Hacıbala Abutalıbov gülçülük biznesini inhisara alıb

21-11-2014, 09:53   
Hacıbala Abutalıbov gülçülük biznesini inhisara alıb
Gül bayramında və il boyu parklarda istifadə olunan gül-çiçək heç də xaricdən gətirilmir; BŞİH-in başçısı Bakı kəndlərində istixanalar inşa etdirib, burada “əcnəbi güllər” yetişdirilir və büdcədən hər il 10 milyon manata yaxın pul oğurlanır

“Hacıbala Abutalıbov Bakı kəndlərində - Kürdəxanıda, Maştağada, Buzovnada, Mərdəkanda, Şüvəlanda 10-larla istixana (parnik-red.) saldırıb. O, burada əsasən xarici sort güllər, çiçəklər yetişdirməklə məşğuldur. Eyni zamanda dədə-babadan Bakı kəndlərində yetişdirilən güllər də əkib-becərtdirir. Həmin gül-çiçəklər əsasən Gül bayramında istifadə olunur, həmçinin il boyu Bakıdakı parklara əkilir, mağazalarda satdırılır”.

Bu xəbəri “Yeni Müsavat”ın əməkdaşına Hacıbala Abutalıbova məxsus olan istixanada çalışan bir şəxs deyib. Onun sözlərinə görə, BŞİH rəhbəri Gül bayramında istifadə olunan, həmçinin parklarda əkilən gül-çiçəyi heç də deyildiyi kimi xaricdən gətizdirmir: “Abutalıbov heç zaman xaricdən nə qədər gül alındığını, buna nə qədər vəsait xərcləndiyini açıqlamır. Bu ondan irəli gəlir ki, o, həmin güllərin 80 faizini öz ”parnik"lərində yetişdirir, formal olaraq da 20 faiz güllər Hollandiyadan və digər ölkələrdən sifariş olunur. Amma dövlətə verilən hesabatda qeyd edilir ki, güllərin hamısı xaricdən alınıb.



Bu, heç də belə deyil. Yalnız 2008-ci ilədək güllər xaricdən alınıb, daha sonra paytaxt meri özü Bakıda gül istixanaları inşa etdirib, həmin gül sortlarını burada yetişdirir. Güllərin şitilləri və toxumları Türkiyə və Hollandiyadan gətirilir. Türkiyə sortlarını Bakıda yetişdirmək çox asandır, çünki iqlim şəraiti təxminən eynidir. Hollandiya sortlarına isə xüsusi qulluq edilir, məxsusi dərmanlar, gübrələr verilir. Məsələ ondadır ki, həmin gülləri istixana şəraitində nə qədər desən saxlamaq olur. Amma onları parklara əkdikdən sonra çöl şəraitində bir neçə aydan sonra məhv olub gedirlər, çünki iqlim fərqlidir. Parklara diqqət edin, əkilən güllərin 90 faizi tez bir zamanda məhv olur, amma az sonra gətirib yerinə yenilərini əkirlər. Bu güllər Hacıbala Abutalıbovun “parnik”lərində yetişdirilir və pulla dövlətə satılır".



Qaynağımız dedi ki, Gül bayramında xaricdən gətirilən cüzi hissə gülü dekorasiya işləri zamanı yalnız görünən yerlərə düzürlər: “Qalan bütün güllər isə Bakıda yetişdirilən ”əcnəbi güllərdir". Hər il də Abutalıbov Gül bayramında daha artıq gül gətirildiyini deyir. Həmçinin Bakıda harada boş yer gördülər, lazım oldu-olmadı gül-çiçək mənzərəsi yaradırlar. Bakının icra başçılarına da rayon ərazisində belə mənzərələr yaratmaq tapşırılıb. Həmin güllər Hacıbala müəllimin istixanalarından alınır. Son vaxtlar bu “parnik”lərdən daha çox gül alanlardan biri də Binəqədinin icra başçısı Xaləddin İsgəndərovdur. O da Binəqədinin hər yerində gül-çiçək mənzərələri yaradır. Bunlar elə-belə deyil, sadəcə, Abutalıbov biznesindən daha çox gəlir götürmək istəyir. O, hər il “xaricdən gətirilib” adı ilə dövlətə azı 10 milyon manatlıq gül satır".
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.