Ramiz Mehdiyevdən iflas etirafı

31-10-2014, 10:35   
Ramiz Mehdiyevdən iflas etirafı
Adminstrasiya rəhbəri öz günahlarını özgə ünvanda axtarır

Bir neçə gün öncə PA rəhbəri Ramiz Mehdiyev Dövlət İdarəçilik Akademiyasının 15 illiyi ilə bağlı tədbirdə çıxış etdi və müxtəlif sahələrdəki çatışmazlıqları dilə gətirdi. Akdemikin bu tədbirdəki çıxışı geniş müzakirə mövzusuna çevrildi və müxtəlif fikirlərə meydan açdı.
Ötən gün isə “Azərbaycan” qəzetində Ramiz Mehdiyevin DİA-dakı fikirlərinə isitinad edərək, “Mənəviyyat manifesti” adlı geniş məqalə dərc olunub. Bu məqalədə diqqətimizi çəkən odur ki, Ramiz Mehdiyevin DİA-dakı tənqidi fikirləri, daha da genişlənidirilir və ciddi etiraflar səsləndirilir. Səslənən fikirləri qüvvətləndirmək üçün isə, Ramiz Mehdiyevin müxtəlif dövrlərdəki çıxışlarından sitatlar gətirilir.

Müdafiə edilən kimdir?

“Mənəviyyat manifesti” məqaləsini, “İflas manifesti” də adlandırmaq olar. Çünki, bu məqalə ölkədəki vəziyyətin daha ağır olduğunu diqqətə çatdırır. Sanki, o mesaj verilir ki, ölkə iflic vəziyyətdədir və çıxış yolu Ramiz Mehdiyevin əllərindədir
Ramiz müəllimin söylədiklərində cəmiyyətdəki mənəvi nöqsanlardan narahatlıq keçirən ziyalının, bu fəsadlarla barışmaq istəməyən, ictimaiyyəti onların həllinə çağıran bir vətəndaşın ürək ağrısı duyulurdu. Akademik Ramiz Mehdiyevin fikirlərinin geniş təqdimata, şərhə ehtiyacı yoxdur. Çünki yuxarıda qeyd etdiyimiz kimi, bu çıxış artıq gündəmin əsas mövzusudur. Ən əsası isə budur ki, hörmətli akademik hər şeyi açıq, konkret və ünvanlı deyib. Təəssüf ki, akademikin illərdən bəri toxunduğu bu problemlər hələ də aradan qalxmır. Səbəbi çox sadədir. Onların həlli təkcə dövlətdən deyil, məhz cəmiyyətdən, vətəndaşlarımızdan asılıdır. Ən əsası isə ölkə ziyalılarının, elm xadimlərinin nümayiş etdirdikləri passiv mövqedən qaynaqlanır”-deyə məqalədə bildirilir.
Bu fikirləri oxuyanda insanda elə bir təəssürat yaranır ki, Ramiz Mehdiyev PA rəhbəri yox, 150-200 manat təqaüd hesabına yaşayan ziyalıdır. Sanki, uzun müddət ölkəni idarə edən, bütün baş verənlərin ideoloqu o deyil. Axı Ramiz Mehdiyev, kimdən kimə şikayət edir? Bu məqalədə müdafiə edilən şəxs, dövlətin müdafiəsini üzərinə götürmüş şəxsdir. Əgər, akademik uzun illər ölkədə baş verənlərdən ürək ağrısı keçirirsə, niyə bu problemlərin həllinə çalışmayıb? Axı, onun əlini saxlayan kim olub?
Akademik niyə 1 dəfə əzilənin müdafiəçisinə çevrilməyib? Görünür, şərlənərək həbs olunanlar, evi başına uçurulanlar, dilənçi maaşına möhtac qalanlar, ürəyin ağrıması üçün ciddi səbəb deyil.
Elm xadimlərinin, ziyalıların passiv mövqeyinə gəlincə, Ramiz Mehdiyevin rəhbərlik etdiyi adminstrasiya ziyalıdan passivlik tələb edir. Aktiv ziyalı isə, yalnız həbslə mükafatlandırıla bilir.

Radikalizmə yandırılan çıraq

Daha sonra məqalə “Ziyalılar siz kimin yanındasınız” yarımbaşlığı ilə davam etdirilir və Ramiz Mehdiyevin dini radikalizmə qarşı münasibəti önə çıxarılır: “Bu gün cəmiyyətin əsas mənəvi bəlalarından birinə çevrilən dini radikalizm, fanatizm kimi zərərli meyillər barədə ilk həyəcan təbilini çalan 7 il öncə məhz akademik Ramiz Mehdiyev oldu. "Qloballaşma dövründə dövlət və cəmiyyət" əsəri ilə Azərbaycanda dini durumun həssaslığını, din-dövlət münasibətlərini təhlil etdi və bəzi xarici qüvvələrin ölkəmizə dini qruplaşmaların transferi üçün şərait yaratmağa çalışdıqlarını göstərdi. Akademik din xadimlərinə ictimai nüfuzlarını yüksəltməyi, dini etiqadı cahillikdən uzaq, tam kamil səviyyədə həyata keçirməyi tövsiyə edir, onları kənar təsirlərdən qorunmağa çağırırdı”.
Əvvəla, qeyd edək ki, Azərbaycanda 400-dən artıq dini icma qeydiyyatdan keçib və Ramiz Mehdiyev də bundan xəbərdardı. Eyni zamanda bu gün ölkədə bir çox ticarət sahələrini təhlükəli hesab edilən təriqətlər inhisara alıb və Prezident Aparatı da bundan bixəbər deyil. Yəni, radikalizmə “yaşıl işıq” yandırıb, sonra radikalizmin bəlalarından mühazirə oxumaq, inandırıcı görünmür.
Din xadimlərinin cahilliklə mübarizəsinə, ictimai nüfuzlarını artırmasına gəlincə, buna da Prezident aparatı imkan vermir. Belə ki, bugün həbsdə olan ilahiyyatçı alim Tale Bağırzadə də cahilliyə etiraz edirdi, ölkə həqiqətlərini dilə gətirirdi və kifayət qədər də ictimai nüfuza sahib idi. Ancaq, onun bu fəaliyyəti hökumətimizi qorxuya saldı və şərlənərək həbs olunmasına “işıq”yandırıldı. Hacı Mövsüm Səmədov, Hacı Abgül və digərləri də eyni taleyi yaşadılar. Prezident aparatı din xadimindən “rəhbərə dua” tələb edir ki, bu da cahilliyin ən qatı nümunəsidir.

Nigarançılıqla ömür sürən rəhbər

Məqalənin davamında təhsil məsələsinə toxunlur və Ramiz Mehdiyevin hələ uzun illər öncə bu acınacaqlı nəticənin proqnozunu verdiyi vurğulanır: “ Yeni nəslin təhsilə və elmə cəlbinin nöqsanlarından, elmdə baş verən neqativ hallardan ürək ağrısı ilə yazan akademik bu fəsadların illər sonra acınacaqlı nəticələr yaradacağını hələ o zaman bildirirdi. Ötən həftə isə Ramiz Mehdiyev yenə də ziyalı nigarançılığı, vətəndaş yanğısı ilə savadsızlığın geri dönüşündən danışırdı. Əslində, bütün mənəvi bəlalar elə məhz savadsızlıqdan başlamırmı? 15 ildən artıqdır ki, təhsilimiz müxtəlif islahatların, dəyişikliklərin, təsirlərin "laboratoriya mərkəzinə" çevrilib. Hamımız yaxşı bilirik ki, təhsildə yüksək nəticə göstərən şagirdlərimiz məktəblərə yox, məhz hazırlıq kurslarına, "repetitorlara", daha doğrusu, bunları təmin etməyə gücləri çatan valideynlərə borcludurlar. Ali təhsil məktəblərində müəllim nüfuzu tələbədən umulan maddi təmənna qarşılığında hər gün bir az da enir. Universitetlər, akademiyalar nə layiqli təhsil ocağına, nə də mükəmməl elm mərkəzinə çevrilir. Təhsil müəssisələrimiz hələ də "dünya universitetlərinin ilk beşyüzlüyünə, yeddiyüzlüyünə" düşə bilmir”-deyə məqalədə bildirilir.
Göründüyü kimi uzun illər müxalifət mətbuatının yazdıqlarını özləri də təsdiq edirlər və etiraf edirlər ki, təhsilin dərinliklərindəki problemlərdən uzun illərdi xəbərdardılar. Başqa bir məqam ondan ibarətdir ki, məqalədə Ramiz Mehdiyevin bu problemləri uzun illər öncə gördüyü vurğulanır. Bəs, bu öncəgörmə niyə töhfəsini verməyib? PA rəhbəri bu nigarançılıqla necə ömür sürüb? Yoxsa, ən böyük ziyalılıq problemi seyr etməkdən ibarətdir?
Axı, söhbət deputat, icra başçısı, nazir yetişdirən ideoloqdan gedir. Yəni, Ramiz Mehdiyev istənilən problemin həll etmək səlahiyyətinə sahib şəxsdir. Elmə bu qədər hörmət bəsləyən adam, elm adamlarının gözdən salınmasına, müəllimin qayğılar içində yaşamasına, diplomlu gənclərin fəhləlik etməsinə, təhsil haqlarının kəllə-çarxa çıxmasına niyə göz yumub?
Reallıq budur ki, bu hakimiyyət mənəvi bəlaların başladığı yeri genişləndirməklə məşğul olub. Yalançı tənqidin isə, inkişafa köməyi dəyməz

Elm yükü və ən böyük tamaşa


Məqalənin daha bir hissəsi “elmin yükünü kim çəkir? başlığı ilə davam edir və Ramiz Mehdiyevin bu sahədəki fikirlərinə işıq salınır: “Akademik Ramiz Mehdiyev 4 il öncə yazırdı: "Müdafiə şuraları səviyyəsiz araşdırmalara, dissertasiyaların müxtəlif yollarla yazılmasına, müdafiəsinə və elmi adların verilməsinə ciddi və tələbkarlıqla yanaşmır, nöqsanlara göz yumur. Elm bir biznesə çevrilib və istənilən şəxs - dövlət məmuru, yaxud iş adamı müxtəlif yollarla elmi ad almağa nail olur. Elə yaxından tanıdıqlarımız, "elmi potensialına" bələd olduğumuz neçə-neçə adam özünə havadar tapır, qısa zaman ərzində, hətta bəzən 50-60 yaşlarında siyasətşünaslıq, iqtisadiyyat və digər "prestijli" elm sahələri üzrə fəlsəfə doktoru-namizədlik müdafiə edirlər. Müdafiələr yenə də deklarativ xarakter daşıyır, sanki bir tamaşa oynanılır”.
Deməli, hələ 4 il öncədən Elmlər Akademiyasının elmsizlik yuvasına çevrildiyini akademik etiraf edib və bu gün də bu sitatların xatırlanması, onun deməyə əsas verir ki, vəziyyət olduğu kimi də qalıb.
Amma, bir həqiqət də var ki, Elmi adların verilməsinə də “xeyir-dua”nı aparatdan verirlər. Əgər, Elmlər Akademiyası biznes məkanına çevrilibsə, bu məkanın sahibkarı hökumətin başında oturanlardır. Digər tərəfdən sula meydana çıxır. Akademik Ramiz Mehdiyev bütün bu dəhşətlərdən xəbərdar olduğu halda, bugünə qədər vəziyyəti niyə dəyişdirə bilməyib? Əgər, ölkənin 2-ci adamı bu problemlərin həllində aciz qalıbsa, sıravi vətəndaşdan niyə məsuliyyət tələb edir?
Bir sözlə, bu tamaşadırsa, ən böyük aktyorlar hakimiyyətin şinelindən çıxır.

Telekanallar niyə bu gündədir?

Məqalənin sonunda Ramiz Mehdiyev “ mənəviyyat mücahidi” adlandırılır və akademikin ölkə telekanalları ilə bağlı fikirlərinə şərh verilir: “Bu gün gənclərimizin bir qismi məhz teleekranın zombiləşdirdiyi qrupa, onların göstərdikləri, yaydıqları total səviyyəsizliyin, mənəvi aşınmanın qurbanına çevrilib. İstisnasız olaraq bütün kanallar vasitəsilə milli-mənəvi dəyərlərə qarşı yürüdülən "səlib yürüşü", ailə institutunun mənəvi dayaqlarının dağılmasını təbliğ edən verilişlərin artması, sponsor sayəsində "sənətkara" çevrilənlərin, şou-biznesi əxlaqsızlıq və bayağılıq kimi qəbul edənlərin televiziya vasitəsilə gənclər üçün örnək, nümunə kimi sırınması nəticə etibarilə mənəvi bəlalarımızın artmasına xidmət etməliydi və edir də!
Ən acınacaqlı hal odur ki, bu telekanallar "yaxşı və rahat yaşayışın təmini əxlaqa və mənəviyyata zidd getməkdən keçir" kimi meyilləri yaymaqla sanki millətə qənim, düşmən kəsiliblər”-deyə məqalədə bildirilir.
Əvvəla, qeyd etmək lazımdır ki, telekanallara qarşı “səlib yürüşü” məhz Prezident Aparatından başlayıb. Bu “yürüş”ün nəticəsidir ki, bugün telekanallarda siyasi mövzular, siyasilər arasında debatlar, qarşılıqlı polemika, tənqidi proqramlar yer almır. Təcrübə göstərir ki, bugünə qədər efir üzü görən tənqidi proqramlar, bir neçə verilişdən sonra sıradan çıxarılıb. Həmin verilişlərin yerini isə, hakimiyyətin aşırı tərifinə xidmət edən, müxalifətə qarşı şər kampaniyası aparan proqramlar tutub. Dövlət televiziyası statusunu daşıyan AZTV-i isə cəmiyyət tərfindən boykot edilib. Çünki, bu telekanal 1 ailənin həyat hekayəsini təkrar-təkrar tirajlamaqla görəvlidir. Şou-biznesin səviyyəsiz nümayəndələrinin “dəyər”ə çevrilməsinə gəlincə, bu da hakimiyyətin xidmətidir. İstənilən müğənni “Oğuldur İlham” tipli mahnı oxuyaraq, “sənətkar” mandatı ala bilər. Yəni, sənətin və sənətkarın primitivləşməsi, hakimiyyətin avtoritar təfəkkürü ilə bağlıdır.

Hakimiyyət “Azadlıq”dan üzr istəməlidir

Göründüyü kimi bu məqalə Ramiz Mehdiyev şəxsiyyətini göylərə qaldırmaq məqsədilə yazılıb və onun bütün sahələrdəki problemlərlə maraqlandığı təəssüratı yaradılıb. Ancaq, bütün hallarda bu məqalə hakimiyyətin 21 illik təbliğatının iflası və ifşası deməkdir. Daha dəqiq desək İlham Əliyevin “bütün sahələrdə inkişaf var, bəlkə biraz yavaşlayaq” iddiasını, Ramiz Mehdiyevin fikirləri alt-üst edir və “Azərbaycan” qəzeti də bunu ictimailəşdirir.
Bu məqaləni oxuyandan sonra, bu qənaətə gəlirsən ki, hakimiyyət “Azadlıq” qəzetindən üzr istəməlidir. Çünki, təhsildəki bərbad vəziyyət, repetitor problemi, telekanalların səviyyəsiz fəaliyyəti, sənətin qiymətdən düşməsi, elmələr akademiyasındakı vəziyyət və digər məqamlarla bağlı “Azadlıq” qəzeti 20 ildən artıqdır ki, yazır. Və bu həqiqətləri yazdığına görə məhkəmə cərimələri ilə üzləşir, iqtisadi sanksiyalarla üz-üzə qalır.
Bəli, bu fikirləri “Azadlıq”qəzeti səsləndirəndə “vətən xaini”, Ramiz Mehdiyev səsləndirəndə “mücahid” olur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.