Azərbaycan Fransaya etiraz etdi; səfirliyimiz Bako Saakyanın Paris səfərini araşdırır; Müdafiə Nazirliyindən düşmənin hədəsinə sərt reaksiya: “İrəli hərəkət edən hər bir obyekt vurulacaq; düşmən istəyirsə, gəlib cəsədləri götürsün...”
Nəhayət, Xankəndində separatçı və terrorçu qurum tərəfindən qanunsuz olaraq “mühakimə” olunan azərbaycanlı girovlar, Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı prosesin qanunsuz olduğu beynəlxalq təşkilatlar tərəfindən də dilə gətirilməyə başlayıb. Dörd aydan sonra ilk belə reaksiya ATƏT-in Parlament Assambleyasından gəldi. Assambleyanın vitse-prezidenti Georgi Sereteli deyib ki, o, tanınmamış “Dağlıq Qarabağ respublikası”nda azərbaycanlı girovlar üzərində qurulan “məhkəmə”ni qanuni hesab etmir (APA).
G.Sereteli bildirib ki, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması faktını nəzərə alaraq keçirilən “məhkəmə”nin qanunsuz olduğunu söyləmək olar: “Oxşar məhkəmələr tanınmamış Abxaziyada da keçirilə bilər, amma biz onu tanımırıq. Girovlarla bağlı məsələni biz hələ ATƏT PA-da müzakirə eləməmişik, amma onu deyə bilərəm ki, bu, beynəlxalq prinsiplərə uyğun prinsip olmalıdır və məsələ bu yolla həll edilməlidir”.
Kəlbəcər girovları ilə bağlı sükut nümayiş etdirən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin isə vertolyotun “neytral ərazi”yə düşdüyünü iddia etməsi rəsmi Bakının sərt etirazına səbəb olub. Azərbaycandakı ictimai-siyasi təşkilatlar da birmənalı şəkildə dövlətin mövqeyini müdafiə edib. Müsavat Partiyasının bununla bağlı bəyanatında bildirilir: “BMT Təhlükəsizlik Şurasınin 853 saylı qətnaməsinin qüvvədə olduğu halda, Minsk Qrupunun Azərbaycanın işğal olunmuş ərazilərində ”neytral zona" axtarışları qəbuledilməzdir. Müsavat Partiyası bəyan edir ki, Azərbaycan tərəfi ölkənin işğal olunan bütün əraziləri üzərindəki hava məkanını uçuşlar üçün qapalı zona elan edib. Bu baxımdan, Azərbaycanın hava məkanının və uçuşlarla bağlı qəbul etdiyi qərarları pozan Ermənistana məxsus hərbi helikopterin vurulması tamamilə qanunidir.... Müsavat hadisə ilə bağlı Minsk Qrupunun bəyanatını əsassız, Azərbaycanın suveren hüquqlarına hörmətsizlik, Xarici İşlər Nazirliyinin izahat açıqlamasını isə yersiz hesab etməklə yanaşı, Azərbaycan hakimiyyətindən dövlətin ərazi bütövlüyü, suverenliyinin təminatı ilə bağlı məsələlərdə həm hərbi, həm də diplomatik sahədə təsirli tədbirlər həyata keçirməyi tələb edir".
Ermənilərin təxribatları isə dayanmır. Bu günlərdə Fransanın Buk-Bel-Er şəhərinin meri Rişar Malye ilə Dağlıq Qarabağdakı separatçı rejimin təmsilçisi Narine Aqabalyan tərəfindən işğal altındakı Dağlıq Qarabağın Əsgəran şəhəri arasında “dostluq bəyannaməsi” imzalanıb. Həmçinin Qarabağ separatçılarının lideri Bako Saakyan Fransaya işgüzar səfərə gedir (Modern.az)
***
XİN-in mətbuat katibi Hikmət Hacızadə ilə ATƏT-in anti-Azərbaycan mövqeyi, həmçinin ermənilərin Fransada hərəkətə keçməsi barədə danışdıq. Diplomat bildirdi ki, artıq amerikalı həmsədr Uorlik tərəfindən həmsədrlərin bəyanatına düzəliş hesab edilə biləcək nisbətən fərqli açıqlama verilib və yanlışlıq aradan qaldırılıb. Diplomat ATƏT təmsilçiləri ilə növbəti təmaslar zamanı “neytral ərazi” anlayışının qəbuledilməzliyinin bir daha diqqətə çatdırılacağını bildirdi.
B.Saakyanın Parisə işgüzar səfərə getməsi ilə bağlı rəsmi Bakı öz tərəfindən addımlar atır. H.Hacıyev: “Bu barədə XİN tərəfindən Azərbaycanın Fransadakı səfirliyinə təlimat verilib. Səfirliyimiz tərəfindən Fransanın rəsmi dövlət qurumlarına narazılığımız çatdırılıb və bu istiqamətdə işlər, təmaslar davam etdirilir. Fransa dövləti bəyan edib ki, bu səfər rəsmi xarakterli deyil və ölkənin rəsmiləri ilə rəsmi görüşlər nəzərdə tutulmayıb. Ümumiyyətlə, Azərbaycanla Fransa arasında qarşılıqlı faydalı əməkdaşlığa, hörmətə və dostluğa əsaslanan münasibətlər var”.
Saakyanın səfərinin prezidentlərin Paris görüşündən sonraya təsadüf etməsi həm də Fransanın həmsədr ölkə kimi üzərinə götürdüyü sülh missiyasına və prezident Ollandın təşəbbüslərinə zərbə kimi də dəyərləndirmək olar. Azərbaycan XİN isə bunu Fransanın rəsmi mövqenin nümayişi saymır. Qurumdan hesab edirlər ki, bu, erməni diasporunun təsiri altında olan dairələrin işidir. Bəs, Azərbaycan XİN Fransanın hüquq mühafizə orqanları, yaxud İnterpol qarşısında məsələ qaldırıb vətəndaşı olan separatçı Saakyanın həbsi barədə məsələ qaldıra bilərmi?
H.Hacıyev: “Bu, həmin ölkənin qanunvericiliyi məsələsidir, yəni müdaxilə etmək istəməzdik. Ancaq iddia olunan deklorativ xarakterli sənədlərin heç bir hüquqi gücü yoxdur. Digər tərəfdən, bunlar Fransanın öz qanunvericiliyinə də ziddir. Azərbaycan-Fransa əlaqələri möhkəm dostluq münasibətləri əsasında mövcuddur və Paris tərəfindən Azərbaycanın ərazi bütövlüyü, suverenliyi dəstəklənir. Bu səfər işğalçı rejimin tanıdılması istiqamətində göstərilən cəhddir. Əslində işğalçı rejimin nümayəndələri Ermənistan Respublikasının pasportları ilə səfərlər edirlər. Sonuncu belə hal Kanadanın təcrübəsində müəyyən edildi. Belə ki, özünü işğalçı rejimin ”xarici işlər naziri" adlandıran Karen Mirzoyan adlı şəxsin Kanadaya səfəri olmuşdu. Azərbaycanın Kanadanın səfirliyi Kanadanın immiqrasiya orqanları ilə məsələni araşdıranda aydın olmuşdu ki, bu şəxs Kanadaya Ermənistanın pasportu əsasında turistik xarakterli səfər edir. Saakyanın səfəri də bir Ermənistan vətəndaşının Fransaya turist səfərinə bənzər bir haldır".
Bəs, qondarma qurum təmsilçisinin iştirakçı olduğu tədbilərin dayandırılması üçün cəhdlər olacaqmı? H.Hacıyev: “Azərbaycan səfirliyi, o cümlədən diaspor təmsilçilərimiz bu istiqamətdə aktiv fəaliyyət göstərir. Dəfələrlə olub ki, işğalçı rejimin keçirdiyi tədbirlərdə Azərbaycanın ədalətli mövqeyi çatdırılıb. Bu işlər davam etdirilir”.
“Fransanın Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi sistemli şəkildə Fransanın Dağlıq-Qarabağla bağlı mövqeyini Fransanın siyasi şəxslərinə xatırladır”. Bunu isə APA-nın sorğusuna cavab olaraq Fransanın Azərbaycandakı səfirliyindən bildiriblər. Səfirlik Fransa hökumətinin Dağlıq Qarabağdakı de-fakto hakimiyyətlə heç bir əlaqə qurmadığını və özünü müstəqil elan etmiş bu qurumun Fransa hökuməti qarşısında akkreditasiyadan keçmiş hər hansı nümayəndəliyə malik olmadığını vurğulayıb: “Fransa Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü beynəlxalq səviyyədə qəbul edilmiş sərhədlər daxilində tanıyır”.
****
“Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Ona görə də mən hesab edirəm ki, əgər Ermənistan buradan hərbi və ya hər hansı bir məqsəd üçün istifadə edəcəksə, həmin uçuş zolağı vurulmalıdır”. Arqument.az xəbər verir ki, REAL İdarə Heyətinin üzvü Azər Qasımlı deyib.
Hərbi ekspert Üzeyir Cəfərov Azərbaycan Ordusu tərəfindən vurulan erməni helikopterini işğalçı ölkənin növbəti təxribatı adlandırıb. Onun sözlərinə görə, erməni helikopterinin Azərbaycan torpağında hərbi təlim və uçuş keçirməsi qanunsuzdur: “Ona görə də Azərbaycan tərəfi təcavüzkar ölkənin bu təxribatına və işğalçılıq siyasətinə haqlı cavab verib”.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı isə bir daha bəyan etdi ki, ermənilər özləri təxribat törədib və cavablarını da alıblar. Cəsədlərin götürülməsinin mümkünsüzlüyü barədə iddialara gəldikdə, V.Dərgahlı dedi ki, bunun günahı da düşmən tərəfdədir: “Düşmən özü ərazini atəş altında saxlayır. Biz sadəcə cavab atəşi açırıq”.
Nazirlik rəsmisi düşmənin cəsədləri hərbi əməliyyatla götürə biəlcəyi barədə hədələrini də cavablandırdı: “Biz bəyan etmişik ki, irəli hərəkət edən hər kəsi, hər bir obyekti vuracağıq. İstəyirlər, gəlib cəsədləri götürsünlər. Amma təhlükəsizliyinə qarantiya vermirik. Biz cəsədlərin götürülməsinə görə kiminlə danışmalıyıq? Qarşıda terrorçudur, düşməndir. Bilsinlər ki, istənilən hərəkətin qarşısı alınacaq”.
Dərgahlı Kəlbəcər girovlarının ermənilərin cəsədlərilə dəyişdirilməsi barədə təşəbbüslərə də reaksiya verdi: “Xankəndində girov saxlanılanlar mülki şəxslərdir. Onlar öz dədə-baba yurdlarına gedərkən qanunsuz girov götürülüb. Biz niyə onları kiminləsə dəyişməliyik? Bizim vətəndaşlarımız sadəcə geri qaytarılmalıdır!”
MN təmsilçisi bundan sonra Xankəndi aeroportuna enəcək bütün obyektlərin vurulması və ümumiyyətlə, aeroportun bombardman edilməsi barədə təşəbbüslərə də reaksiya verdi: “Bu gün bütün ərazilərimiz hərbi hava qüvvələrimizin nəzarətindədir. Qanunsuz uçuşlar edənlərin vurulacağı, ya vurulmayacağı barədə isə indidən hər hansı bir söz demək istəmirəm”.
***
Bu arada Ermənistanda müxalif “İrs” Partiyasının lideri, prezidentliyə keçmiş namizəd Raffi Ovanisyan vurulmuş erməni vertolyotuna görə İrəvan hakimiyyətindən izahat istəyib. Virtualaz.org saytı xəbər verir ki, R.Ovanisyan vertolyotun vurulmasına görə Azərbaycanı qınayıb, ancaq o, günahın erməni tərəfində olduğunu deyib. “Nəyə görə vertolyot Azərbaycan mövqelərindən cəmi 150 metr məsafədə düşüb? Heç bir zərurət yox idi ki, vertolyot Azərbaycan mövqelərinin 150 metrliyində döyüş təlimlərində iştirak etsin. Bu sual hamıda yaranır və cavab tələb edir”, - deyə o bildirib.