Roma papası Francisin homoseksuallara və boşanaraq ikinci nikaha girənlərə daha iltifatlı münasibət barədə təklif etdiyi hesabat Katolik Kilsəsinin ali orqanı olan sinod tərəfindən rədd edilib.
bu təkliflərin yer aldığı fəsillər səsvermədən keçməyib və sənəddən çıxarılıb.
Müxbirlər bildirirlər ki, katolik kilsələrinin geylərə və boşandıqdan sonra ikinci evliliyə girmiş katoliklərə daha geniş qucaq açmasını nəzərdə tutan müddəalar üzərində xeyli redaktə işi getmiş və bu müddəalar son dərəcə ümumiləşdirlmişdi, lakin buna baxmayaraq hətta belə zəif mətn də sinodu razı salmayıb.
Bu iki müddəa sənəddən çıxarıldıqdan sonra hesabat layihəsi qəbul olunub.
Səsvermədən sonra jurnalistlər və müşashidəçilər qarşısında çıxış edən Roma papası deyib ki, təklif edilən müddəalar barədə “canlı və qızğın mübahisələr getməsəydi və ya əksinə hamı sənədi saxta bir sükutla qəbul etsəydi o, daha çox kədərlənərdi”.
Özünün son dərəcə diplomatik çıxışında Francis ata həmçinin “yazılmış sözdən yapışıb duranların”ın və özlərini “Allahın sürprizlərindən gizlədənlərin” “davakar inadkarlığının” ziyanlarından danışıb.
Xəbər verilir ki, hesabatın təsdiq olunmuş variantından çıxarılmış müddəlarda yazılmışdı ki, “homoseksual insanlar da xristian icmasına töhfə vermək üçün istedad və bacarıqlara malikdirlər”. Təsdiq olunmuş variantda isə deyilir ki, “homoseksuallara qarşı ayrı-seçkilikdən yan keçmək lazımdır”.
Roma papası bildirib ki, hesabat “oradan çıxarılmış hissələr də daxil olmaqla” tam mətndə dərc olunacaq.
Francis ata deyib ki, qəbul olunmuş sənəd hökm və ya “direktiv sənəd” deyil və sözü gedən məsələlərin gələcəkdə də müzakirə ediləcəyi istisna olunmur.
Müxbirlər bildirirlər ki, iki həftə davam edən sinod Katolik Kilsəsinin 21-ci əsrdə insan seksuallığına münasibət məsələsində yaşadığı fikir ixtilafını nümayiş etdirib.
Beləliklə, Roma papasının İncilə işarə edərək “özlərini yazılanların çərçivəsində məhbus etməməyə” çağırdığı kardinallar və yepiskoplar müqəddəs atanın müraciətinə məhəl qoymayıblar.