib.

Onları xarakterizə edən cəhətlərə gəlincə. Nəzərə almaq lazımdır ki, hakerlər əksərən adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır. Bundan başqa, proqramlaşdırmanı çox həvəslə, şövqlə aparır və ya proqramlaşdırmanı nəzəriyyədən daha çox real şəkildə aparmağı xoşlayırlar. Sürətli proqramlaşdırmanı bacarırlar. Onları xarakterizə edən başqa bir cəhət isə kompüterlər üçün zərərli proqramları-virusları hazırlayıb, onları yaymaq və antivirus proqramları satıb pul qazanmaqla həyatlarını qazanmağa çalışırlar.



Bir məqamı da qeyd edək ki, hakerlər ancaq pis məqsədlər uğrunda çalışmırlar. Belə ki, bu sahədə yüksək ixtisaslı proqramçılar da var. O zaman biz haker sözünü daha çox pozitiv mənada, proqramlaşdırmanı yüksək dərəcədə aparan bir şəxs kimi başa düşürük. Bu cür hakerlər daha çox hörmətə layiq görülürlər və onlar əvvəlcədən heç bir hazırlıq görmədən çətin həll olunan problemin həll olunmasına nail olurlar. Şəbəkə miqyasında isə haker o şəxsdir ki, şəbəkənin elementlərinə və kompüterin girişinə nəzarət edir, lazım gəldikdə onları məhdudlaşdırır. Bu şəxslər fərdi şəkildə şəbəkələrin normal fəaliyyətini nizamlayırlar. Bu cür hakerlər həmçinin internet vasitəsilə açılmaz kodları sındırmaqla və internet müharibələrinin iştirakçısı kimi də iştirak edir. Hakerlərin bu cür fəaliyyətləri cəmiyyətdə digər fəaliyyətlərə nisbətən daha dərin iz buraxır. KİV-lərdə əksərən bu cür hakerlərdən danışırlar. Hakerlərin bu fəaliyyəti əksərən neqativ qarşılansa da pozitiv fəaliyyət göstərən hakerlər da mövcuddur.


HAKERLƏ ÜÇ CÜR OLUR: AĞ, QARA VƏ BOZ KEPKALILAR



Ən maraqlı məqam isə heç şübhəsiz ki, hakelərin bölündüyü kateqoriyadır. Mütəxəssislər onları üç kateqoriyaya bölür:
1."Qara kepkalılar" (Black hat)
2. Ağ kepkalılar
3."Boz kepkalılar" (Grey hat)



"Qara kepkalı" hakerlar əsasən illegal - özlərinə aid olmayan və səlahiyyətlərində olmayan sistemlərə daxil olub müxtəlif çaplı zərər verici məqsədli - işlərlə məşğul olduqları halda "ağ kepkalı" hakerlər bunun tərsinə olaraq bu zərərlərin qarşısını almaq və sistemin özünü müdafiə qabiliyyətini artırmaqla məşğul olurlar. "Boz kepkalı" hakerlar isə digər iki növə tam aid edilə bilməyən, yəni həm illegal həm də legal fəaliyyətlərlə məşğul olan şəxslərdir. Hakerların illegal fəaliyyətlərinin arxasında duran səbəblərdən biri də özünü özünə və ya aid olduğu "yeraltı" cəmiyyətinə "sübut etmə" və bəzən də sadəcə olaraq "zövq alma" istəyidir. Bu tip davranışlar daha çox "Boz kepkalılarda" müşahidə olunur. Onu da qeyd etmək lazımdır ki, əvvəllər ümimiyyətlə, haker fəaliyyətlərinə qeyri ciddi yanaşan iri proqram təminatı və kompüter şəbəkəsi avadanlıqları istehsalçıları sonradan bir çox "qara kepkalı" hakerlarla əlaqəyə keçmiş və öz şirkətlərində işlə təmin edərək onların "ağ kepkalı" hakerlar cərgəsinə keçmələrinə səbəb olmuşdur. Bundan əlavə axtarış mühərriklərinin internetdə böyük əhəmiyyət qazanması ilə Axtarış Mühərriki Optimizasiyası(SEO) metodları meydana çıxmışdır. Bu cür metodlar da məhz "Qara Kepka" və "Ağ Kepka" metodları olaraq kateqoriyalaşdırılır.


RUSİYALI HAKERLƏR QƏRBİN QORXULU DÜŞMƏNİDİR



“New York Times” qəzeti yazır ki, Rusiya hakerləri mütəmadi olaraq Qərbin yüzlərlə neft və qaz şirkətinin kompüterlərinə hücum edirlər. Belə hücuma məruz qalan şirkətlər arasında enerji investisiyaları şirkətləri də var. Bu hücumların arxasında nə durur? Ekspertlərin fikrincə, - iqtisadi casusluq. Ancaq Rusiya hakerlərinin hücumları təkcə kompüter sistemlərini yarıb, burdan nəsə öyrənmək deyil. Onlar həmin sənayelərə nəzarəti ələ keçirirlər. Bu təxminən ABŞ və İsrailin Stuxnet kompüter proqramı vasitəsilə 2009-cu ildə İranın nüvə proqramı kompüter sistemi üzərində nəzarəti ələ keçirməsinə və İranın nüvə təchizatının 20 faizini məhv etməsinə oxşayır. Rusiya hakerləri 84 ölkədə 1000-dən çox şirkətə haker hücumu edib. Bunu ilk dəfə 2012-ci ilin avqustunda Kalifortniyada qərarlaşan “CrowdStrike” təhlükəsizlik şirkəti ortaya çıxartdı. Şirkət bildirir ki, Rusiya haker qruplarının enerji şirkətlərinə hücumları həddən artıq yüksək texnologiyalı və agressivdir. İyunun 30-da Kaliforniyadakı Symantec şirkəti hesabat yaydı ki, Rusiya hakerləri Stuxnet növlü proqramlara oxşar proqramdan istifadə edirlər.

MƏŞHUR HAKERLƏR VƏ ONLARA VERİLƏN CƏZALAR



İndi isə tarixdə səs-küy yaratmış hakerlərə keçək.
Bunlardan birincisi Adrian Lamodur. "Evsiz haker" ləqəbi ilə tanınan Lamonun ən çox səs gətirən əməliyyatı “New York Times” və Microsoft un sistemlərinə girmiş olması idi. Eyni zamanda yahoo, “Bank of America”, Citigroup və Cingular sistemlərinə də girmiş ola biləcəyi təxmin edilir. Ona 65,000 dollarlıq cərimə, altı ay ev həbsi və 2 il kompüterə toxunmama hökmü verildi. Cəzasını çəkdi, hazırda sərbəstdir.

Şişirdildiyini deyən haker Mitnick ədalət nazirliyi tərəfindən ABŞ tarixində ən çox axtarılan kompüter günahkarı olaraq tanınır. Haqqında iki film çəkilib. Freedom Downtime və Takedown. Ən məşhur fəaliyyəti: Telefon sistemlərinə, kompüter şəbəkəsinə girib proqram oğurlamaq. Beş il həbs, arxasından 8 ay kompüterə toxunmama cəzası aldı. Cəzasını çəkib, hazırda azadlıqdadır.

Kevin Poulsen - Kod adı Dark Dante olan Poulsenin ən məşhur fəaliyyəti LA radio evinin KIIS-FM telefon xətlərinə girərək özünə çəkilişlə bir “Porsche” və başqa bir sıra mükafat qazandırması oldu. Federal verilənlər bazasına girmək istəyərkən tutuldu. Beş il həbs cəzası alıb. Hazırda azadlıqdadır və jurnalist olaraq işləyir.

Robert Tappan Morris - Dünyanın ilk soxulcan proqramı olan Morris soxulcanının istehsalçısı olan Robert Tappan Morris bu proqramı əslində "internetin nə qədər böyük olduğunu test etmək üçün" yazdığını iddia etməkdə olsa da proqramın çox böyük sayda kompüterə yayıb, şəbəkələri çalışmaz hala gətirməsi nəticəsində tutulub. Üç il cəza alıb, 10.500 USD cərimə ödəyib.

Jonathan James - Haker günahlandırması ilə həbs olunan, mühakimə olunan və hökm alan ilk 18 yaşdan kiçik kompüter istifadəçisi olan Ceyms 16 yaşında həbs olundu. Ən məşhur fəaliyyəti: ABŞ Müdafiə Nazirliyindəki kompüterlərdən birinə bir arxa qapı (backdoor) proqramı yerləşdirib, NASA kompüterlərindən 1.7 milyon dollarlıq proqram oğurlayıb. 10 il cəzalandırılıb, cəzası 6 aya qədər endirilib. Hazırda azadlıqdadır, amma kompüterlərə toxunması qadağan edilib.

Amma tarixdə tanınmış hakerlər qismində Tim Berners-Lee, Linus Torvalds, Larri Uold, Rasmus Lerdorf, Riçard Stollmen, Ceff Raskin, Con MakKarti, Erik Reymond, Robert Morris, Kevin Mitnik, Dennis Riçç və Ken Tompsonun adı çəkilir.

Tarixin ilk hakeri kimi isə Kevin Mitnikin adı hallanır. O, 6 avqust 1963-cü ildə Los Ancelesdə anadan olub. İlk kompüter hakerlərindən olub və onların ən məşhurudur. 15 fevral 1995-ci ildə FBI tərəfindən tutulub. Fujitsu, Motorolla, Nokia və Sun Microsystems kimi şirkətlərin kompüterlərinə icazəsiz olaraq girdiyinə görə 5 il həbs cəzası alıb. Hətta məhkəmə vaxtı hakimə qəhvə hazırlayan maşını belə proqramlaşdıra biləcəyini söyləyən Mitnik, həbsxanada qəhvə hazırlayan maşına yaxınlaşmaq qadağası almış hüquq tarixinin yeganə məhkumudur. Belə cəza almağının bir çox səbəbləri var. Həbsə girməsinə səbəb olan hakim və müstəntiqlərin başlarına oyunlar açmaq və s. Məsələn, telefon öyrənmə sistemini hakimin nömrəsinə yönləndirmiş, başqasının telefonuna bir neçə min dollarlıq danışıq borcu göndərmiş və başqa sevmədiyi birinin telefonunu aylarla bağlatdırmışdı.
Ləqəbi “Kondor”dur.

70-ci illərdə frikinqlə - "telefon xuliqanlığı" ilə məşğul imiş.



ONLARIN GƏLİRLƏRİ XƏRCLƏRİNDƏN 20 DƏFƏ ÇOXDUR

Yaxşı, bəs bunlar bu işdən nə qədər qazanırlar? Kaspersky Lab ekspertləri hakerlərin hücum təşkil etməklə və haker alətlərinin yaradılması ilə nə qədər pul qazandıqlarını hesablayıb. Hesablamalara görə, kiber cinayətkarların əldə etdikləri gəlir xərclərindən 20 qat çoxdur. Məsələn, hər hansı təşkilat və yaxud sosial şəbəkənin saxta səhifəsinin yaradılması fırıldaqçılara 150 dollara başa gəlir. Lakin onların tələsinə təqribən 100 insan düşərsə, bu fırıldaqçılar bundan 10 000 dollar qazana bilər.

Blok edən mobil troyan virusunun proqramının yaradılması və yayılması hazırda hakerlər üçün əhəmiyyətli dərəcədə baha başa gəlir. Təqribən 1000 dollar. Lakin hakerlərin buradan da əldə etdikləri qazanc itkilərindən çoxdur. Fırıldaqçıların smartfonun blokunu açmaq üçün təyin etdikləri məbləğ isə 10 dollardan 200 dollara qədər dəyişə bilər. Bu da o deməkdir ki, 100 potensial zərərçəkmişdən fırıldaqçılar 20 000 dollar qazana bilər.

Bank troyan virusunun işə düşməsi halında birbaşa olaraq istifadəçilərin pullarına "ova çıxmış" hakerlər əhəmiyyətli gəlir əldə edə bilirlər. Sözügedən virusun əldə edilməsinə və lazımi spam-keçidlərə 3000 dollar xərcləməklə kiber cinayətkarlar 72 000 dollar qazanmaq şansı əldə edirlər. Bu halda 1 zərərçəkmiş istifadəçinin itirdiyi orta məbləğ 722 dollar təşkil edəcək.

ABŞ ORDUSUNUN SAYTI DA ONLAR ÜÇÜN TOXUNULMAZ DEYİL

Oktyabr ayında yayılmış bir məlumatda deyilir ki, ABŞ Ədliyyə Departamentinin saytında yerləşdirilmiş xəbərə görə, uç nəfər amerikalı və bir nəfər kanadalı haker ABŞ ordusuna məxsus olan saytı yararaq oradan dəyərli məlumatlar oğurlayıb. Haker dəstəsinin digər şirkətlərin saytlarından da gizli məlumatları oğurladığı üzə çıxıb.

İttiham olunanlar beynəlxalq haker qrupuna daxildirlər. Onlar intellektual mülkiyyətin oğurluğu ilə məşğul olublar. Onların etdiyi oğurluğun dəyəri 100 milyon dollar məbləğində dəyərləndirilib. İstintaq zamanı dörd nəfərdən ikisi öz günahlarını etiraf edib.
Xəbərdə deyilir ki, bu hakerlər 2011-ci ildən 2014-cü ilə qədər kiber hücumlar təşkil ediblər. Microsoft, “Epic Games”, “Valve Corporation” və “Zombie Studios” kimi şirkətlər zərərçəkmişlər sırasındadır. “Apache” hücum helikopterlərinə məxsus proqramların oğurlanması da bu haker qrupunun törətdiyi qeyri-qanuni əməllərdən biridir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.