Yolun anasını “ağladanlar”

20-11-2014, 08:44   
Yolun anasını “ağladanlar”
“Avtoş”lar barədə bilmədiyimiz gerçəklər



Onlar alkoqolun satılmamasına etiraz olaraq ortaya çıxıblar və indi...
Noyabrın 17-dən 18-nə keçən gecə 01.15 radələrində Bakının Nərimanov rayonunda yol polisi əməkdaşı xidməti borcunu yerinə yetirərkən ağır xəsarət alıb. İnsident Xətai prospekti, 40 saylı evin yanında baş verib. İstintaq tərəfindən Namiq Xanəliyeva məxsus, “Toyota Prado”nun müəyyən edilməyən sürücüsü yol hərəkət qaydalarını pozub, buna görə dövlət yol polis əməkdaşı, 1979-cu il təvəllüdlü Hüseynov Əbuzər Cəbrayıl oğlu tərəfindən saxlanılıb.

Polis sənədləri yoxlamaq üçün əlini açıq pəncərədən içəri salarkən sürücü qəfil pəncərənin şüşəsini qaldırıb və asayiş keşikçisinin əlini sıxıb. Qaydanı pozan qaza basıb. Bu vəziyyətdə polisi bir neçə metr sürükləyib. Hüseynov əlini güclə çıxarıb, sürücü isə hadisə yerindən uzaqlaşıb. İnspektor ağır xəsarət alıb, dirsəyi sınıb və DİN-in hospitalına çatdırılıb...
Bu, Azərbaycan mediasında “avtoşlar”la bağlı yer alan çoxsaylı xəbərlərdən biridir. Amma etiraf etmək lazımdır ki, hələ beləsi olmamışdı. Avtoxuliqanların gecə macəraları, yarışları, əməlləri zaman-zaman medianın gündəminə gəlir. Yol polisinə bu cür xəsarət isə ilk dəfə idi.
Avtoşlar maşınlarını xüsusi olaraq yığdırır
“Yeni Müsavat” Bakı yollarının “qatilləri” ilə bağlı maraqlı bir gəzişmə etdi. Hətta onlardan birini adının çəkilməməsi şərti ilə danışdıra bildi. Şərti adı Eldəniz olan avtoşun 21 yaşı var. 15 yaşından etibarən maşın sürür: “Maşın sürməyi 13 yaşımda atamdan öyrənmişəm. Onun "Mercedes"ində öyrəndim. Sonra gecələr maşınını tez-tez oğurlayıb sürürdüm. Bir-iki dəfə ora-bura sürtdüm, atam duyuq düşdü, gecələr açarı gizlətdi. 15 yaşım olanda atamla əmim mənə ”06" aldılar. Məktəb evimizə yaxın idi, ora maşınla gedib-gəlirdim. Paralel sinifdəki uşaqlardan bir neçəsində də maşın vardı, başladıq gecələr ötüşməyə. İnternetdəki avtoş videolarına baxıb, “tryuklar” öyrəndim".
Müsahibimiz deyir ki, “avtoş”un maşını digər maşınlardan yerlə-göy qədər fərqlənir. Ümumiyyətlə, “avtoş”lar öz maşınlarını xüsusi olaraq yığdırırlar: maşının “burnu”nu yuxarı qaldırırlar, arxa yaylar isə iki barmaq kəsilir. Disklər, pərdə və xüsusi siqnal da “avtoş”un “avtoş” olduğunu sübut edən faktlardandır.
Eldənizin sözlərinə görə, bir maşını “avtoş maşınına” çevirmək üçün 1500-2000 manat lazımdır. Onun estetikasını isə ustalar yaxşı bilirlər. Və daha bir incəlik. “Avtoş”lar çalışırlar ki, onların maşınları ağ, göy, qara rəngdə olsun. Bu, onların “yazılmamış qanunlar”ı sırasındadır.
Və hamının bildiyi o gerçək. Avtoxuliqanlar bir qayda olaraq VAZ-2107 markalı maşın seçirlər. Buna səbəb həmin maşının azçəkili olmasıdır. Belə ki, xarici maşınlar daha ağır çəkilidir və onlarla rahat manevr etmək mümkün deyil. Yaxşı “avtoş” eyni zamanda maşını “xurd-xəşil” olacağı təqdirdə onun taleyini də düşünənlərdəndir. Eldənizin sözlərinə görə, “avtoş”lar sıradan çıxan maşın hissələrini bərpa etmək baxımdan sovet maşınlarını tərcih edir. Çünki onların hissələri xarici maşınlarla müqayisədə ucuzdur.
Yaxşı “avtoş” meyxana dinləyər, ay brat...
“Avtoş”lardan danışıb, onların stilindən yan keçmək günah olar. Onlar daha çox qara rəngli geyimlərə, eynək taxmağa üstünlük verir. Pəncərələrini yay-qış demədən açıq qoymaq, yüksək səslə musiqi dinləmək də bu stili “bəzəyən” detallardandır. Və musiqi demişkən, “avtoş”lar daha çox meyxanaya və Üzeyir Mehdizadəyə üstünlük verirlər. “Ponyatka” isə “avtoş”ların ən vacib silahıdır. Eldənizin dediyinə görə, yaxşı “avtoş” heç zaman qadın sürücülərə problem yaratmır: “Qadınlara həmişə güzəşt eləmək lazımdır. Çünki onlar da hardasa yaxşı bir oğlanın həyat yoldaşıdır. Bir də yaşlı sürücüləri qorxutmaq olmaz. Bizim əslində heç kimə ziyan vermək fikrimiz yoxdur. Sürətli maşını ancaq boş yollarda sürürük, enerjimizi çıxarırıq. Adam öldürən deyilik ki...”
Söhbət zamanı öyrəndik ki, “avtoş”ların ən sevimli məkanları Heydər Əliyev, Azadlıq prospektləri, Nobel, Bakıxanov, Füzuli küçələri, Dağüstü parkdır. Daha bir incəlik. “Avtoş”ların leksikonunda “qırmaq” sözü var ki, onun mənası xeyli dərindir. Belə ki, “avtoş”lar adətən ötmə zamanı öz rəqiblərini çaşdırmağı və özlərinin yaxşı tanıdıqları əraziyə aparmağı sevirlər. Bu zaman rəqibini çaşdırmaq və azdırmaq ehtimalı da var ki, uğur onlarda olur.
Bizim məşhur “avtoş”lar
Keçək Azərbaycandakı məşhur “avtoş”lara. 2013-cü ilin martında Bakı şəhərinin Suraxanı rayonunda, Zığ yolu şossesində ağır yol-nəqliyyat hadisəsi baş verdi. Hava limanı istiqamətində hərəkətdə olan “Mercedes Galendewagen” markalı minik maşını idarəetmədən çıxaraq Azərbaycanın mahir tar ifaçısı, xalq artisti Ağasəlim Abdullayev və ailə üzvlərinin də içində olduğu “VAZ 2106" markalı minik maşınına çırpıldı. Qəza nəticəsində ”VAZ 2106" da olan sərnişinlər, xalq artistinin həyat yoldaşı Brilliant Abdullayeva hadisə yerində, azyaşlı nəvəsi Ağasəlim Abdullayev xəstəxanaya aparılarkən yolda dünyasını dəyişdilər. Xalq artisti Ağasəlim Abdullayev, oğlu Vüqar Abdullayev və gəlini Səadət Abdullayeva isə müxtəlif dərəcəli bədən xəsarətləri aldılar.
2014-cü ilin aprel ayında Bakının Zığ şossesində (aeroport yolu) iki avtomobilin həddən artıq yüksək sürətlə yarışa çıxdığını əks etdirən video yayıldı. Araşdırma nəticəsində məlum oldu ki, avtomobillərdən birinin sahibi Yevlax gömrüyü rəisinin oğlu, DİN-də işləyən Tural Həsənovdur. Gömrük məmurunun oğlu Tural Həsənov 20 sutka azadlıqdan məhrum edildi və polis sıralarından qovuldu.
İkinci sürücü Nicat Məmmədov isə Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Məmmədovun oğlu idi. Hadisədən sonra onun da atası postundan uzaqlaşdırıldı.
Amerikada spirtli içkinin satışına qadağa qoyuldu, “avtoş”luq yarandı
İnternetdəki gəzişmələrimiz zamanı aydın oldu ki, dünyada bu sahənin adı “street racing” - küçə ötüşmələri adlanır. Sözügedən məşğuliyyət 1930-cu ildə Amerikada yaranıb. Özü də maraqlı səbəbdən. ABŞ-da alkoqola qoyulan qadağaya etiraz olaraq küçələrdə “avtoş”ların yarışı təşkil olunub. Amma zaman keçdikcə bu ötüşmələr qeyri-qanuni küçə idmanına çevrilib. Bir qayda olaraq, bu ötüşmələr ictimai yollarda keçirilir. Bəzi hallarda isə planlaşdırılmış aksiyalar kimi də təşkil olunur.
“Avtoş”lar müəyyən kateqoriyaya bölünürlər.
Birinci kateqoriyaya “streetracer”lər - küçələrdə şütüyənlər - aiddir. Onlar üçün başlıca şərt sürət deyil. Burada əsas məsələ avtomobili maşınların arası ilə (“sağ-sol”) məharətlə şütütməkdir. Onlar 180-360 dərəcə bucaq altında dönmək, səkilərə dəymədən “parkovkalamaq” vərdişinə yiyələnirlər. Bura həmçinin “driffinq” - sərt döngələri kəsmək də daxildir.
İkinci kateqoriyaya “speedenqlər” - sürətsevərlər daxildir. Yəni onlar mümkün qədər maşın az olan şosse tapıb, orada qazı axıra qədər sıxıb maksimal sürət yığırlar.
Üçüncü kateqoriyaya isə “draggerslər” aiddir. Onların əsas məqsədi 400 metrlik məsafədə sürəti 0-dan 170-180 dərəcə kilometrə çatdırmaqdır...
Qanunlar, “avtoş”lara cəzalar - 400 manatdan 800 manata qədər...
Yaxşı, bəs qanunlar bu haqda nə deyir? Azərbaycan Respublikasının qanunvericiliyində avtoxuliqanlıqla bağlı cəzalar nəzərdə tutulub: Avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq, pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə - nəqliyyat vasitələrinin idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla 400 manatdan 600 manatdək cərimə edilir və ya nəqliyyat vasitələrinin idarə etmə hüququ bir ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on günədək inzibati həbs tətbiq olunur. Eyni hərəkətlərin il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə nəqliyyat vasitələrini idarə etmək hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla 600 manatdan 800 manatadək cərimə edilir və ya nəqliyyat vasitələrinin idarəetmə hüququ bir ildən iki ilədək müddətə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla on beş günədək inzibati həbs tətbiq olunur.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.