İcra başçısı 3000 manata görə qoca YAP-çının evini başına uçurtdu
Sovqat Zamanov: «İcra başçısının müavini Allahverdi Səfərov məndən 3000 manat pul istədi ki, qanuni torpağımı özümə qaytarsın»
Zərdab rayonunun Çallı kənd sakini Sovqat Zamanov icra başçısının müavini Allahverdi Səfərovdan şikayətçi düşüb. Bu barədə JAM.AZ-a müraciət edən Zamanov yazır ki, 62 yaşı var və indiyə qədər görmədiyi qanunsuzluqla üzləşib.
Belə ki, onun qoca və savadsız olmağından sui-istifadə edən Zərdabın icra başçısının birinci müavini Allahverdi Səfərovun göstərişi ilə halal torpağının üzərindən çəkdiyi 50 metr uzunluğunda mişar daşından hörülmüş hasar ekskovator vasitəsi ilə yerlə-yeksan edilib. «Səbəb kimi isə onu göstəriblər ki, guya, mən həmin torpağı zəbt etmişəm və qanunsuz hasar çəkdirmişəm. Əslində həmin torpaq mənə məxsusdur. Bunu təsdiq edən sənədlər də var».
Sovqat Zamanov yazır ki, həyətyanı torpaq sahəsi 2200 kv.metirdir və orada 50 metr uzunluğunda mişar daşından hasar çəkdirib. «Çallı kənd icra nümayəndəsi Ramiz Məmmədov gəlib mənə bildirdi ki, sən burada çəkdirdiyin hasar zəbt etdiyin torpağın üzərinə düşür. Mən bundan ötürü Rayon rəhbərliyinə müraciət etdim. Düşündüm ki, qanunu torpağım olduğu üçün rayon rəbərliyi kömək edər. Rayon İcra başçısının müavini savadsızlığımdan istifadə edib, məndən 3000 manat pul istədi. Ki, hasar yerində qalsın. Mən buna qəti olaraq etraz etdim. Səhəri gün başıma bu oynu gətirdilər, qəzəblənib qanunsuz olaraq hasarımı uçurtdular».
Zərdab sakini qeyd edir ki, indiyə qədər rayonun icra başçısı Lütfəli Babayevin bu işlərdən xəbəri olmadığını düşünürmüş. «Lakin məlum oldu ki, elə bu işlərin başında Babayevin özü dayanır. Çünki bu qanunsuzluq barədə ona göndərdiyim teleqramlara, şikayət ərizələrinə indiyə qədər cavab verməyib, qanunu tədbir görməyib».
Zamanov daha sonra bildirir ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Zərdab rayon şöbəsinin texniki səhvi üzündən onlara ayrılmış torpaq sahəsi sənəddə 2200 kv.m göstərmək əvəzinə, 1922 kv.m göstərib ki, bu barədə Callı bələdiyyəsinin sədirinin cavab məktubu var. «Bu boyda qanunsuzluq , özbaşınalıq olmaz. Mən mərhum Prezident Heydər Əliyevin imzası ilə 2002-ci il tarixdən Yeni Azərbaycan Partiyasının üzvüyəm. Zərdabın icra başçısı Lütfəli Babayevin saxtakarlıq , kələk yolu ilə pul qazanmaq ideyasını həyata keçirmək məqsədi ilə mənim əmlakımı məhv etmiş 1-ci müavin Allahverdi Səfərovunun cinayət əməlləri barədə Prezident cənab İlham Əliyevə , Mehriban xanım Əliyevaya və digər aidiyyatı orqanlara şikayət ərizələri ilə müraciətlər etmişəm. İnanıram ki, bu özbaşınalığı, qanunsuzluğu şəxsən cənab Prezident araşdırıb qanunu tədbir görəcək, mənə kömək edəcək».
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.