Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sabah (noyabrın 21-də) saat 10-da Sumqayıt şəhərində (Sumqayıt Dövlət Universitetinin foyesi) işsiz və işaxtaran vətəndaşlar üçün Əmək yarmarkası keçiriləcək.
Yarmarkada boş iş yeri təqdim edən müəssisələrin nümayəndələrinin iştirakı da təmin olunacaq. Tədbir zamanı əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnmək məqsədilə peşə hazırlığı kurslarına, ödənişli ictimai işlərə cəlb edilmək, habelə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlərin qeydiyyatı da aparılacaq. Həmçinin Sumqayıt şəhərindəki SYSLAB Təlim Tədris Mərkəzində innovativ metodlarla işaxtarma bacarıqlarının artırılması üzrə təlimlərdə iştirak etmək istəyənlər qeydiyyata alınacaq.
Cari ilin ötən dövründə ƏƏSMN tərəfindən respublikanın 53 şəhər və rayonunda əmək yarmarkaları keçirilib və yarmarkalarda ümumilikdə 1961 müəssisə tərəfindən 16781 boş (vakant) iş yeri təqdim olunub. Bu tədbirlər nəticəsində 4 833 nəfər işsiz və işaxtaran vətəndaşa boş iş yerlərinə göndəriş verilib və onların 80%-ı münasib iş yerləri ilə təmin olunub. Həmçinin 419 nəfər peşə hazırlığı kurslarına, 250 nəfər haqqı ödənilən ictimai işlərə cəlb edilib.
Habelə ali təhsil müəssisələrində “Karyerada ilk addım” devizi altında keçirilən aktiv məşğulluq tədbirlərində 470 müəssisə üzrə 4089 boş (vakant) iş yeri təqdim olunub, 669 nəfər tələbə və məzuna boş iş yerlərinə göndəriş verilib, 2 824 nəfər məzun və tələbənin şəxsi məlumatları (CV) qəbul olunub, 182 nəfər peşə hazırlığına cəlb olunmaq üçun qeydiyyata alınıb.
SYSLAB Təlim Tədris Mərkəzlərində 376 nəfər işsiz və işaxtaran vətəndaşa innovativ metodlar əsasında iş axtarışı bacarıqları aşılanıb ki, onlardan 305 nəfəri artıq özlərinə iş tapıblar.