Qərb Ermənistanda hakimiyyət dəyişikliyi üçün düyməni basıb - FOTOLAR
Ekspert Bakıdakı 12 oktyabr mitinqinin düşmən ölkədəki proseslə bir əlaqəsi olmadığı qənaətindədir
Natiq Miri: “12 oktyabr mitinq elə təəssürat yaradırdı ki, sanki AXCP aldığı və yaxud alacağı maliyyənin hesabatını verirdi, ona görə başqa hər hansı siyasi qüvvənin orada iştirakını istəmirdi”
İşğalçı Ermənistanda ara qarışmaqdadır. Rusiyaya sığınan prezident Serj Sərkisyanın istefası tələbi ilə İrəvanda mitinqlər başlayıb. Ermənistan prezidenti Serj Sərkisyan Minskdə ölkəsinin Avrasiya İttifaqına üzvlüyü haqda sənədi imzaladıqdan sonra İrəvanda müxalif üçlüyün - Çiçəklənən Ermənistan Partiyasının, Erməni Ümummilli Hərəkatının və İrs Partiyasının birgə mitinq-yürüşü olub.
On minlərlə aksiyaçı İrəvanın mərkəzi küçələri ilə yürüş edərək “Serjik, get!” şüarı səsləndirib. Onların önündə erməni mətbuatında “möhtəşəm üçlük” adı verilən keçmiş prezident Levon Ter-Petrosyan, ölkənin ən iri oliqarxı hesab edilən Qaqik Tsarukyan və prezidentliyə keçmiş namizəd Raffi Ovanisyan gedib. Hesab olunur ki, bu, Qarabağ klanının Ermənistanda hakimiyyətdə olduğu 17 ilə yaxın müddətdə hakim klana qarşı formalaşmış ən güclü müxalif alyansdır.
Qaqik Tsarukyan Ermənistan iqtisadiyyatının əhəmiyyətli hissəsinə nəzarət edən, güclü iqtisadi-maliyyə və siyasi rıçaqlara malik olan oliqarx kimi dəyərləndirilir. Bu mənada güman olunur ki, Ermənistanın narazı elektoratının böyük hissəsi bu alyansın arxasındadır. Aksiyaçılar qarşısında çıxış edən Levon Ter-Petrosyan deyib ki, Sərkisyanın rejimi özünü tamamilə tükədib və bu, artıq xarici qüvvələr üçün də aydındır. Onun sözlərinə görə, indi Ermənistanda hakimiyyəti dəyişmək üçün ən əlverişli məqamdır.
Prezidentliyə keçmiş namizəd Raffi Ovanisyan da hakimiyyət dəyişikliyi üçün heç vaxt olmayan imkanın yarandığını deyib. Onun sözlərinə görə, müxalif qüvvələr yekun məqsədə çatana qədər partiya maraqlarını arxa plana keçiriblər və birləşiblər.
Ötən həftənin sonunda Azərbaycanda da müxalifətin bir qrupunun təşkilatçılığı ilə mitinq keçirildi. Düşmən ölkə ilə Azərbaycanda keçirilən mitinqləri Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin rəhbəri Natiq Miri şərh edib.
Natiq Miri
Onun fikrincə, Ermənistanda başlanan son irimiqyaslı mitinqlərdə Qərbin marağı var. Ermənistanın Avrasiya İttifaqına rəsmi qəbul edilməsindən dərhal sonra bu ölkənin daxilində bir proses başladılıb. Bu prosesi birmənalı Ermənistan müxalifətinin adına çıxmaq doğru olmazdı: “Hiss olunur ki, prosesin start götürməsində Qərbin də maraqları çox ciddi şəkildə yer alır. Əks təqdirdə dünənə kimi hakimiyyətin koalisiyasında iştirak eləyən və ən iri oliqarxlardan Çiçəklənən Ermənistan Partiyasının sədri Qaqik Tsarukyanı, bir sıra iş adamlarını bu bilikdə görmək mümkün olmazdı. Tsarukyan və Ter-Petrosyan kimi şəxslərin bir yerdə olması göstərir ki, bu prosesin arxasında çox ciddi qlobal güclərin geosiyasi maraqları durur. Bu gün müxalifətin bir yerdə olması Ermənistanda yaxın gələcəkdə çox ciddi hadisələrin olacağından xəbər verir. Ermənistanda reallaşdırılmaqda olan bu koalisiya və başladılan hərəkat təkcə müxalifətin özünün istəyi ilə baş verməyib. Bu gün Ermənistandakı bütün müxalif rənglər yeni başlanan hərəkatda iştirak edirlər. İndiyə qədər belə hal müşahidə edilməmişdi. Xüsusilə Tsarukyanın prosesdə iştirakı barmaqları məhz Qərbə tərəf yönəldir. Görsəniz ki, həqiqətən də Qərb Ermənistanda müəyyən dəyişikliklərə hazırlaşır, düymə artıq basılıb”.
Ekspertin sözlərinə görə, Serj Sərkisyanın Avrasiya İttifaqına qoşulması Qərbi çox ciddi şəkildə narazı salıb. Qərb dəqiq bilir ki, Ermənistanda maydan hərəkatının başladılması üçün çox münbit bir mühit var. Ona görə də yeni bir hərəkatın başlanması düşünülmüş planın tərkib hissəsidir: “Bu proses Ermənistan xalqının maraqları ilə yanaşı, Qərbin də maraqlarına xidmət edir. Çünki Sərkisyan hakimiyyəti devrilərsə, Ermənistanın Rusiyanın orbitindən çıxma məsələsi ciddi şəkildə gündəmə gələcək. Qarabağda döyüşmüş əli qanlı cinayətkar klan hakimiyyətdən təmizlənəcək. Yeni hakimiyyətlə Türkiyənin münasibətlərini tənzimləmək mümkün olacaq. Bütün bunların müqabilində bütövlükdə Cənubi Qafqazın probleminə çevrilən Dağlıq Qarabağ probleminin həllinə də şərait yarana biləcək. Mən hesab edirəm ki, Ermənistandakı mitinqlər çox incə düşünülmüş böyük bir prosesin başlanğıcıdır. Düşünürəm ki, proses artan xətlə davam edəcək. Tsarukyan kimi simaların iştirakı Ermənistan müxalifətinin maliyyə ilə bağlı hər hansı bir probleminin olmayacağını söyləməyə əsas verir. Maliyyə isə bu cür proseslərin inkişafı üçün lazım olan mühüm faktorlardan biridir”.
N.Miri Ermənistanda keçirilən mitinqlərin, Azərbaycanda Milli Şuranın 12 oktyabrda keçirdiyi mitinqlə müqayisə edilməsinin mümkün olmadığını vurğuladı: “Ermənistanda artıq yuxarıda ifadə etdiyimiz prosesin başlandığı görünür. Həmin mitinqlər də başlanğıcdır. Azərbaycanda Milli Şuranın keçirdiyi mitinq isə hansısa hərəkatın, ciddi prosesi başlanması, özü də Qərbin dəstəyi ilə başlanması demək deyil. Azərbaycandakı mitinq bir qurumun konkret bir məsələ ilə bağlı keçirdiyi özünütəsdiqə cəhd idi. Ermənistandakı mitinqdə bütün müxalifətin birləşdiyi ortada idi. Azərbaycandakı mitinqdə isə müxalifətin bölündüyü ortada idi. Özü də bu bölünməni elə həmin mitinqin təşkilatçılığında əsas rol sahibi olan AXCP rəhbərliyi öz davranışı ilə həyata keçirmiş oldu. 12 oktyabr mitinqi əslində müxalifətin içində olan uçurumu bir qədər də dərinləşdirdi. Mitinq təşkilatçılarının yanlış davranışı bu vəziyyəti yaratdı. Bu xoşagəlməz vəziyyət artıq tendensiya halını almaqdadır”.
Natiq Miri son olaraq dedi ki, 12 oktyabr mitinq elə təəssürat yaradırdı ki, sanki AXCP rəhbərliyi Leyla Yunusların hüquqlarının müdafiəsi adı altında aldığı və yaxud alacağı maliyyənin hesabatını verirdi: “Ona görə başqa hər hansı siyasi qüvvənin orada iştirakını istəmirdi”.