Soyuq müharibənin qaynar cəbhə xətti - Dağlıq Qarabağ

21-11-2014, 09:58   
Soyuq müharibənin qaynar cəbhə xətti - Dağlıq Qarabağ
Qərb-Rusiya münasibətlərinin getdikcə gərginləşməsi özünü münaqişə bölgəsində də göstərməkdədir; erməni tərəfinin 12 noyabr təxribatı problemin həllinə ortaq yanaşmanı daha əlçatmaz edib...
Onsuz da durğunluq mərhələsində olan Qarabağ nizamlanması 12 noyabr vertolyot insidenti daha da qəlizə salmış oldu. Erməni tərəfi olayın guya Azərbaycanın məqsədli şəkildə, düşünülmüş addımı olması ilə bağlı iddialar səsləndirirsə, rəsmi Bakı və müstəqil analitiklər daha çox erməninin əli ilə Rusiyanın təxribatı versiyasına kökləniblər.

Sonuncu ehtimal xeyli dərəcədə inandırıcıdır. Ən azı o səbəbə ki, Qərblə Rusiya arasında Ukrayna böhranına görə pozulan və nə vaxt qaydaya düşəcəyi bilinməyən gərgin münasibətlər Qarabağ məsələsinə və bu məsələdə patronajlığa da sirayət edib.

ABŞ və Fransa tərəfindən prezidentlər arasında Qərb şəhərlərində arda-arda təşkil edilən görüşlər, bu görüşlərin məntiqi sonucu olaraq konfliktin nizamlanması yolunda yaranan kövrək ümidlər şübhə yox ki, Moskvada qıcıq yaradırdı. Və həmişə olduğu kimi, Kreml özünün “erməni” adlı maşasını növbəti dəfə, asanca işə sala bilərdi...

Belə görünür, münaqişənin həllində vasitəçilik missiyası tapşırılmış Rusiya və Qərb (ABŞ, Fransa) öncə öz aralarında anlaşmaya, konsensusa gəlməyincə, Qarabağ ixtilafının yaxın perspektivdə dinc həll yolu da əlçatmaz olacaq.



Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu da əmindir ki, Qarabağ məsələsi indiyədək məhz Qərblə Rusiya arasındakı soyuq müharibə səbəbindən yoluna qoyulmayıb. Bu barədə o, “Kanal 24" telekanalına müsahibəsində regional və qlobal problemlərə toxunarkən deyib. Sitat: ”Berlin divarının uçurulmasına rəğmən, Qərblə Rusiya arasında soyuq müharibə mahiyyət etibarilə bitmədi, çünki beyinlərdəki divarlar hələ dağılmayıb. Soyuq müharibə son vaxtlar aydın şəkildə özünü göstərməkdədir və bunun altını Ermənistan, Gürcüstan, Ukrayna çəkməli olur. Heç Qərb də uduşda deyil. Çox vacibdir ki, Rusiya və Qərb keçmişdən dərs götürsünlər və dərk eləsinlər ki, soyuq müharibə nəyə gətirə bilər".

***
12 noyabr insidentinin səbəb-nəticələrindən danışan Rusiyadakı Siyasi Təhqiqatlar Mərkəzinin direktoru Sergey Markov isə Azərbaycan ərazilərində təxribatçı hərbi təlimlərə Qərbin yetərli reaksiya verməməsinə diqqət çəkir. “Vestnik Kavkaz”a müsahibəsində o, qeyd edir ki, Qərb qurumları konflikt zonasında istənilən hərbi təlimləri pisləməli idilər: “Çünki belə təlimlər regionda vəziyyətin daha da gərginləşməsinə xidmət edir. Məncə, bu, təkcə ikili standart siyasəti deyil. Onlar açıq şəkildə, siyasi sifariş əsasında yalan danışırlar”.



Vurğulayaq ki, Qarabağ məsələsinə yanaşmada Qərbin ikili, qeyri-obyektiv yanaşmasından rəsmi Bakı da narazıdır. Rusiyanın mövqeyi bəlli, gerçək budur ki, Ukrayna (Krım) məsələsində prinsipial mövqe tutan və beynəlxalq hüquqdan danışan ABŞ və Avropa Azərbaycana, Qarabağa gələndə nala-mıxa vururlar, işğalçını barmaqla göstərməkdən çəkinirlər. Helikopter olayında da eyni yanaşma özünü büruzə verdi. Hərgah, formal olaraq ölkəmizin ərazi bütövlüyünü tanıyırlar.

“ATƏT-in Minsk Qrupu həmsədrlərinin cəbhə bölgəsində helikopterin vurulması ilə bağlı bəyanatı təxribatdır, mənasız və məntiqsizdir”. Bunu APA-nın məlumatına görə, dünən Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin müzakirəsi zamanı Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərov bildirib.

O, həmsədr ölkələrin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü tanıdığını xatırladaraq deyib: “Bizim qarşımızda bir problem var, bu da Qarabağ problemidir. Minsk Qrupunun həmsədrləri təxribat xarakterli bəyanat veriblər ki, guya vertolyot neytral zonada yerləşir. Biz bunu mənasız bəyanat hesab edirik. Vertolyotun düşdüyü yer Azərbaycan ərazisidir. Həmsədrlərin təmsil olunduğu hər üç ölkə Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tanıyıb. Bu baxımdan Minsk Qrupu həmsədrlərinin bu cür bəyanat verməsi təxribatdır, mənasız və məntiqsizdir”.



Xatırladaq ki, həmsədrlər - İqor Popov (Rusiya), Ceyms Uorlik (ABŞ), Pyer Andriunun (Fransa) birgə bəyanat yayaraq, hərbi helikopterin vurulduğu əraziyə giriş imkanı olmadığına görə narahatlıqlarını ifadə ediblər. Onlar tərəfləri helikopter vurulan ərazidə və ətrafında atəşi dayandırmağa, həmin ərazilərin minalardan təmizlənməsi prosesini asanlaşdırmağa, Soçi, Nyuport və Paris şəhərlərində əldə olunmuş razılıqlara riayət etməyə çağırıblar...
***
Rusiyanın başqa bir tanınmış politoloqu və ictimai xadimi, publisist Andrey Piontkovski öz növbəsində konfliktlərin həllində əsas maneə kimi “Putin faktoru”na toxunaraq deyir: “Qərb uzun müddət Rusiya ilə ümumi dil tapmağa çalışdı, ancaq Qərb artıq qərara gəlib ki, bu adamla danışmaq mümkün deyil. Ancaq Putinin özü çox mürəkkəb vəziyyətdə və olduqca ağır seçim qarşısındadır”.

Erməni saytına müsahibəsinə politoloq bu üzdən çıxış yolu kimi, Kreml başçısının Güney Qafqazda gərginliyi artıra biləcəyini istisna eləmir: “Bu, tamamilə realdır. Söhbət yalnızca son vaxtlar ətrafında durumun kəskinləşməkdə olduğu Dağlıq Qarabağ məsələsindən getmir - bu münaqişənin tərəflərinə Kremlin hər cür təsir rıçaqı və aləti var. Gərginliyin müşahidə edildiyi Gürcüstan da var. Odur ki, Putində Güney Qafqazda qəti şəkildə ”qayda yaratmaq" arzusunun baş qaldıracağı istisna deyil. Və mən tam mümkün sayıram ki, o, öz imicini qorumaq üçün Ukrayna münaqişəsini “dondurub” ardınca Qafqazda hansısa addımlara getsin - hansını ki, artıq etməyə başlayıb. Məsələn, Abxaziya parlamentində Rusiya ilə ümumi ordu yaradılması barədə qanunun müzakirəsi artıq Abxaziyanın da Rusiyaya zorla birləşdirilməsi deməkdir".

Ekspertin əminliyinə görə, Qarabağ münaqişəsi sonasında son gərginlik də müstəsna olaraq Rusiyaya sərfəlidir: “Bu, əlbəttə ki, Moskvaya sərfdir. Rusiyaya davam edən belə münaqişələr əl verir, çünki bu, Azərbaycan və Ermənistanla münasibətlərdə yaxşı təsir alətidir. Ondan da elə Moskva istifadə edir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.